İnsanlara hürriyət, millətlərə istiqlal!

“Airbus” nümayəndəsi: “Hamburqdakı zavod 18 min nəfərin işlədiyi kiçik şəhərdir”

Almaniyanın Hamburq şəhərində yerləşən “Airbus” istehsal kompleksində azərbaycanlı jurnalistlər üçün təşkil olunan media turu davam edir.

Musavat.com xəbər verir ki, AZAL-ın ilk “Airbus A321neo” təyyarəsinin təhvil verilməsi münasibətilə keçirilən tədbir çərçivəsində “Airbus”-un nümayəndələri jurnalistlərə müəssisənin fəaliyyəti, istehsal imkanları və zavodun tarixi barədə geniş məlumat veriblər.

“Airbus” təmsilçisi Daniel Werdung bildirib ki, Hamburqdakı istehsal kompleksi şirkətin ən mühüm müəssisələrindən biridir. Onun sözlərinə görə, burada “A320” ailəsinə aid təyyarələrin müxtəlif hissələri istehsal olunur, həmçinin həmin təyyarələrin son montaj prosesi həyata keçirilir.

Nümayəndə qeyd edib ki, müəssisədə “A330” və “A350” kimi geniş gövdəli, uzun məsafəli uçuşlar üçün nəzərdə tutulmuş təyyarələrin bölmələri də hazırlanır. Bu modellərin yekun montajı isə Fransanın Tuluza şəhərində aparılır.

Daniel Werdungun sözlərinə görə, Hamburq kompleksi öz miqyasına görə kiçik bir şəhəri xatırladır:

“Burada təxminən 18 min nəfər çalışır. Ərazidə altı restoran fəaliyyət göstərir. Üç avtobus xətti zavodun daxilində fasiləsiz hərəkət edir. Öz yanğınsöndürmə xidməti, tibbi xidmət və hava limanımız var. Sınaq və təhvil-təslim uçuşları da burada həyata keçirilir”.

“Airbus” nümayəndəsi vurğulayıb ki, AZAL üçün hazırlanan və yaxın günlərdə Azərbaycan tərəfinə təhvil veriləcək “A321neo” təyyarəsi də məhz bu müəssisədə son hazırlıq mərhələlərindən keçib.

O həmçinin bildirib ki, Hamburq zavodunun tarixi ötən əsrin 30-cu illərinə gedib çıxır. Həmin dövrdə burada əsasən hidrotəyyarələrin istehsalı həyata keçirilib. Hazırda müəssisənin ərazisində yerləşən “Heritage Island” bölməsində “Airbus” və alman aviasiya sənayesinin tarixi ilə bağlı eksponatlar nümayiş etdirilir.

Qeyd edək ki, AZAL-ın ilk “Airbus A321neo” təyyarəsinin təhvil verilməsi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan mediasının nümayəndələri “Airbus”-un Hamburqdakı istehsal və montaj mərkəzində olublar. Jurnalistlər burada təyyarələrin istehsal prosesini, son montaj xəttini və sınaq uçuşlarına hazırlıq mərhələlərini yaxından izləmək imkanı əldə ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR