Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdə Yasamal rayonundakı 98 saylı uşaq bağçasına cəlb olunmuş azyaşlının səhhətində və davranışında neqativ dəyişikliklərin müşahidə edilməsi, habelə aparılmış tibbi müayinələr zamanı orqanizmində sağlamlığına mənfi təsir göstərə biləcək maddələrin aşkarlanması barədə yayılan məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülüb.
Musavat.com xəbər verir ki, azyaşlının valideynləri Dövlət Komitəsinə dəvət olunmuş, onlardan məsələ ilə bağlı ətraflı məlumat alınıb.
"Faktın bütün təfərrüatları ilə birlikdə obyektiv və hərtərəfli araşdırılması, eləcə də azyaşlının hüquq və mənafelərinin qorunmasının təmin edilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciətlər ünvanlanıb.
Hazırda aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir. Araşdırmanın nəticələrinə əsasən qanunvericiliyin tələblərinə uyğun, müvafiq qaydada tədbirlər görüləcək", -komitədən bildirilib.
Qeyd edək ki, Bakıda dövlət bağçasına gedən azyaşlının qanında psixotrop maddə aşkarlanması ilə bağlı iddia yayılıb. Ailə bildirir ki, azyaşlını təxminən bir həftə əvvəl Yasamal rayonunda yerləşən 98 saylı dövlət bağçasına göndərməyə başlayıb. Bundan sonra uşaqda qeyri-adi davranışlar müşahidə olunub.
Valideynlər uşağı tibbi müayinədən keçiriblər. Analizlərin nəticəsində azyaşlının qanında psixotrop maddənin aşkarlandığı bildirilib.
Məlumata görə, valideyn bağçada uşaqları sakitləşdirmək məqsədilə onlara psixotrop tərkibli dərman verildiyindən şübhələnir.
Şahanə Rəhimli
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ