Onlayn ictimai-siyasi qəzet
“Diplomatiyada bir ölkənin gücü yalnız onun ərazisi, əhalisi və iqtisadi imkanları ilə ölçülmür. Əsas məsələ beynəlxalq qərarların qəbul olunduğu masada hansı mövqedə əyləşməyindir. Azərbaycan artıq sadəcə həmin masada iştirak edən deyil, müxtəlif siyasi qütbləri bir masa ətrafında toplayan dövlətə çevrilir. Bu isə təsadüfi uğur yox, Prezident İlham Əliyevin illərdir həyata keçirdiyi müstəqil, praqmatik və çoxşaxəli xarici siyasətin məntiqi nəticəsidir”.
Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Parlamentari vurğulayıb ki, Azərbaycanın MDB-yə ilk dəfə sədrlik etməsi ilə bağlı bu gün qəbul edilən qərar, eləcə də gələn il İslam Əməkdaşlıq Təşkilatının, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə görüşlərinə ev sahibliyi etməyimizlə bağlı verilən qərarlar mühüm reallığı ortaya qoyur:
“Bakı artıq yalnız regional proseslərin iştirakçısı deyil, beynəlxalq siyasi gündəliyin formalaşmasına təsir göstərən mərkəzlərdən biridir. Burada maraqlı geosiyasi mənzərə yaranır. Bir-biri ilə bəzən rəqabət aparan, hətta ciddi fikir ayrılıqları yaşayan siyasi məkanlar Azərbaycanla əməkdaşlıqda ortaq maraq tapırlar. Postsovet məkanı, İslam dünyası, türk dövlətləri və Avropa siyasi platformaları... Coğrafiyalar fərqlidir, maraqlar müxtəlifdir, amma Azərbaycanın diplomatik çəkisi bütün bu istiqamətlərdə qəbul olunur. Bu gün dünyada çoxları hansısa siyasi düşərgəyə qoşulmaqla güclənməyə çalışır. Azərbaycan isə heç bir güc mərkəzinin əlavəsinə çevrilmədən öz siyasi çəkisini artırır. Əlbəttə, beynəlxalq tədbirlərə ev sahibliyi etmək sadəcə qonaq qarşılamaq, protokol görüşləri keçirmək deyil. Bu, gündəliyə təsir etmək, yeni tərəfdaşlıqlar yaratmaq, iqtisadi və nəqliyyat layihələrini irəli aparmaq, ən əsası isə milli maraqları beynəlxalq müzakirələrin mərkəzinə çıxarmaq imkanıdır”.
Deputat hesab edir ki, Azərbaycan üçün bütün bunların konkret siyasi dividendləri var:
“İlk növbədə, ölkəmizin Cənubi Qafqazda formalaşan yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasındakı rolu daha da güclənir. Sülh prosesindən regional kommunikasiyaların açılmasına, Orta Dəhlizdən enerji təhlükəsizliyinə qədər mühüm məsələlərdə Azərbaycanın mövqeyi daha geniş auditoriyaya çatdırılır. Artıq regionla bağlı qərarların Azərbaycanın maraqları nəzərə alınmadan verilməsi getdikcə çətinləşir. Digər mühüm məqam siyasi etimaddır. Beynəlxalq nüfuz təkcə yüksək tribunadan çıxış etməklə qazanılmır. Bunun üçün sözünün çəkisi, qərarlarının ardıcıllığı və müstəqil mövqeyin olmalıdır. Azərbaycan məhz bu xüsusiyyətləri ilə fərqlənir. Bir vaxtlar Azərbaycan haqqında beynəlxalq platformalarda başqaları danışırdı. Bu gün isə Azərbaycan həmin platformalarda özü danışır, təşəbbüs irəli sürür, tərəfdaşları bir araya gətirir. Bu, ölkəmizin keçdiyi siyasi yolun ən mühüm göstəricilərindəndir. Əsl diplomatik uğur hamının səninlə razılaşması deyil, fərqli mövqelərdə dayananların belə səninlə hesablaşmasıdır. Azərbaycan bu mərhələyə yüksəlib. Qarşıdakı illərin beynəlxalq tədbirləri də göstərir ki, Bakı artıq sadəcə dünya siyasətinin xəritəsində yerləşən paytaxt deyil. O, həmin xəritədə siyasi marşrutların müəyyənləşdirildiyi mühüm ünvanlardan birinə çevrilir”.
Cavanşir Abbaslı
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ