Onlayn ictimai-siyasi qəzet
Çin sədri Si Cinpinin Qırğızıstanın paytaxtı Bişkekə gəlişi zamanı maraqlı və bir qədər də təbəssüm doğuran hadisə yaşanıb.
Musavat.com bildirir ki, hadisə avqustun 30-da “Manas” Beynəlxalq Hava Limanındakı rəsmi qarşılanma mərasimində baş verib.
Si Cinpin təyyarədən enərək qırmızı xalı ilə irəlilədiyi vaxt fotoqraflardan biri daha yaxın məsafədən, daha keyfiyyətli foto və video çəkmək üçün protokol xəttinə yaxınlaşıb. Fotoqraf yaxşı kadr əldə etməyə çalışıb, təhlükəsizlik əməkdaşları isə protokol məsafəsinin pozulduğunu düşünərək dərhal müdaxilə ediblər.
Görüntülərdə mühafizəçilərin fotoqrafı qırmızı xalının kənarına apardıqları görünür. Hadisə bir neçə saniyə davam edib və rəsmi qarşılanma mərasimi heç bir problem yaşanmadan davam etdirilib.
Əslində, hər kəs öz işini görüb: fotoqraf mümkün qədər yaxşı kadr çəkməyə, mühafizəçilər isə qorunan şəxslə təhlükəsizlik məsafəsini saxlamağa çalışıblar. Nəticədə isə sosial şəbəkələrdə geniş yayılan maraqlı və bir qədər kurioz görüntü ortaya çıxıb.
Si Cinpin həyat yoldaşı Pen Liyuanla birlikdə dövlət səfəri və Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Qırğızıstana gəlib. Onları hava limanında Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Aygül Japarova qarşılayıblar.
Görünür, həmin gün fotoqrafın istədiyi kadr alınmayıb, amma onun özü günün ən çox izlənilən videosunun qəhrəmanına çevrilib.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ