İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın iki qonşusu arasında didişmə - Bakı qarışsa...

Son həftələr İranla Gürcüstan arasında gərginlik müşahidə olunur. Tiflis Tehrana qarşı aviasiya sanksiyalarına qoşulduqdan sonra qarşılıqlı ittihamlar, bir-birinə hörmətsizlik başlayıb. Əvvəlcə İranın Gürcüstandakı səfiri bu ölkənin ərazi bütövlüyünü şübhə altına alan xəritə paylaşmışdı.

5285123486307261298

Səfir Seyid Əli Mocani bu dəfə gürcülərin tarixində ehtiram göstərdikləri kraliçaya ilişib. Diplomat ölkənin tarixi və kraliça Ketevan haqda sosial media paylaşımlarından sonra Xarici İşlər Nazirliyinə çağırılıb. Nazir müavini Aleksandr Xvtisiaşvili diplomata bildirib ki, onun açıqlamaları "diplomatik fəaliyyətin əhatə dairəsindən kənara çıxır".

Xvtisiaşvili bu cür açıqlamaların ictimai rəyə mənfi təsir etdiyini qeyd edib. O, İran tərəfinin bu cür hadisələrin təkrarlanmaması üçün müvafiq tədbirlər görəcəyinə və Tiflisin əlavə tədbirlər görməyə məcbur qalmayacağına ümid etdiyini bildirib. Nazir müavini, həmçinin, xatırladıb ki, Gürcüstanda akkreditə olunmuş xarici diplomatlar öz mandatları və səlahiyyətləri çərçivəsində hərəkət etməli, diplomatik münasibətlər normalarına riayət etməli və qəbul edən ölkənin tarixini və daxili işlərini şərh etməkdən çəkinməlidirlər.

Səfirin açıqlaması gürcü siyasətçilərinin də tənqidinə səbəb olub. Parlamentin beynəlxalq münasibətlər komitəsinin sədri Nikoloz Samxaradze bildirib ki, Mojani diplomatik protokola riayət etməli və tarixi şərhlər verməkdən çəkinməlidir.

Musavat.com-a danışan siyasi ekspert Ramiyə Məmmədova iki ölkə arasında baş verənlərin böhran səviyyəsinə çatacağını gözləmir.

ABŞ-Gürcüstan münasibətlərində İran düyünü: Kriptoplatforma üzərindən  qurulan şəbəkə ilə bağlı SENSASİON DETALLAR | No Comment

Onun fikrincə, Gürcüstanın ABŞ ilə yaxınlaşma istəkləri İran tərəfindən qıcıqla qarşılanır, amma Tehranın səfirin dili ilə verdiyi reaksiya da adekvat deyil: "İranlı səfir gürcüləri ikinci dəfə aşağılayan ritorika və tərzdən istifadə edir. Bu, diplomata yaraşan üsul deyil. Heç bir səfir fəaliyyət göstərdiyi ölkədə onun ərazi bütövlüyünü, tarixini, mədəniyyətini, siyasi xadimlərini aşağılaya bilməz. Tehranın narazılığı varsa, bunu diplomatik tərzdə çatdırmalıdır. Amma İran rejiminin nümayəndəsi kobud formanı seçib, bu da Tiflisin haqlı etirazına səbəb olub. Söhbət ondan getmir ki, hansı tərəf həqiqəti söyləyir, məsələ səfirin Gürcüstana hörmətsizliyindən gedir".

Ramiyə Məmmədova güman edir ki, bu gərginlik çox irəli getməyəcək: "Gürcüstan hökuməti ABŞ ilə deyildiyi səviyyədə yaxınlaşa bilməz. Buna Rusiya amili təsir edir. Digər tərəfdən, İrandan bütün ölkələrə demək olar ki, uçuş yoxdur, tək Gürcüstana deyil. Əsas məsələ noyabr seçkilərini gözləməkdir. Tramp elan edib ki, aralıq seçkilərindən sonra İrana zərbələr bərpa oluna bilər. Bu bəyanatla eyni vaxtda ABŞ Yaxın Şərq sahillərinə daha bir təyyarədaşıyan gəmi və hərbi heyət göndərib. Bu da İrana növbəti zərbələrin olacağı gözləntisini artırır. Belə bir şəraitdə Gürcüstanla İranın problemi arxa plana keçəcək".
Azərbaycana gəldikdə, ekspert Tehranla Tiflis arasında barışıq üçün vasitəçi olmağımızı mümkün sayır. Onun fikrincə, Azərbaycan bir vaxtlar Türkiyə - İsrail, Türkiyə-Rusiya danışıqlarında mühüm rol oynayıbsa, iki qonşu ölkə üçün də vasitəçi olmağa hazırdır: “Biz regionda sülh, sabitlik və əməkdaşlıq çərçivəsində yaşamağı dəstəkləyirik".

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR