Onlayn ictimai-siyasi qəzet
Qoşulmama Hərəkatının üzü olan ölkəmizin gərginliyin heç səngimədiyi regionda neytral qalması mümkündürmü - rəy
Dekabrın 11-12-də Gürcüstanın baş naziri İrakli Kobaxidze Türkmənistanın neytrallığının ildönümünə həsr olunmuş beynəlxalq forumda iştirak etmək üçün Aşqabadda olub. Bu səfər son aylar siyasi kuluarlarda Gürcüstanın da neytral status alması barədə artan müzakirələr fonunda diqqət çəkib. Gürcüstan Konstitusiyasının 78-ci maddəsində göstərilir ki, dövlətin hədəfi NATO və Avropa İttifaqına üzv olmaqdır.
Rusiyaya bağlılığı şübhə doğurmayan iki siyasi qrup isə son aylar fəal şəkildə bu maddənin ləğvini tələb edir. İddia olunur ki, neytrallıq təklifini müdafiə edənlər Rusiyaya yaxındırlar. Bununla belə, ölkə hakimiyyəti hələ də neytrallıq məsələsini ictimai müzakirəyə çıxarmağa tələsmir.
Azərbaycan rəsmi olaraq “neytral dövlət” statusuna malik olmasa da, faktiki olaraq balanslaşdırılmış və çevik xarici siyasət yürüdür, beynəlxalq hüquqa sadiq qalaraq müxtəlif güc mərkəzləri arasında vasitəçilik platforması olmağa çalışır, bu da onu daha praktiki və dayanıqlı “neytral” model edir. Bu siyasət enerji müstəqilliyi, diplomatik çeviklik və beynəlxalq əməkdaşlığa əsaslanır. Türkmənistan kimi rəsmi olaraq BMT tərəfindən tanınan “neytral dövlət” statusu olmasa da, Azərbaycanın praktiki fəaliyyəti onu klassik neytral dövlətlərdən fərqləndirir, çünki o, daha çox aktiv diplomatiya və strateji balansla seçilir. Beləliklə, Azərbaycan “neytral dövlət” adını daşımır, lakin “praktiki neytrallıq” modelini uğurla tətbiq edir.
Bir ölkənin neytral statusu nədir?
Ölkənin neytral statusu və ya neytrallığı beynəlxalq hüquqda dövlətin cəlb edilə biləcək beynəlxalq münaqişə, müharibə hərəkətlərindən çəkindirdiyi mövqe (status) deməkdir. Yəni ölkə başqa dövlətlər arasında müharibələrdə iştirak etmir, hərbi-siyasi bloklarda iştirakdan imtina edir və onlara qoşulmur, hərbi arsenalını azaldır.
Əvvəlcə neytral dövlətin vəzifələrinə yalnız müharibədə silahlı iştirakdan çəkinmək daxil idi, lakin ərazisindən döyüşən qoşunların keçməsi qadağan deyildi. Sonralar bu statusun öhdəlikləri sırasına müharibə aparan dövlətə hər hansı yardımdan tamamilə imtina da daxil edildi. Beynəlxalq hüquqa görə, neytral status ölkələr arasında hərbi münaqişə zamanı ölkəyə üç məhdudiyyət qoyur:
- döyüşən tərəflərə öz silahlı qüvvələrini verməmək;
- öz ərazilərini döyüşən tərəflərin istifadəsinə verməkdən (baza, tranzit, uçuş və s.) imtina etmək;
- silah və hərbi malların tədarükü zamanı tərəflərdən heç birinə qarşı ayrı-seçkilik etməmək. Yəni məhdudiyyətlər ya eynidir, ya da, ümumiyyətlə, olmamalıdır.
Qeyd edək ki, Avstriya, Kamboca, Laos, Malta, Türkmənistan və İsveçrə bu statusu alıblar. Qonşu ölkəyə gəlincə, “Neytral Gürcüstan” siyasi təşkilatı bu təbliğatı aparan əsas siyasi qüvvələrdən biridir. Bundan əvvəl, 2022-ci ildə Gürcüstanın Vətənpərvərlər Alyansı hərbi neytrallıq elan etməyə çağırmışdı. Əvvəlcə ictimai hərəkat olan “Neytral Gürcüstan” 2025-ci il dekabrın 1-də siyasi partiya kimi qeydiyyatdan keçib. Onun təsisçilərindən biri hakim “Gürcü Arzusu” Partiyasının keçmiş üzvü Vato Şakaraşvilidir. Ehtimal edilir ki, “Gürcü Arzusu”ndan ayrıldığı deyilən bir qrup əslində sonradan hökumətin qəbul etdiyi təşəbbüslər səsləndirilmək üçün yaradılıb. Ümumiyyətə, hazırkı dünya şərtləri ilə neytral olmaq mümkündürmü?

Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədli Azərbaycanın Qoşulmama Hərəkatına üzv olduğunu yada salaraq qeyd etdi ki, bu faktın özü də neytral mövqe tutmaqdır. Onun sözlərinə görə, indiki qarışıq beynəlxalq münasibətlər sistemində “neytrallıq statusu” almaq çətindir, çünki risklər və təhdidlər həmişə var: “Azərbaycan Türkiyə və Pakistanla müttəfiqdir. Bu faktı nəzərə almalıyıq. Azərbaycanın müttəfiqlərindən biri ilə imzaladığı Şuşa Bəyannaməsinə əsasən, Türkiyəyə hücum olarsa, bizim Silahlı Qüvvələr ona köməyə gedə bilər. Bu halda isə neytrallıq pozulmuş olacaq. Bundan əlavə, neytrallıq silahlanmanı da azaltmağı nəzərdə tutur. Biz elə regionda yerləşirik ki, müdafiə qabiliyyətimizi güclü saxlamağa məcburuq. Ancaq o mümkündür ki, hərbi münaqişələrə müdaxilə etməyək. Bunun da bariz nümunəsi Ukraynada gedən müharibədir. Azərbaycan balansı qoruyur və tərəf saxlamır”.
Hərbi təhlilçi bildirdi ki, qeyd edildiyi kimi, ölkənin neytral statusu və ya neytrallığı beynəlxalq hüquqda dövlətin cəlb edilə biləcək beynəlxalq münaqişə, müharibə hərəkətlərindən çəkindirdiyi mövqe (status) deməkdir: “Yəni ölkə başqa dövlətlər arasında müharibələrdə iştirak etmir, hərbi-siyasi bloklarda iştirakdan imtina edir və onlara qoşulmur, hərbi arsenalını azaldır. Məsələn, müharibədən əvvəl Rusiya Ukraynadan belə bir mövqe tələb edirdi. Azərbaycan isə onsuz da hərbi münaqişələrə qoşulmur, nə NATO, nə KTMT üzvü olmaq niyyəti var. Sadəcə, qeyd etdiyim kimi, neytrallıq statusu iki səbəbdən real görünmür: Türkiyə ilə müttəfiqlik, yəni bu məsələdə artıq tərəf saxlayırıq, bir də hərbi arsenalı azaltmaq öhdəliyi. Buna da yerləşdiyimiz coğrafiya imkan vermir. Əgər bizim qonşularımız İsveçrə, Avstriya olsaydı, bəlkə də heç ordu saxlamağa ehtiyac qalmazdı. Azərbaycan isə öz təhlükəsizlik və inkişaf maraqlarını təmin edərkən hər hansı qlobal hərbi-siyasi blokun üzvü olmaqdansa, müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq modelini seçib”.
Onun sözlərinə görə, məsələn, NATO ilə tərəfdaşlıq münasibətlərinin saxlanılması, Avropa İttifaqı ilə strateji enerji dialoqunun qurulması, Türkiyə və Pakistanla hərbi müttəfiqlik neytrallıq statusunu almağı çətinləşdirir: “Əslində buna zərurət də yoxdur. Azərbaycan onsuz da neytral balans siyasətini real məzmunla təmin edib. Regional münasibətlərdə də Azərbaycan gərginlikdən yayınır, balans yaradır və vasitəçilik potensialı saxlayan xəttə üstünlük verir. Azərbaycan həm Qərblə, həm Şərqlə, həm NATO ilə, həm də Qoşulmama Hərəkatı ilə paralel əməkdaşlıq apararaq heç bir blokun orbitinə daxil olmadan öz milli maraqlarını qoruyur. Dövlətin beynəlxalq hərbi əməliyyatlarda iştirak etməməsi, regiondan kənar güc iddiaları irəli sürməməsi və dialoq platforması rolunu qoruması bu neytral-balans modelini daha da möhkəmləndirir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ