İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda həbsdə olan Makronun yaxın adamı kimdir, suçu nə?

Zərərçəkən azərbaycanlı milyarderdir

Azərbaycanda böyük beynəlxalq rezonans doğuran cinayət işlərindən biri üzrə növbəti məhkəmə qərarı açıqlanıb. Fransa və Mərakeş vətəndaşı, Fransanın milyardlarla avro dövriyyəyə malik “SAUR” şirkətinin vitse-prezidenti olmuş Anass Derraz barəsində çıxarılmış hökmə yenidən baxılıb.


Picture background

Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Anass Derrazın verdiyi apellyasiya şikayəti araşdırılıb və birinci instansiya məhkəməsinin hökmü qismən dəyişdirilib.

Məhkəmənin qərarına əsasən, Anass Derraza təyin edilmiş 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası 9 ilə endirilib. Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilsə də, onun təqsirli bilinməsi ilə bağlı nəticə qüvvədə saxlanılıb.

Cinayət işinin materiallarına görə, Fransa Prezidenti Emmanuel Makronun mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivləri ilə bağlı beynəlxalq sanksiyaların aradan qaldırılması istiqamətində qanunsuz fəaliyyət göstərməkdə ittiham olunublar. İttiham tərəfinin mövqeyinə əsasən, Aleksandr Benalla və Anass Derraz Fərhad Əhmədovun xaricdə yerləşən əmlaklarının, o cümlədən məşhur “Luna” yaxtasının üzərindən məhkəmə məhdudiyyətlərinin götürülməsinə kömək edəcəklərini vəd ediblər.

İstintaq materiallarında göstərilir ki, onlar Fərhad Əhmədova yaxtanın həbsdən azad ediləcəyini, beynəlxalq sularda maneəsiz hərəkət edə biləcəyini, həmçinin biznesmenin özünün müxtəlif sanksiyalardan qorunacağını bildiriblər.

İş materiallarında tərəflər arasında ümumilikdə 6 milyon 140 min ABŞ dolları məbləğində ödənişlə bağlı razılığın əldə olunduğu göstərilir. İttihama görə, 2018-ci il noyabrın 15-də ilkin olaraq 600 min ABŞ dollarının ödənilməsi, daha sonra isə “Luna” yaxtasının üzərindən həbs götürüldükdən sonra 15 gün ərzində əlavə 5 milyon 540 min ABŞ dollarının köçürülməsi planlaşdırılıb.
Bu məqsədlə tərəflər arasında məsləhət xidməti müqaviləsi də imzalanıb.

Picture background

İstintaq sənədlərinə əsasən, Fərhad Əhmədov tərəfindən Anass Derrazın “Al Hilal Bank”dakı hesabına 200 min ABŞ dolları, Aleksandr Benallanın “Bank of Africa United Kingdom PLC”dəki hesabına isə 400 min ABŞ dolları köçürülüb. İttihama görə, Anass Derraz həmin vəsaitlərin alınması prosesində Aleksandr Benallaya yardım edib.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Anass Derraza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddə – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (xeyli miqdarda törədildikdə);
32.5 və 311.3.3-cü maddələr – külli miqdarda rüşvət alma cinayətinin törədilməsinə kömək etmə maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmə araşdırmaları nəticəsində Anass Derraz təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin apelyasiya instansiyası hökmə yenidən baxaraq cəzanın 9 ilə endirilməsi barədə qərar qəbul edib. Hazırda cinayət işi üzrə Fransa Prezidenti Emmanuel Makronun sabiq mühafizə xidmətinin rəhbəri olmuş Aleksandr Benallanın beynəlxalq axtarışa verilib.

Azərbaycan istintaq orqanlarının təqdim etdiyi materiallar əsasında Aleksandr Benalla barəsində beynəlxalq axtarış elan edilməsi üçün İnterpola müraciət olunub. Uzun sürən araşdırmalardan sonra İnterpol Baş Katibliyi Azərbaycan tərəfinin təqdim etdiyi materialları qiymətləndirərək Aleksandr Benallanın beynəlxalq axtarışa verilməsini əsaslı hesab edib.2025-ci ilin aprel ayında Aleksandr Benalla “Red Notice” (“Qırmızı bülleten”) sistemi üzrə beynəlxalq axtarış siyahısına daxil edilib və bu barədə təşkilata üzv olan dövlətlər məlumatlandırılıb.Hüquq-mühafizə orqanlarının məlumatına görə, hazırda Aleksandr Benalla üçüncü ölkələrdən birində ekstradisiya prosedurları ilə üzləşib. Anass Derraz və Aleksandr Benalla ilə bağlı cinayət işi həm Azərbaycanda, həm də Fransada ciddi maraqla izlənilir. İşin diqqət mərkəzində olmasının əsas səbəblərindən biri Fransa siyasi elitasına yaxın olmuş Aleksandr Benallanın adının hallanması, digər səbəbi isə iri beynəlxalq şirkətin yüksək vəzifəli rəhbərlərindən birinin Azərbaycanda məhkum edilməsidir. Bakı Apellyasiya Məhkəməsinin son qərarı ilə Anass Derrazın cəzası 12 ildən 9 ilə endirilsə də, onun təqsirli bilinməsi ilə bağlı hökm qüvvədə saxlanılıb. İş üzrə digər əsas fiqurant Aleksandr Benalla isə hələ də beynəlxalq axtarışdadır.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR