İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın qarşısında yeni trilyonluq imkan?-TRIPP Orta Dəhlizə qoşulur  

Cənubi Qafqaz və Mərkəzi Asiyanın nəqliyyat xəritəsində yeni mərhələnin əsası qoyulur. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının Avazada keçirilən 8-ci Məşvərət görüşündə TRIPP nəqliyyat təşəbbüsünün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna-Orta Dəhlizə inteqrasiyasının müzakirə edilməsini təklif edib. Tokayev bu addımın mövcud nəqliyyat imkanlarını daha da genişləndirə və region ölkələrinin uzunmüddətli maraqlarına xidmət edə biləcəyini bildirib.

Bu təklif Azərbaycan baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki TRIPP-in Orta Dəhlizlə əlaqələndirilməsi Zəngəzur istiqamətini daha geniş Avrasiya nəqliyyat sisteminin bir hissəsinə çevirə, Azərbaycanın isə Şərq-Qərb marşrutunda əsas tranzit qovşaqlarından biri kimi rolunu daha da gücləndirə bilər. Tokayevin sözlərinə görə, bütün nəzərdə tutulan infrastruktur layihələri reallaşarsa, 2040-cı ilədək Xəzər üzərindən yükdaşımaların həcmi dörd dəfə arta bilər.

Beləliklə, Vaşinqton razılaşmaları çərçivəsində gündəmə gələn TRIPP artıq yalnız Azərbaycan-Ermənistan nəqliyyat bağlantısı kimi deyil, Orta Dəhlizin imkanlarını genişləndirə biləcək regional layihə kimi nəzərdən keçirilir. Bu isə Azərbaycan, Mərkəzi Asiya, Türkiyə və Avropa arasında yeni logistika zəncirinin formalaşması baxımından ciddi perspektivlər açır.

TRIPP-in Orta Dəhlizə inteqrasiyası Azərbaycanın tranzit və geosiyasi əhəmiyyətini daha da artıraraq regionun nəqliyyat xəritəsini kökündən dəyişə bilərmi?

Elnarə Akimova: Tələbə və doktorantların təqaüdlərinin artırılması gənc  nəslə diqqətin növbəti təzahürüdür - AZƏRTAC

Milli Məclisin deputatı Elnarə Akimova Musavat.com-a bildirdi ki, TRIPP-in Orta Dəhlizə inteqrasiyası Cənubi Qafqazla Mərkəzi Asiyanı daha sıx birləşdirən yeni geoiqtisadi xəttin formalaşması deməkdir: “Kasım-Jomart Tokayevin səsləndirdiyi təklif də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs Azərbaycanın nəqliyyat xəritəsindəki mövqeyini daha da önə çıxarır. Çünki Zəngəzur istiqamətinin Orta Dəhlizə qoşulması Azərbaycanı Çin və Mərkəzi Asiyadan gələn yük axınlarının Cənubi Qafqaz, Türkiyə və Avropa bazarlarına çıxışında daha mühüm həlqəyə çevirə bilər. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası və ölkə daxilində formalaşdırılan müasir yol-nəqliyyat infrastrukturu Azərbaycanın bu prosesdə yalnız tranzit ərazisi deyil, regional logistika qovşağı kimi çıxış etməsinə imkan yaradır. TRIPP-in özünün də artıq daha geniş regional bağlantı kontekstində nəzərdən keçirilməsi diqqətəlayiqdir. Azərbaycan, Ermənistan və ABŞ arasında əldə olunmuş çərçivə razılaşmaları Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının yaradılmasını və marşrutun Transxəzər ticarət sisteminə çıxışını nəzərdə tutur. Azərbaycanın öz ərazisində TRIPP-ə qoşulacaq avtomobil və dəmir yolu infrastrukturunun böyük hissəsini artıq hazırlaması isə layihənin praktiki tərəfinin də formalaşdığını göstərir.

Bu prosesin miqyasını Xəzərin gələcək yük potensialı daha aydın göstərir. Tokayev Dünya Bankının qiymətləndirməsinə istinadən bildirib ki, nəzərdə tutulan infrastruktur layihələri tam həyata keçirilərsə, 2040-cı ilədək Xəzər üzərindən yükdaşımaların həcmi dörd dəfə arta bilər. Belə artım nəqliyyat vasitələrinin və dəmir yollarının sayının çoxalması ilə yanaşı, həm də limanların gücünün artırılması, logistika mərkəzlərinin genişləndirilməsi, rəqəmsal gömrük sistemlərinin təkmilləşdirilməsi və yeni investisiya imkanlarının yaranması deməkdir.

Əslində, burada daha böyük bir regional transformasiyadan söhbət gedir. Uzun illər qarşıdurma və bağlı sərhədlərlə xarakterizə olunan Cənubi Qafqazın gələcəyində indi yollar, dəmir yolları, limanlar və ticarət marşrutları mühüm rol oynamağa başlayır. Nəqliyyat bağlantılarının genişlənməsi iqtisadi maraqları yaxınlaşdırmaqla yanaşı, regionda sabitlik və əməkdaşlıq üçün yeni zəmin yarada bilər”.

Deputat diqqətə çatdırdı ki, Azərbaycan üçün bu prosesin əsas üstünlüyü coğrafi mövqeyin real iqtisadi və geosiyasi üstünlüyə çevrilməsidir:

“TRIPP Orta Dəhlizin işlək və səmərəli hissəsinə çevrilərsə, Azərbaycan Şərq-Qərb yük axınlarının üzərində yerləşən ölkə olmaqla kifayətlənməyəcək, həmin axınların idarə olunduğu əsas regional logistika mərkəzlərindən birinə çevrilmək imkanı əldə edəcək. Tokayevin təklifi də məhz bu baxımdan yeni mərhələnin siqnalıdır. TRIPP-in Orta Dəhlizlə əlaqələndirilməsi Zəngəzur istiqamətini daha böyük Avrasiya nəqliyyat sisteminə bağlaya, Mərkəzi Asiya ilə Azərbaycan arasında iqtisadi əlaqələri dərinləşdirə və Türkiyə üzərindən Avropa bazarlarına çıxışı gücləndirə bilər. Nəticədə dəyişən yalnız nəqliyyat xəritəsi olmayacaq. Regionun iqtisadi çəkisi və qarşılıqlı asılılıq modeli də yeni məzmun qazanacaq. Bu səbəbdən TRIPP məsələsinə bir yolun çəkilməsi kimi deyil, Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın yeni Avrasiya bağlantılarındakı mövqeyini müəyyənləşdirəcək strateji proses kimi baxmaq lazımdır. Qarşıdakı əsas məsələ isə yaranan bu imkanların nə qədər səmərəli şəkildə iqtisadi gücə və regional əməkdaşlığa çevriləcəyidir”.


Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR