Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Musavat.com-un xəbərinə görə, layihə barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deputatları məlumatlandırıb.
Bildirib ki, Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş ölkəmizin təhlükəsizlik arxitekturasını möhkəmləndirən mühüm sənədlərdən biridir:
“Sənəd Milli Məclisə cənab president İlham Əliyevin imzası ilə daxil olub. Sənəd 16 fəsildən ibarətdir, 2025 ci il sentyabr ayının 19 - da Bakı şəhərində müvafiq qurumların rəhbərləri tərəfindən imzalanıb, səlahiyyətli təhlükəsizlik orqanları kimi Azərbaycan Respublikası üçün Dövlət Təhlükəsizliyi Xidməti, Moldova Respublikası üçün isə Təhlükəsizlik və Kəşfiyyat Xidməti müəyyən edilib.
Həmin orqanlar məxfi malumatların qorunmasına, təhlükəsizlik buraxılışlarının verilməsinə və qarşiliqlı nəzaret mexanizmlərinin tətbiqinə cavabdehdirlər.
Sazişdə əsas anlayışlar, səlahiyyətli orqanlar, məxfilik dərəcələri,buraxılışlarıın verilməsi və ötürülməsi, məhvi, müqavilələrin imzalanması, səfərlər, xərclər və mübahisələrin necə həll edilməs öz əksini tapıb”.
A.Nağıyev qeyd edib ki, Saziş iki dövlət arasında informasiya təhlükəsizliyi, kibermühafizə və müdafiə sahəsində əməkdaşlığı daha sistemli və etibarlı əsaslara söykənir:
“Transmilli cinayətkarlıq, terrorizm, kiberhücumlar və regiondakı geosiyasi proseslər göstərir ki, dövlətlər arasında informasiya mübadiləsi ancaq etibarlı qaydalar və qarşılıqlı öhdəliklər əsasında aparılmalıdır.
Bu Saziş ölkələrimiz arasında ötürülən məlumatların məxfiliyini, bütövlüyünü və mühafizəsinin təmin edilməsini hüquqi cəhətdən rəsmiləşdirir.
Sazişin bir mühüm tərəfi ondan ibarətdir ki, hər iki dövlət məxfi məlumatları yalnız səlahiyyətli qurumlar və təhlükəsizlik tələblərinə uyğun prosedurlar çərçivəsində mübadilə edəcək, məlumatların üçüncü tərəflərə verilməsi isə yalnız qarşı tərəfin razılığı ilə mümkün olacaq.
Bu, həm etimad mühitini gücləndirir, ikitərəfli əməkdaşlığın uzunmüddətli davamlılığını təmin edir.
Azərbaycan üçün bu Sazişin əhəmiyyəti ondan ibarətdir ki, Moldova ilə təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir, cinayətkarlıqla mübarizə, kəşfiyyat və əks kəşfiyyat məlumatlarının mübadiləsi və kibertəhlükəsizlik üzrə koordinasiya daha effektiv hala gəlir. Bu, ölkəmizin beynəlxalq tərəfdaşlıq şəbəkəsinin güclənməsinə və regional təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verir”.
Komitə sədri ardınca bildirib:
“Bu gün cənab Prezident İlhanm Əliyevin apardığı müstəqil daxili və xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində etibarlı tərəfdaş kimi çıxış edir və müasir çağırışlara adekvat cavab vermək üçün institusional və hüquqi bazasını davamlı şəkildə təkmilləşdirir.
Bu baxımdan hesab edirik ki, təqdim olunan Sazişin təsdiqi ölkəmizin təhlükəsizlik maraqlarına tam cavab verir, ikitərəfli münasibətləri gücləndirir və regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.
Qeyd etmək istərdim ki, Saziş qeyri-müəyyən müddətə bağlanır. Azərbaycan, rumın və ingilis dillərində imzalanmışdır. Bütün mətnlər eyni dərəcədə autentik sayılır, lakin fikir ayrılığı yarandıqda ingilis dilindəki mətn üstün hesab olunur.
Saziş komitəmizdə müzakirə olunub və plenar iclasa tövsiyə edilib”.
Layihə səsə qoyularaq qəbul olunub.
E.Paşasoy,
Musavat.com
05 Iyul 2026
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ