İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla sülh Ermənistanın suverenliyini gücləndirir - Paşinyan açıqlama verdi

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün ölkəsinin suverenliyinin möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Musavat.com xəbər verir ki, Paşinyan bunu Bişkekdə keçirilən “ŞƏT Plus” formatında görüş zamanı deyib.

Baş nazirin sözlərinə görə, Ermənistan çoxvektorlu xarici siyasət yürüdür və bu siyasətin əsas məqsədi ölkənin suverenliyini qorumaq və gücləndirməkdir.

Paşinyan qeyd edib ki, İrəvan müxtəlif geosiyasi mərkəzlər arasında balansı qorumağa çalışır. Onun sözlərinə görə, bu mərkəzlərdən birinin təsiri həddindən artıq artaraq Ermənistanın müstəqilliyi üçün risk yaratdıqda, İrəvan digər güc mərkəzləri ilə münasibətlərini fəallaşdırır.

Ermənistan hökumətinin başçısı vurğulayıb ki, davamlı münaqişə şəraitində tam suverenlik mümkün deyil. Bu səbəbdən Ermənistan İran və Gürcüstanla dostluq əlaqələrini qorumaqla yanaşı, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində də fəaliyyət göstərir.

Paşinyan bildirib ki, ötən il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında əldə olunan sülh bu prosesə praktiki xarakter verib.

Onun sözlərinə görə, hazırda Ermənistan Azərbaycan və Türkiyə ilə birlikdə regiondakı kommunikasiyaların açılması üzərində çalışır. Bu istiqamətdə TRIPP layihəsi də nəzərdə tutulur.
Paşinyan praktiki işlərin yaxın aylarda ərazidə başlamasının gözlənildiyini açıqlayıb.

Baş nazirin sözlərinə görə, yeni marşrutlar təkcə Şərq-Qərb istiqamətində – Xəzər dənizindən Aralıq dənizinə qədər nəqliyyat əlaqələrinin qurulmasına deyil, həmçinin Şimal-Cənub xətti üzrə Fars körfəzi ilə Qara dənizin birləşdirilməsinə imkan yaradacaq.

Paşinyan son illərdə Ermənistanın bir sıra ölkələrlə strateji münasibətlər qurduğunu da bildirib. O, Gürcüstan, Çin, Qazaxıstan, ABŞ və bir sıra Avropa ölkələrinin adlarını çəkib.

Ermənistanın Hindistan və İranla münasibətlərinin isə faktiki olaraq strateji xarakter daşıdığını deyən Paşinyan bu əlaqələrin hazırda sənədləşdirilməsi istiqamətində iş aparıldığını qeyd edib.

Baş nazir əlavə edib ki, bu gün Rusiya Prezidenti Vladimir Putinlə də görüş keçirəcək. Görüş zamanı Ermənistan-Rusiya münasibətlərinin gələcək inkişaf perspektivlərinin müzakirə olunacağı gözlənilir.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR