İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən ABŞ-yə xəyanət ittihamı?  

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun Kiyevə ballistik raket hücumu zamanı ölkəsinin tərəfdaşlarından vaxtında kəşfiyyat məlumatı almadığını açıqlayıb.

Musavat.com xəbər verir ki, oktyabrın 12-də axşam saatlarında Rusiya Kiyevə beş ballistik raketlə zərbə endirib.

Zelenskinin sözlərinə görə, raketlər paytaxtın mülki infrastrukturunu hədəfə alıb, lakin Ukrayna tərəfi onların buraxılması barədə əvvəlcədən xəbərdar edilməyib.

“Rusiyanın ballistik raketlərinin buraxılması barədə kəşfiyyat məlumatları insanların həyatını xilas etməyə kömək edir”, – deyə Zelenski bildirib.

Diqqətçəkən məqam odur ki, Kiyevdə hava həyəcanı siqnalı yalnız ilk partlayışlardan sonra verilib.

Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat gecikmə faktını təsdiqləyib. O, bunun texniki nasazlıqla əlaqəli ola biləcəyini və səbəblərin tərəfdaşlarla birlikdə araşdırılacağını bildirib.

Hadisə ABŞ-nin Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini məhdudlaşdırıb-məhdudlaşdırmadığı barədə suallar doğurub. Lakin Vaşinqtonun bu məlumatların paylaşılmasını dayandırdığına dair təsdiqlənmiş sübut yoxdur. Hərbi analitik Rob Li və “InformNapalm” araşdırma qrupu oxşar gecikmələrin əvvəlki illərdə də baş verdiyini xatırladıblar.

Bununla belə, hadisə Vaşinqtonla Kiyev arasında son fikir ayrılıqları fonunda diqqət çəkir.

“Reuters” agentliyinin məlumatına görə, oktyabrın 9-da Mayamidə keçirilən danışıqlarda ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Ukrayna nümayəndə heyətindən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb ediblər.

Məlumata əsasən, Vaşinqton Rusiya dizel yanacağının dünya bazarına çıxarılması ilə bağlı razılaşmaların Moskvanın mövqeyini yumşaldacağına və Vladimir Putinin sülh danışıqlarına qayıtmasına kömək edəcəyinə ümid edir.

Bununla belə, Mayami görüşündə ABŞ tərəfindən Ukraynaya hərbi və ya kəşfiyyat yardımının dayandırılması ilə bağlı birbaşa hədə səsləndirilməyib.

Beləliklə, Kiyevin raket hücumu barədə niyə vaxtında xəbərdar edilmədiyi hələ aydınlaşdırılmayıb. Hadisənin ABŞ-nin Ukraynaya dəstək siyasətində dəyişikliklə əlaqəli olduğu isə təsdiqlənməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR