Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı son açıqlamaları rəsmi İrəvanın Rusiya ilə münasibətlərində geriyə dönüşü çətin olan yeni mərhələyə keçdiyini göstərir. Belə ki, erməni baş nazirin ölkə parlamentində “KTMT Ermənistanı xaric etsə, çox məmnun olaram” deməsi artıq təşkilat daxilində fəaliyyətin "dondurulmasından" daha irəli gedən siyasi mövqedir. Və onun sözlərinə görə, Ermənistan KTMT-da daha əvvəlki formatda fəaliyyətini bərpa etmək niyyətində deyil.
Baş nazir Nikol Paşinyan hesab edir ki, Ermənistanın təşkilatdan çıxarılıb-çıxarılmaması ilə bağlı mövcud dilemmanın KTMT tərəfindən ölkənin xaric edilməsi yolu ilə həlli rəsmi İrəvan üçün daha rahat variant olardı. Beləliklə, erməni baş nazir həm ölkədaxili auditoriyaya, həm də xarici tərəfdaşlara Ermənistanın Rusiyanın patronajlığı altında olan təhlükəsizlik arxitekturasına qayıtmaq niyyətində olmadığının mesajnı verir. Və onun bu siyasi kursunun digər önəmli istiqaməti isə Avropa Birliyinə yaxınlaşmadır.
Maraqlıdır ki, hətta rəsmi İrəvan artıq Avropa Birliyinə üzvlük üçün müraciətin hazırlanması məsələsini də gündəmə gətirir. Əgər, bu proses real siyasi mexanizmə çevrilərsə, Ermənistanın xarici siyasətində Rusiya mərkəzli təhlükəsizlik modelindən uzaqlaşma sürətlənə bilər. Halbuki, bu, uzunmüddətli siyasi, hüquqi və iqtisadi uyğunlaşma tələb edən mürəkkəb prosesdir. Və ona görə də, baş nazir Nikol Paşinyanın indiki mövqeyini daha çox Ermənistanın strateji istiqamət seçimi kimi qəbul etmək mümkündür.

Təbii ki, bu prosesə paralel olaraq, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Cənubi Qafqaz üçün gələcəkdə vahid təhlükəsizlik sisteminin formalaşdırılması ideyasını gündəmə gətirməsi xüsusilə diqqəti çəkir. Belə ki, Hakan Fidan bunun hazırda aparılan konkret danışıqlar olmadığını, yalnız gələcək üçün mümkün ssenari kimi nəzərdən keçirilə biləcəyini vurğulayıb. Və Türkiyə üçün hazırda əsas məsələ Cənubi Qafqaz regionunda uzunmüddətli sabitliyin təmin edilməsi ilə bağlıdır.
Ancaq buna nail olmaq üçün Azərbaycan-Ermənistan yekun sülh sazişinin imzalanması və münasibətlərin normallaşdırılması əsas şərtlərdən biridir. Türkiyə-Azərbaycan hərbi-strateji müttəfiqliyi isə belə bir regional təhlükəsizlik modelinin potensial dayaqlarından birinə çevrilə bilər. Əgər, Azərbaycan-Ermənistan sülh prosesi davamlı xarakter alarsa, Cənubi Qafqazda təhlükəsizlik məsələsinə yalnız Rusiya prizmasından yanaşmaq əvvəlki əhəmiyyətini itirə bilər. Və bu isə Rusiyanın regiondakı hərbi-siyasi rolunun tədricən azalması üçün yeni imkanlar yaradar.
Bu baxımdan, prosesin davamında Rusiya Ermənistandan tamamilə çıxarıla, onun yerini isə Fransa və ABŞ qüvvələri doldura bilər. Ancaq bu ssenarini indiki mərhələdə hələlik razılaşdırılmış plan kimi deyil, mümkün geopolitik ehtimal kimi qəbul etmək daha doğru olar. Eyni şəkildə, Ermənistanın gələcəkdə ordusuz və tamamilə neytral dövlətə çevriləcəyi ilə bağlı ehtimal da ciddi mübahisələrə səbəb ola biləcək ssenaridir.
Digər tərəfdən, Ermənistanın təhlükəsizlik siyasətində baş verən dəyişikliklərin ən önəmli istiqamətlərindən biri də məhz Azərbaycanla münasibətlərdir. Belə ki, rəsmi İrəvan üçün Rusiyanın təhlükəsizlik zəmanətindən uzaqlaşmaq yalnız Kreml ilə münasibətlərin yenidən qurulması demək deyil. Çünki bu addım Ermənistanın Azərbaycanla uzunmüddətli sülh münasibətlərinin necə formalaşdırılacağı ilə bağlı məsələni də ön plana çıxarır.

Təbii ki, Türkiyənin mövqeyi də məhz bu istiqamət üzrə xüsusilə böyük əhəmiyyət qazanır. Belə ki, rəsmi Ankara hazırda həm Bakı ilə strateji münasibətlərini qoruyur, həm də Azərbaycan-Ermənistan normallaşmasını dəstəkləyir. Bu baxımdan, Türkiyə Cənubi Qafqazda Rusiya ilə rəqabət aparan ayrıca hərbi güc olmaqdan daha çox, regional geopolitik və geoiqtisadi inteqrasiyanın əsas aktorlarından birinə çevrilməyə çalışır.
Ona görə də, Cənubi Qafqazda sərhədlərin açılması, nəqliyyat əlaqələrinin genişləndirilməsi və regional ticarətin inkişafı böyük önəm daşıyır. Çünki bu, baş verərsə, Ermənistanın geopolitik seçimi yalnız təhlükəsizlik sahəsi ilə məhdudlaşmayacaq. Yəni, böyük ehtimalla rəsmi İrəvan ölkənin iqtisadi orientasiyasını da dəyişməyə ehtiyac duyacaq. Və bütün bunlar Ermənistan üçün yeni imkanlarla yanaşı, yeni risklər də yarada bilər.
Məsələ ondadır ki, Avropa Birliyi ilə daha sıx inteqrasiya və Türkiyə-Azərbaycan istiqamətində kommunikasiyaların açılması Ermənistan üçün geoiqtisadi baxımdan, yeni imkanlar yarada bilər. Çünki qapalı sərhədlərin açılması, tranzit marşrutlarına çıxış, investisiyaların artması və regional ticarətin genişlənməsi Ermənistan iqtisadiyyatının xarici bazarlara inteqrasiyasını sürətləndirə biləcək önəmli amillərdir. Halbuki, bu prosesin müəyyən sosial-siyasi nəticələri kifayət qədər mübahisəli situasiya yarada da bilər.
Onu da nəzərə almaq lazımdır ki, bütün bunlar Rusiya üçün Cənubi Qafqazla bağlı kifayət qədər ciddi geopolitik xəbərdarlıq xarakteri daşıyır. Belə ki, baş nazir Nikol Paşinyanın KTMT barədə son bəyanatı Rusiya üçün sadəcə, Ermənistanın bu təşkilatda təmsilçiliyi ilə bağlı mövcud şübhələri dərinləşdirməklə məhdudlaşmır. Çünki bu, Rusiyanın postsovet məkanında formalaşdırdığı təhlükəsizlik sisteminin təsir imkanlarının azalma ssenarisinin ilkin göstəricisinə də çevrilə bilər.

Məsələ ondadır ki, Ermənistan KTMT-dan tamamilə uzaqlaşarsa və paralel olaraq, Avropa Birliyinə inteqrasiyanı sürətləndirərsə, Rusiyanın Cənubi Qafqazdakı ənənəvi təsir mexanizmləri öz əhəmiyyətini itirməyə başlayacaq. Üstəlik, bunun ardınca iqtisadi, enerji, nəqliyyat və hərbi-siyasi sahələrdə də yeni balansın formalaşması mümkündür. Halbuki, Ermənistan üçün Rusiyadan uzaqlaşmaq hələlik o qədər də asan məsələ deyil. Çünki iki ölkə arasında uzun illər ərzində formalaşmış iqtisadi, enerji, logistika və digər əlaqələr rəsmi İrəvanın qarşısında olduqca ciddi keçid əngəlləri yaradır.
Ancaq əgər, Ermənistan Rusiya mərkəzli təhlükəsizlik sistemindən uzaqlaşaraq, Qərblə əməkdaşlığı genişləndirərsə, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırarsa və regional kommunikasiyaların açılmasına nail olarsa, onda Cənubi Qafqazda tamamilə yeni geopolitik reallıq yarana bilər. Bu ssenaridə Ermənistanın gələcək taleyi artıq Rusiya ilə münasibətlərdən daha çox Azərbaycan, Türkiyə və Qərb istiqamətində qurulan yeni əlaqələrdən asılı olacaq.
Belə anlaşılır ki, Cənubi Qafqazda əsas dəyişiklik yalnız Rusiyanın regionda rolunun azalması olmayacaq. Daha böyük dəyişiklik bu regionun təhlükəsizlik sisteminin tamamilə dəyişməsi ola bilər. Və bu baxımdan, hazırda o qədər də inandırıcı görünməmiş olsa da, yaxın gələcəkdə Rusiyanın Cənubi Qafqazdan tamamilə kənarlaşdırılması da qətiyyən istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ