Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Ermənistan arasında sülh prosesi yeni mərhələyə qədəm qoyur. Ermənistanın baş naziri Nikol Paşinyan sülhün artıq reallığa çevrildiyini bəyan etsə də, əldə olunan razılaşmaların real nəticələrə çevrilməsi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və TRIPP marşrutunun reallaşdırılması qarşıda mühüm vəzifələr kimi dayanır. Eyni zamanda, Cənubi Qafqazda yeni nəqliyyat və iqtisadi əlaqələrin formalaşması region ölkələri üçün əlavə imkanlar yaradır. Lakin prosesin uğuru Ermənistanın üzərinə götürdüyü öhdəlikləri nə dərəcədə yerinə yetirəcəyindən və Azərbaycanın suverenlik, ərazi bütövlüyü və təhlükəsizliklə bağlı tələblərinə necə yanaşacağından da asılıdır.
Sülhün real nəticələrə çevrilməsi üçün növbəti mərhələdə hansı addımlar atılmalıdır?

Politoloq Züriyə Qarayeva Musavat.com-a bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin növbəti mərhələsində əsas məsələ əldə olunmuş siyasi razılaşmaların konkret nəticələrə çevrilməsidir:
“Nikol Paşinyanın sülhün artıq reallığa çevrildiyini bəyan etməsi müsbət siyasi mesajdir. Lakin sülh yalnız bəyanatlarla deyil, tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə möhkəmlənir. Bu baxımdan sülh sazişinin imzalanması və qüvvəyə minməsi üçün zəruri addımların atılması, sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsi və nəqliyyat kommunikasiyalarının açılması əsas prioritetlərdir. Azərbaycan üçün xüsusilə Naxçıvanla maneəsiz nəqliyyat əlaqəsinin təmin olunması strateji əhəmiyyət daşıyır. TRIPP marşrutunun reallaşdırılması isə yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi və tranzit imkanlarının genişlənməsi baxımından mühüm perspektivlər yarada bilər. Ermənistanın qarşısında duran əsas vəzifə sülh prosesinə dair siyasi iradəsini praktik addımlarla təsdiqləməkdir. Burada Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsi, qarşılıqlı ərazi iddialarının istisna olunması, sərhəd təhlükəsizliyinin təmin edilməsi və kommunikasiyaların açılması ilə bağlı razılaşmaların icrası xüsusi əhəmiyyət daşıyır. Ermənistan Konstitusiyası ilə bağlı Azərbaycanın qaldırdığı narahatlıqların aradan qaldırılması da yekun sülh sazişinə gedən yolda mühüm məsələlərdən biridir. Eyni zamanda, TRIPP layihəsinin həyata keçirilməsi üçün hüquqi, texniki və təhlükəsizlik mexanizmləri dəqiqləşdirilməlidir. Əgər tərəflər razılaşmaları ardıcıl şəkildə həyata keçirə bilsələr, Cənubi Qafqaz uzun illər davam edən qarşıdurma məkanından iqtisadi əməkdaşlıq və regional əlaqələndirmə məkanına çevriləcək”.
Cavanşir Abbaslı
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ