Onlayn ictimai-siyasi qəzet
Paytaxt Bakıda güclü yağışlar zamanı yolların su altında qalması, nəqliyyatda uzun tıxacların yaranması və kanalizasiya sisteminin yüklənməsi artıq illərdir ki, şəhər sakinlərini narahat edən əsas problemlərdən biridir. Leysan yağışları ilə paralel olaraq şəhər təsərrüfatının aciz qalması Bakının infrastrukturundakı ciddi boşluqları bir daha üzə çıxarır.
Məhz bu problemlərin aradan qaldırılması məqsədilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı hazırlanıb.
Prezident İlham Əliyev proqramla bağlı keçirilən müşavirədə çıxışı zamanı bildirib ki, güclü yağışlar yağan kimi şəhər nəqliyyatının iflic vəziyyətinə düşməsi yalnız Bakı üçün deyil, bir çox iri şəhərlər üçün xarakterik problemdir. Bununla belə, dövlət başçısı vurğulayıb ki, Bakıda yağış sularının idarə olunması üçün 30 küçədə yeni kollektor şəbəkəsinin qurulması nəzərdə tutulur və bu addımın çox böyük faydası olacaq.
Prezident diqqətə çatdırıb ki, Bakının və Abşeron yarımadasının içməli su təminatı da uzun illərdir aktual problem olaraq qalır. Bu istiqamətdə müəyyən işlər görülsə də, mövcud vəziyyət artıq daha genişmiqyaslı və sistemli yanaşma tələb edir. Dövlət başçısının sözlərinə görə, qəbul ediləcək proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək.
Müşavirədə əsas problemlərdən biri kimi su itkiləri xüsusi vurğulanıb. Prezident İlham Əliyev bildirib ki, əgər su itkiləri aşağı səviyyədə olsaydı, mövcud ehtiyatlar bu gün üçün kifayət edərdi. Lakin əhalinin və sənayenin artması fonunda gələcək tələbat da nəzərə alınmalıdır. Hazırda bu sahədə itkilərin 40-45 faiz təşkil etdiyi qeyd olunub və dövlət proqramının icrası nəticəsində bu göstəricinin kəskin şəkildə azaldılması əsas hədəflərdən biri kimi müəyyən edilib.
Yeni kollektor sistemlərinin qurulması və su təsərrüfatında itkilərin azaldılması Bakının həm yağış, həm də içməli su problemlərinin mərhələli şəkildə həllinə real zəmin yarada bilər. Bu isə paytaxt sakinlərinin illərdir üzləşdiyi çətinliklərin aradan qaldırılması baxımından mühüm addım kimi dəyərləndirilir.

Rövşən Abbasov
Ekoloq Rövşən Abbasov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, su itkilərinin faiz nisbəti ayrı-ayrı ölkələrdə müxtəlifdir. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə - xüsusilə Yaponiyada, Niderlandda su itkisinin ümumi miqdarı 5-10 faiz arasında dəyişir: “Azərbaycanda isə su itkiləri çox böyükdür. Suvarmada bu itki 60-70 faizə çatır. Təchizat sistemində isə dövlət başçısının dediyi kimi, itkilər 40-50 faizə qədər yüksələ bilir. Bu, çox böyük rəqəmdir.
Kənd təsərrüfatında su itkisini azaltmaq üçün ilk növbədə torpaq kanallar betonlaşdırılmalı, ənənəvi selləmə suvarmadan imtina edilməli, müasir damcı suvarma sisteminə keçid olmalıdır. Şəhər su təchizatında isə su itkilərini müəyyən etmək üçün müasir texnologiyalardan istifadə etmək olar. Bununla da su itkilərinin yeri tez bir zamanda nöqtəvi halda müəyyənləşdirilməli və aradan qaldırılmalıdır. Bir neçə il bundan qabaq Bakıya verilən su və ödənilən su pullarını müqayisə edəndə çox böyük fərqlər gördük. Hətta itkilər o zaman 60-70 faizdən də yuxarı idi. İndi bir qədər azalma gedib. İtkilərin qarşısını almaq üçün çox ciddi işlər görülməlidir. Elektrik xətləri dəyişdirilməli, yerlə qazılmalıdır. Elə borular var ki, uzun illər bundan qabaq çəkilib. Onlar müəyyən dərinlikdədir və yolun ortasından keçir. Yollar qazılmalıdır. Bütün bunların hamısı kifayət qədər çətin məsələdir. Onu da deyim ki, Qarabağ və Şirvan kanallarının artıq bərpası gedir. Müasir suvarma üsullarına keçid baş verir".
Ekoloq bildirir ki, yağış sularının idarə edilməsi sistemləri inkişaf etmiş ölkələrin əksəriyyətində var və bunu ölkəmizdə də tətbiq etmək olar: “Yağan yağışlar kanalizasiya sularına qarışmadan birbaşa dənizə, çaya, gölə gedir. Bu, təbiət obyektlərinə daha təmiz suyun axmasına səbəb olur. Çünki yağış suları çirkli deyil və onları təmizləməyə ehtiyac yoxdur. Azərbaycanda isə yağış suları kanalizasiya sularına qarışır və bu su Hövsanda təmizlənir. Belə çıxır ki, biz suyu çirkləndirib, sonra yenidən təmizləyirik. Sözügedən kollektorlar quraşdırılarsa, yağış zamanı yaranan qəfil daşqınların da qarşısı alınacaq. Bakıda belə sistem 1970-ci illərdə bəzi yerlərdə olub. Onları bərpa etmək və bəzi yerlərdə isə yenidən qurmaq mümkündür. Yağış sularını göllərə də toplamaq olar. Abşeron göllərinə bu su yığılsa, sonradan su kimi istifadə edilə bilər”.
Qeyd edək ki, Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov hələ ötən ilin fevralında bildirmişdi ki, 2006-cı ildə Bakı əhalisinin yalnız 26%-i fasiləsiz su ilə təmin olunurdusa, hazırda bu göstərici 81,7%-ə çatıb. Onun sözlərinə görə, Bakı şəhərinin yeni Baş Planına uyğun olaraq, 2030-2035-ci illərədək paytaxt və Abşeron yarımadasında fasiləsiz və mərkəzləşdirilmiş su təchizatı tam təmin ediləcək. Bildirmişdi ki, Bakıda su və kanalizasiya infrastrukturunun genişləndirilməsi işləri davam etdirilir. Yeni kollektorların çəkilməsi, mövcud problemlərin həlli və yağış suları sistemlərinin yenilənməsi planlaşdırılır.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ