Onlayn ictimai-siyasi qəzet
Bu gün qardaş Qırğızıstanın paytaxtı Bişkek Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında iştirak edən liderləri qəbul edir. Bişkek dünya liderlərini bir araya gətirən diplomatik platformaya çevrilib.
Zirvə toplantısı ərəfəsində keçirilən ikitərəfli təmaslar arasında ən çox diqqət çəkən görüş Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutub. Görüşdə müzakirə olunan məsələlər və gələcəyə dair qəbul edilən qərarlar beynəlxalq arenada böyük maraq doğurub.
1996-cı ildə beş ölkə tərəfindən yaradılan təşkilatın üzvlərinin sayı bu gün 10-a, dialoq tərəfdaşı olan ölkələrin sayı isə 15-ə çatıb. İki ölkə təşkilatda müşahidəçi statusuna malikdir. Başqa sözlə, ŞƏT çətiri altında 17 ölkə yer alır. Bu ölkələrin ümumi əhalisi Avrasiya əhalisinin 42 faizini təşkil edir.
Yaradılmasının 25-ci ildönümünü qeyd edən ŞƏT regionun ən mühüm siyasi və iqtisadi təşkilatlarından biridir. Təhlükəsizlik, terrorizm, ekstremizm, mütəşəkkil cinayətkarlıq, qanunsuz miqrasiya və sərhəd təhlükəsizliyi kimi məsələlər təşkilatın əsas yaradılma məqsədləri sırasındadır. Eyni zamanda, iqtisadiyyat, energetika, nəqliyyat və dəhlizlər də təşkilatın daimi əsas gündəm mövzularındandır.
Bundan başqa, ŞƏT öz çətiri altında yer alan ölkələrə Qərbdən kənardakı güc mərkəzləri ilə əlaqələr qurmaq imkanı yaradır.
Türkiyə və Azərbaycanın Bişkek Zirvə toplantısında iştirakı böyük əhəmiyyət daşıyır. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ŞƏT toplantısında çıxış etməsi Türkiyə baxımından strateji diplomatik addım kimi qiymətləndirilə bilər. Bu iştirak Türkiyənin çoxtərəfli xarici siyasətini gündən-günə daha da gücləndirir. Türkiyə bir tərəfdən NATO və Avropa Şurası kimi Qərb təşkilatlarında yer alır, digər tərəfdən isə Çin, Rusiya Federasiyası, Mərkəzi Asiya, Qafqaz və digər Asiya ölkələri ilə dərin əlaqələr qurur.![]()
ŞƏT Zirvə toplantısı Azərbaycan baxımından da böyük əhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyevin Zirvə toplantısında iştirakı xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident regionun lideri kimi qəbul olunur. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərini dərinləşdirməsi və həmin ölkələrlə eyni masa arxasında yer alması olduqca mühümdür. Xəzərdən keçən Orta Dəhlizlə Zəngəzur dəhlizi arasındakı bağlantılar da vacib məsələlərdəndir.
Azərbaycanın regional çəkisinin artması və ölkənin çoxtərəfli xarici siyasətinin gündən-günə inkişaf etdiyinin nümayiş etdirilməsi baxımından Azərbaycanın Zirvə toplantısında iştirakı böyük əhəmiyyət daşıyır.
İki qardaş ölkənin – Türkiyə və Azərbaycanın eyni Zirvə toplantısında iştirakı mühümdür. Çünki bu, iki ölkənin Avrasiya siyasətinin üst-üstə düşdüyünü və bir-birini tamamladığını göstərir.

Bundan başqa, iki qardaş ölkə Asiyanı Avropaya, Avropanı isə Asiyaya bağlayan mühüm dövlətlərdir. Azərbaycan həm də Asiyanın Avropaya açılan qapısı və Avrasiyanın əvəzolunmaz, ən mühüm ölkələrindən biridir.
Türkiyə və Azərbaycan həm Qərblə, həm də Şərqlə münasibətləri davam etdirməyi öz xarici siyasətlərinin əsas istiqamətlərindən biri hesab edirlər.
Nəticə etibarilə, ŞƏT çətiri altında yer alan digər ölkələrə nəzər saldıqda təşkilatın yalnız Çin və Rusiya mərkəzli təhlükəsizlik qurumu olmadığı görünür.
Digər mühüm məqam regionda Qərb mərkəzli olmayan, çoxqütblü yeni beynəlxalq nizamın formalaşmasıdır. Çinin iqtisadi iradəsi, Rusiyanın təhlükəsizlik və enerji potensialı, Türkiyə, Azərbaycan və Mərkəzi Asiyanın geostrateji mövqeyi, eləcə də Hindistan və İran kimi ölkələrin iştirakı ŞƏT-i mühüm Avrasiya platformasına çevirir.
Ümumi qiymətləndirməyə əsasən, Bişkek Zirvə toplantısında ŞƏT-in yalnız təhlükəsizlik təşkilatı olmaqdan çıxaraq daha geniş Avrasiya əməkdaşlıq platformasına çevrilməsi diqqəti cəlb edir.
Türkiyə və Azərbaycan üçün əsas fürsət Qərblə münasibətlərini zəiflətmədən Çin, Rusiya və Mərkəzi Asiya ölkələri ilə əlaqələrini inkişaf etdirməkdir. Buna görə də Türkiyə və Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı mövcudluğu Şərqə istiqamətlənmə kimi deyil, Avrasiyadakı bütün güc mərkəzləri ilə eyni vaxtda münasibət qurmaq bacarığı kimi qiymətləndirilməlidir.
Bundan başqa, ŞƏT-in Bişkek Zirvə toplantısında iştirak edən beş türk dövlətinin eyni zamanda Türk Dövlətləri Təşkilatının üzvləri olması da ayrıca əhəmiyyət və məna daşıyır.
Nə mutlu türkəm deyənə!
Hulusi Kılıç
Türkiyənin Azərbaycandakı sabiq səfiri
İMZA İB-nin Türkiyə təmsilçisi
Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun Himayəçilər Şurasının üzvü
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ