İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı “Qara qitə”də nə axtarır?

Azərbaycan xarici siyasət vektorunu Afrika dövlətləri ilə münasibətlərlə daha da şaxələndirir və gücləndirir - səbəb

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Efiopiya Federativ Demokratik Respublikasına işgüzar səfəri çərçivəsində Efiopiyanın Baş naziri Abiy Ahmed Ali, Prezident Taye Atske Selassi, Parlamentin sədri Tagesse Çafo və xarici işlər naziri Gedion Timotheos ilə görüşlər keçirib.

“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, danışıqlar zamanı iki ölkə arasında münasibətlərin indiki durumu və inkişaf imkanları ətraflı şəkildə müzakirə olunub. Ölkəmizin Afrika qitəsi ilə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayan Elçin Əmirbəyov Efiopiya ilə son zamanlar ikitərəfli və çoxtərəfli müstəvidə müxtəlif sahələrdə dinamik inkişaf edən əməkdaşlıqdan məmnunluğunu ifadə edib, münasibətlərin təkmilləşdirilməsi üçün mühüm potensialın mövcud olduğunu diqqətə çatdırıb.

Uzun illər Qərbin amansız istismarına məruz qalan “Qara qitə” ölkələrinin “soyuq müharibə”nin başa çatmasından sonra geosiyasi arenada çəkisinin artması Bakının kontinentlə siyasi-iqtisadi əlaqələrinin yaradılmasına və inkişaf etdirilməsinə təkan verir. Səfər çərçivəsində həmçinin Afrika İttifaqı Komissiyasının sədri Mahmud Ali Yusufla görüş keçirilib. Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Efiopiyanın aparıcı beyin mərkəzlərindən biri olan Xarici Əlaqələr İnstitutunun təşkilatçılığı ilə Azərbaycan-Afrika İttifaqı, eləcə də Azərbaycan-Efiopiya münasibətləri, Cənubi Qafqazda baş verən geosiyasi proseslər, Orta dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın rolu barədə geniş təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.

Azərbaycanın Afrika siyasəti iki istiqamət üzrə həyata keçirilir: bu siyasətin bir istiqamətini Afrikanın müsəlman dövlətləri ilə hərtərəfli münasibətlər yaratmaq, iqtisadi, siyasi, mədəni əlaqələr qurmaq, bu ölkələrin imkanlarından ölkəmizin daxili və xarici problemlərinin həllində, milli maraqlarımızın qorunmasında istifadə etmək təşkil edir.

Digər istiqamət isə qitənin digər ölkələri ilə münasibətlər üzərində qurulub. Xüsusən BMT çərçivəsində, beynəlxalq qurumlarda Afrikanın böyük, nüfuzlu dövlətlərinin dəstəyini qazanmaq, Azərbaycanın beynəlxalq hüquqlarının təmin olunmasında onların səsindən, mövqeyindən istifadə etmək müstəqil dövlətimizin xarici siyasət vəzifələrinə daxildir. Çünki Afrika ölkələri BMT üzvlərinin 13 faizini təşkil edir və istənilən səsvermədə ciddi faktor rolunu oynayırlar. Bundan başqa, “bitərəf dövlətlər” Beynəlxalq Frankofon Təşkilatının (BFT) yarıdan çoxunu, İslam Konfransı Təşkilatının (İKT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) üçdən birinə qədərini təşkil edir. Azərbaycanın Afrika dövlətləri ilə münasibətlərini yaxşılaşdırması beynəlxalq platformalarda ölkəmizin mövqeyinə uyğun məsələlərdə dəstək almaq üçün vacibdir.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, professor Elxan Mirzəyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan Qoşulmama Hərəkatının üzvü olan ölkələrlə əməkdaşlığı müxtəlif sahələr üzrə genişləndirir. Efiopiya kimi uzaq ölkə ilə münasibətlərin də bu mənada əhəmiyyət daşıdığını deyən E.Mirzəyevin fikrincə, Afrika qitəsinə açılım Azərbaycan üçün mühümdür.

“Azərbaycan çoxşaxəli xarici siyasət yürüdür. Bakı Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığı gücləndirir, enerji sahəsində ciddi rol oynamağa çalışır, Asiya və xüsusən bu qitənin sahibi sayılan Çinlə strateji tərəfdaşlıq səviyyəsində münasibətlər qurur, eləcə də Latın Amerikası ölkələri ilə əlaqələr saxlayır. Bu baxımdan, Afrika qitəsi son illər rəsmi Bakının xarici siyasətində yer alan coğrafiyadır. Əlbəttə, kənardan baxış müəyyən suallar doğurur ki, Azərbaycanın Afrikada hansı maraqları var. Amma istər BMT-də, istərsə Qoşulmama Hərəkatında və digər platformalarda ölkəmizə siyasi dəstək diqqətdən yayınmamalıdır”, - deyə mütəxəssis vurğulayıb.

Professor xatırladıb ki, Azərbaycanla Efiopiya əlaqələrinə gəlincə, spesifik və son bir neçə ildə dinamik xarakter daşıyır:

“Məsələn, ticarət, sərmayə, kənd təsərrüfatı sahələrində əməkdaşlıq inkişaf etdirilir. Hazırda Afrika qitəsinin potensialı dünyanın marağını cəlb edir. Azərbaycan da bu regionun imkanlarından siyasi-iqtisadi çərçivədə yararlanmağa çalışır. Yəni həm beynəlxalq səviyyəli tədbirlərdə Afrika ölkələrinin dəstəyi rol oynayır. Biz bunu Qoşulmama Hərəkatı və COP29 konfransı çərçivəsində müşahidə etmişik, həm də bölgənin aqrar potensialından faydalanmağa çalışırıq. Sözsüz ki, Azərbaycan hökumətinin Efiopiya və digər Afrika ölkələri ilə əlaqələr haqda ictimaiyyətə daha geniş informasiya verməsinə ehtiyac var. Həqiqətən də bizim üçün Bakının "Qara qitə"yə marağının artmasında daha hansı səbəblərin olduğu qaranlıq olaraq qalır. Çünki Afrika regionu uzun illər Azərbaycan üçün coğrafilikdən savayı, siyasi-iqtisadi cəhətdən də uzaq məkan olub. İndi birdən-birə bu qitəyə marağın güclənməsində nə kimi maraqların olması bizə sirr kimi saxlanmaqdadır".

Onu da yada salaq ki, pandemiya dövründə Azərbaycan 80-dən çox ölkəyə kömək göstərib, onların əksəriyyəti məhz Afrika dövlətləri idi. Bakı eyni zamanda Fransanın hələ də davam etdirdiyi neokolonial siyasətinə qarşı çıxır, bu siyasətdən əziyyət çəkən keçmiş müstəmləkə ölkələrinin, o cümlədən Afrikada yerləşən Niger, Mali, Burkina-Faso, Seneqal və s. kimi ölkələrin öz hüquqları və suverenlikləri uğrunda, həmçinin fransız imperialist hökmranlığından xilas olmaq üçün apardıqları mübarizəyə dəstək verir.

Ötən il aprelin 4-5-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso, bu il fevralın 11-14-də Somali Prezidenti Hasan Şeyx Mahmud Azərbaycana rəsmi səfərləri zamanı həmin ölkələrlə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi niyyəti ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.

Hazırda Azərbaycanla Afrika qitəsi ölkələri arasında iqtisadiyyat, neft-qaz, mədənçilik, müdafiə sənayesi, minatəmizləmə, təhsil sahələrində, eləcə də humanitar yardımların həyata keçirilməsi və “ASAN xidmət” modelinin Afrika ölkələrində tətbiqi istiqamətlərində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Azərbaycanın qitədə ən geniş iqtisadi əlaqələrə malik olduğu ölkələr Tunis, Cənubi Afrika Respublikası, Misir, Mərakeş, Liviya və Keniyadır. Son vaxtlar Konqo ilə enerji sahəsində əməkdaşlıq üçün addımlar atılıb. Belə ki, SOCAR-la Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsinə dair sənəd imzalanıb. Habelə, Qvineya-Bisaunun Prezidenti Umaro Moktar Sissoko Embalo Azərbaycanda səfərdə olub.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR