Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölümü ilə nəticələnən dəhşətli kanat qəzası baş verib.
İlkin məlumata görə, faciə istirahət mərkəzində qurğunun trosunun qırılması nəticəsində baş verib.
Hadisə dərhal hüquq-mühafizə orqanları və aidiyyəti dövlət qurumları tərəfindən nəzarətə götürülüb.
Bəs bu cür qurğularda ölümcül qəzalara səbəb nədir və dünyada analoji faciələr necə baş verib?
Musavat.com dünyada baş verən dəhşətli kanat qəzalarını təqdim edir:
İtaliya (Mottarone dağı, 2021)

2021-ci ildə Stresa şəhərində kanatın əsas daşıyıcı trosu kəskin gərginlikdən qırılıb. Kabina yüksəklikdən yerə çırpılaraq 14 nəfərin həyatına son qoyub. Araşdırma zamanı məlum olub ki, şirkət rəhbərliyi yalançı tormozlamaların qarşısını almaq üçün avtomatik fövqəladə əyləc sistemini qanunsuz olaraq söndürübmüş.
"La Stampa" qəzetinin verdiyi məlumata görə isə kanat qurğusunda daşıyıcı kabelin sıradan çıxaraq qırılması qəzanın baş verməsinə səbəb olub. 1970-ci ildə inşa edilən və 2014–2016-cı illərdə əsaslı təmir olunan kanat sistemi Macciore gölü sahilindəki Stresa qəsəbəsini Mottarone dağının zirvəsi ilə birləşdirir.
Gürcüstan (Tiflis, 1990):

1990-cı il iyunun 1-də Rustaveli prospektindən Mtatsminda dağına qalxan kanatda daşıyıcı trosun qırılması nəticəsində kabinalardan biri alt stansiyanın divarına, digəri isə dirəyə çırpılıb. Faciədə 20 nəfər həlak olub, 15 nəfər ağır yaralanıb.
İtaliya (Cavalese, 1998):

1998-ci il fevralın 3-də ABŞ Hərbi Dəniz Qüvvələrinə aid "EA-6B Prowler" tipli hərbi təyyarə icazə verilən minimum hündürlükdən aşağı uçaraq alp xizək kurortundakı kanatın təhlükəsizlik trosunu kəsib. Nəticədə 20 nəfər hündürlükdən düşərək həyatını itirib.
Gulmarq kanat qəzası (Hindistan, Kəşmir, 2017)

2017-ci il iyunun 25-də Hindistanın nəzarətindəki Cammu və Kəşmir bölgəsinin məşhur dağ-xizək kurortu olan Gulmarqda 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli kanat qəzası baş verib. Dünyanın ən yüksək kanat xətlərindən birində güclü külək nəticəsində qopan iri şam ağacı dərə üzərindən keçən kanatın trosunun üzərinə düşüb. Nəticədə trosun kəskin silkələnməsi və qırılması ilə kabinalardan biri yüzlərlə metr yüksəklikdən dərəyə yuvarlanıb və 7 turist həlak olub.
Mütəxəssislərin fikrincə, bu növ attraksionlarda baş verən faciələrin arxasında 3 əsas amil dayanır:
Metalın yorulması: Troslar xarici görünüşdən sağlam görünsə də, zamanla daxildən gərginlik və rütubət nəticəsində mikroçatlar yaranır. Bu çatları xüsusi rentgen və ya ultrasəs müayinəsi olmadan gözlə görmək imkansızdır.
Formal texniki baxış: Xüsusilə özəl istirahət mərkəzlərində lisenziyasız avadanlıqlardan istifadə olunması, illik sertifikatlaşdırmanın aparılmaması.
Əyləc sistemlərinin aşırı yüklənməsi: Trosa dözümlülük həddindən artıq yük vurulması və ya fövqəladə tormozlama mexanizminin işləməməsi.
Musavat.com
09 Sentyabr 2026
01:56 Dilimizi mükəmməl bilən erməni ekspertdən İrəvana SOS çağırışı – “Qərbi Azərbaycan”lılar gəlir
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ