İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin onunla görüşdən niyə imtina edib?

Rusiya Prezidenti Vladimir Putin avqustun 25-də Moskvaya səfər edən Mərkəzi Kəşfiyyat İdarəsinin CIA direktoru Con Retklifflə əvvəlcə şəxsən görüşməyə hazır olub. Lakin amerikalı kəşfiyyat rəhbərinin Moskvaya gətirdiyi mesajın məzmunu Kremlə çatdırıldıqdan sonra görüşün keçirilməsindən imtina edilib.

Musavat.com verir ki, bu barədə “Agentstvo” Kremlə yaxın mənbəyə əsasən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Putin mümkün danışıqlar üçün əvvəlcədən öz qrafikində vaxt da ayırıbmış. Lakin Retkliff Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və FSB direktoru Aleksandr Bortnikovla təmaslarından birini keçirdikdən sonra amerikalı rəsmisinin mesajı Putinə çatdırılıb. Bundan sonra Kremldə CIA direktorunun Putinlə şəxsən görüşməsinin məqsədəuyğun olmadığı qənaətinə gəlinib.

“Agentstvo”nun həmsöhbətinin sözlərinə görə, Retkliff Rusiya rəhbərliyini Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı mümkün qədər tez razılaşmağa çağırıb. CIA direktorunun mövqeyi bundan ibarət olub ki, Rusiyanın hərbi və iqtisadi vəziyyəti pisləşir və Moskva daha da zəifləməyi gözləməkdənsə, indi razılaşma əldə etməkdə maraqlı olmalıdır.

Bu yanaşmanın Kremldə mənfi qarşılandığı bildirilir.

“Onun mesajı elə görünürdü ki, sanki Zelenski artıq Poklonnaya təpəsində dayanıb durbinlə Kremlə baxır. Hamıya aydındır ki, vəziyyət belə deyil”, – Kremlə yaxın mənbə deyib.

O, Rusiya rəhbərliyinin reaksiyasını başqa bir ifadə ilə də təsvir edib:“Deyəsən, Retkliff ünvanı səhv salıb”.

“The New York Times” daha əvvəl CIA rəhbəri Bortnikova Rusiyanın müharibədəki vəziyyəti ilə bağlı “tutqun qiymətləndirmə” təqdim etdiyini yazıb.

Kreml Retklifflə Putinin görüşmədiyini rəsmən təsdiqləyib. Dmitri Peskov bununla yanaşı, CIA direktorunun Rusiya xüsusi xidmət orqanları ilə apardığı danışıqların nəticələrinin dərhal Putinə məruzə edildiyini bildirib.

Avqustun 25-də baş tutan səfər Retkliffin CIA direktoru kimi Moskvaya ilk məlum səfəri olub. O, Rusiyaya Riqada dayanacaq edən ABŞ-ın C-17 hərbi-nəqliyyat təyyarəsi ilə gəlib.

Qərb mediasında səfərin məqsədi ilə bağlı müxtəlif məlumatlar yayılıb. “Axios”un məlumatına görə, Retkliff Donald Tramp, Vladimir Putin və Volodimir Zelenskinin üçtərəfli sammitinin keçirilməsi ideyasını da irəli sürüb.

“The Wall Street Journal” və POLITICO isə CIA rəhbərinin missiyasının başqa bir hissəsinin Rusiyaya NATO ölkələrinə, xüsusilə Baltik dövlətlərinə mümkün hücumla bağlı xəbərdarlıq etmək olduğunu yazıb.

“The Washington Post”un məlumatına görə isə Vaşinqtonda Moskvanın ABŞ-ın İranla uzanan müharibəsini və Amerika silah ehtiyatlarının azalmasını Avropada eskalasiya üçün fürsət hesab edə biləcəyindən narahatlıq mövcud olub. Retkliffin Rusiya tərəfinə Ukraynada ciddi eskalasiyanın əks nəticə verəcəyi və Trampı Zelenskiyə daha da yaxınlaşdıracağı barədə xəbərdarlıq etdiyi bildirilib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR