Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Odessa limanı yaxınlığında Somali bayrağı altında üzən, “Mert Marine Corporation” şirkətinə məxsus “TEDY” yedək gəmisinə dron hücumu edilib. Hadisə zamanı gəmidə ümumilikdə 10 nəfərlik heyət olub. Onlardan 4-ü Azərbaycan, 3-ü Türkiyə, 2-si Almaniya, 1-i isə Ukrayna vətəndaşı olub.

Hücumdan sonra gəmi Konstansa limanına doğru hərəkət edərkən daha iki dəfə dron hücumuna məruz qalıb. Nəticədə iki Azərbaycan vətəndaşı – dənizçilər Aslan Əliyev və Asim Qasımov həlak olublar. Digər iki azərbaycanlı dənizçinin isə yaralandığı, Odessa şəhərində xəstəxanaya yerləşdirildiyi və hazırda müalicə aldıqları bildirilir. Bu, Qara dənizdə azərbaycanlı dənizçilərin üzləşdiyi ilk təhlükə deyil. Belə ki, bu ilin iyununda heyətində ümumilikdə 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə də dron hücumları həyata keçirilib. Həmin gəmilər Azərbaycan dövlətinə məxsus olmayıb. Avqust ayında isə Qara dənizdə “Primavera Marine” şirkətinə məxsus, Komor adaları bayrağı altında üzən “Volgo Balt 226” yük gəmisi dron hücumuna məruz qalıb. Gəminin heyətində 10 Azərbaycan vətəndaşı olub.
Bütün bunlar bir daha göstərir ki, Rusiya-Ukrayna müharibəsinin Qara dənizdə yaratdığı təhlükələrdən Azərbaycan vətəndaşları da kənarda qalmır.
Rəsmi Bakı dəfələrlə vətəndaşlarına münaqişə zonalarına səfər etməməyə, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırış edib. Lakin görünən odur ki, müxtəlif ölkələrin bayraqları altında üzən gəmilərdə azərbaycanlı dənizçilərin fəaliyyəti davam edir.
Bəs yalnız xəbərdarlıq və maarifləndirmə kifayətdirmi? Azərbaycanlı dənizçilərin həyatını riskə atan bu halların qarşısının alınması üçün hansı əlavə preventiv tədbirlər görülə bilər?
Deputat Hikmət Babaoğlu Musavat.com-a bildirib ki, Rusiya ilə Ukrayna arasında illərdir davam edən müharibə fonunda Azərbaycan vətəndaşlarının həyatını itirməsi ciddi narahatlıq doğurur: “Hər bir Azərbaycan vətəndaşının həyatı bizim üçün çox qiymətlidir. Çox təəssüf ki, arzu olunmayan bir vəziyyətdə, bu və ya digər səbəblərdən onların həyatlarını itirməsi bizim ürəyimizi ağrıdır, yaxınları üçün faciəyə çevrilir”.

Deputatın sözlərinə görə, Azərbaycan dövləti bu cür halların qarşısının alınması üçün müxtəlif çağırışlar edir və vətəndaşların təhlükəsizliyinə diqqət yetirməyə səsləyir: “Bunlardan yayınmağın yolları ilə bağlı Azərbaycan dövləti müxtəlif çağırışlar edir. Vətəndaşlarımızı Qara dənizdə üzən gəmilərdə bu və ya digər formada işləməkdən imtina etməyə, öz təhlükəsizlikləri ilə bağlı tədbirlər görməyə çağırır. Amma çox təəssüf ki, yenə də belə faciələr qaçılmaz olur”.
Hikmət Babaoğlu hesab edir ki, ilk növbədə vətəndaşların öz təhlükəsizliklərinə daha həssas yanaşması vacibdir. O, son hadisədə həyatını itirən azərbaycanlı dənizçilərdən birinin yaxınlarının xəbərdarlıq etdiyini, lakin buna baxmayaraq həmin şəxsin gəmidə işləmək qərarından vaz keçmədiyini xatırladıb:
“Ona görə düşünürəm ki, bu, hər nə qədər dövlətin öz vətəndaşları ilə bağlı atdığı addımlar olsa da, Xarici İşlər Nazirliyi vasitəsilə müxtəlif ölkələrə, Rusiyaya və ya Ukraynaya, onların Azərbaycanda akkreditə olunmuş səfirliklərinə xəbərdarlıq etsə də, təhlükəsizliklə bağlı təminat görmələrini istəsə də, nəticədə biz bilirik ki, Qara dənizdə müharibə gedir”.
Deputatın fikrincə, hazırkı vəziyyətdə ən effektiv addımlardan biri azərbaycanlıların müvəqqəti olaraq Qara dəniz limanlarında və həmin ərazidə üzən gəmilərdə işləməkdən çəkinməsidir: “Atəşə məruz qalan təkcə bizim vətəndaşlarımız deyil. Ona görə də, burada daha çox vətəndaşlarımız diqqətli olmalıdırlar. Bu müharibə bitənə qədər, müvəqqəti olsa da, Qara dəniz limanlarına və yaxud Qara dənizdə üzən gəmilərə personal olaraq xidmət göstərməyi dayandırmalıdırlar. Mənə elə gəlir ki, bu, çox vacibdir”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə məsələyə hüquqi aspektdən yanaşaraq bildirib ki, baş verənlər münaqişə zonasında yaşanan ümumi təhlükənin tərkib hissəsidir.

Onun sözlərinə görə, dron hücumları zamanı gəmidəki heyətin hansı ölkənin vətəndaşlarından ibarət olması nəzərə alınmır: “Dronlar gəmilərə hücum edərkən o gəminin heyətinin hansı ölkə vətəndaşlarından ibarət olduğunu bilmir. Söhbət hədəfin gəmi olmasından gedir. Münaqişə və müharibə zonalarında bu cür hallar olur və olacaqdır”.
Çingiz Qənizadə qeyd edib ki, Xarici İşlər Nazirliyi riskli və münaqişəli zonalarda əmək fəaliyyəti ilə məşğul olmamağa çağırsa da, son qərar vətəndaşın özündən asılıdır. Hüquqşünasın sözlərinə görə, qanunvericilik xarici ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştiraka görə məsuliyyət nəzərdə tutur: “Lakin xarici ölkələrdə mülki xarakterli işlərdə, o cümlədən gəmilərdə çalışmaqla bağlı hər hansı qadağa yoxdur: “Müəyyən şəxslər gedib xarici ölkələrin bayrağı altında üzən gəmilərdə çalışırlar. Bu da ondan irəli gəlir ki, orada yüksək əmək haqqı alırlar”.
Çingiz Qənizadə hesab edir ki, əsas diqqət maarifləndirməyə yönəldilməlidir. Lakin onun fikrincə, təkcə bir rəsmi bəyanatla kifayətlənmək doğru deyil: “Həmin vətəndaşlar da işlədikləri şirkətlərlə müqavilələr bağlayıblar. Biz bilmirik, o müqavilələrin birtərəfli qaydada pozulması bizim vətəndaşlarımız üçün hansı maddi məsuliyyətlər yarada bilər”.
O bildirib ki, dövlətin çağırışları daha geniş auditoriyaya çatdırılmalı, məsələ davamlı şəkildə gündəmdə saxlanılmalıdır: “Maarifləndirici işimizi gücləndirməliyik və bu çağırışlar bir bəyanatla kifayətlənməməlidir. Həm televiziya vasitəsilə, həm Xarici İşlər Nazirliyinin müəyyən sözçüləri vasitəsilə, həm digər siyasi şərhçilər, politoloqlar vasitəsilə bu məsələ gündəmdə olmalıdır”.
Onun fikrincə, xüsusilə xaricdə çalışan azərbaycanlıların ailə üzvlərinin də risklər barədə məlumatlandırılması mühüm rol oynaya bilər: “Xaricdə çalışanlar bizi görməsə də, onların ailə üzvləri dövlətin mövqeyini bildikdən sonra öz yaxınları ilə əlaqə saxlayaraq onları bu cür fəaliyyətdən çəkinməyə çağıra bilərlər”.
Hüquqşünas hesab edir ki, hazırkı şəraitdə əsas məqsəd vətəndaşların risklər barədə mümkün qədər geniş məlumatlandırılması və onların öz seçimlərini təhlükəni nəzərə alaraq etməsidir: “Mən belə hallarda yalnız və yalnız maarifləndirici tədbirlərin nəticə verəcəyinə bir az ümid edirəm. Amma yenə də deyirəm, harada işləmək, hansı şirkətlə işləmək, hansı bayraq altında üzən gəmilərdə işləmək vətəndaşın öz seçimidir. Vətəndaş özü bu məsələlərdə diqqətli olmalı və risklərdən yayınmalıdır”.
Şahanə Rəhimli
Musavat.com
11 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ