İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizinin boğazındakı “kal armud”

Vaxtaşırı ABŞ və İsrailin zərbələrinə məruz qalan İran fürsət tapanda, azacıq atəşkəs rejiminin yaratdığı imkanlardan yararlanıb nəfəs dərəndə tez-tələsik özünü Ermənistana yetirir, uzun illər ərzində “nəfəslik” rolunu oynadığı bu ölkəyə “qulaqburması” verir. Gedişat göstərir ki, Tehranın İrəvana gözağartmaları işə yarayır: Nikol Paşinyanın seçkilərdən sonra ilk səfərini İrana etməsi də təsadüfi deyildi.

İran ötən ilin 8 avqustunda ABŞ-də əldə olunmuş Zəngəzur dəhlizi – TRIPP marşrutu ilə xəyalların gerçəkləşə biləcəyinə əmin deyildi, düşünürdülər ki, uzun illər ərzində “Ermənistanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir” təhdidi İrəvanı dəhliz anlaşmasından çəkindirməyə xidmət edəcək.

VASİN SON.jpg (129 KB)

Amma alınmadı, Ermənistan dəhlizin onun ərazi bütövlüyünə təhlükə yaratmadığına Trampın şahidliyi ilə əmin olduqdan sonra müvafiq addımların atılmasına, ABŞ şirkətinə icarəyə verilən bu nəhəng layihənin gerçəkləşdirilməsinin vacibliyinə qərar verdi. Ancaq görünür ki, Hörmüz boğazı ilə bağlı gərginlikləri tətikləyən İran 43 km-lik Zəngəzur dəhlizində də “kal armud” funksiyasını icra etmək iddiasından əl götürmək niyyətində deyil. Elə Zəngəzur dəhlizinə yaxın bölgədə, Qafan şəhərində aparılan İran-Ermənistan müzakirələrinin də təməlində bu qəsd dayanır. Yoxsa birdən-birə nə baş verdi ki, İran başına ələnən raketləri zərərsizləşdirmək əvəzinə rəsmilərini Ermənistana, Qafana yollayır? Bu, Vətən müharibəsindən sonra tez-tələsik Qafanda İranın Baş Konsulluğunun açılışını keçirməyə bənzəyir – tikilinin suvağının qurumasına və təmir işlərinin başa çatdırılmasını gözləməyə belə səbrləri çatmamışdı...

Bu günlərdə Ermənistan Politoloqlar Assosiasiyasının rəhbəri Miqran Şahzadeyan Zəngəzur dəhlizinin ölkə üçün ciddi geosiyasi və təhlükəsizlik riskləri yarada biləcəyini iddia etmişdi. Guya ki, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi nəticəsində Ermənistan təkcə İranla əlaqələrindən məhrum olmaq təhlükəsi ilə üzləşməyəcək. Onun fikrincə, ölkə eyni zamanda demək olar ki, Rusiyadan da təcrid oluna və İran hərbçilərinin potensial hədəfinə çevrilə bilər. Tipik erməni yalanı və hay-küyü! Zəngəzur dəhlizindən ən çox faydalanan ölkələrdən biri də Ermənistan olacaq. Əks halda, regionun “dalan ölkəsi” funksiyasını tarix boyunca davam etdirəcək. Bunu artıq Nikol Paşinyan da başa düşüb, “bir addım irəli, iki addım geri” siyasətini davam etdirsə belə... Şahzadeyan onu da iddia etmişdi ki, “Şimal-Cənub” nəqliyyat marşrutu gələcəkdə Ermənistan ərazisindən deyil, Azərbaycan üzərindən keçə bilər. Hələ də anlaya bilmirlər ki, Cənubi Qafqaz bölgəsinin lider dövləti Azərbaycandır və coğrafi üstünlükləri regional dəhlizlərin reallaşdırılmasını şərtləndirir.

PASİN.jpg (156 KB)

Anormallıq təkcə Miqranın iddiaları ilə bitsəydi, nə var idi ki?..Qafanda Ermənistan institutlarından biri və İranın İrəvandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir “Cənubi Qafqazın geosiyasi və geoiqtisadi transformasiyası fonunda İran və Ermənistan arasında strateji tərəfdaşlıq” mövzusunda olub. Təsəvvür edin, Cənubi Qafqazı müzakirə edirlər, açar və lider dövlətdən gizlin...Həm də gülməlidir. İran səfiri Xəlil Şirqulami və “Sünik” (Zəngəzur) əyalətinin rəhbəri Robert Qukasyanın da çıxışında Cənubi Qafqazda baş verən geosiyasi proseslər fonunda İran və Ermənistan arasında strateji tərəfdaşlığın yeni şəraitə uyğun inkişaf etdirilməsinin vacibliyindən bəhs olunub. Əslində bu mövzuda danışmağın özü belə absurddur, Azərbaycanın iştirakı olmadan. Amma danışırlar, çünki anlaqlı vəziyyətdə deyillər...

Bu dar macalda İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” adlı sənəd hazırlayır. Bildirilib ki, tərəflər iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsini hədəfləyir. Azərbaycan bu kimi əməkdaşlıqlarda problem görmür, zatən, dövlətimiz illər öncə 3+3 əməkdalıq formulu ideyasını irəli sürüb və regional əməkdaşlığın ən unikal yol olduğunu əminliklə bəyan edib. Amma son zamanlar bu əməkdaşlığın pozulmasına yönəlik cəhdləri müşahidə etməkdəyik. Belə olduğu təqdirdə, İran və Ermənistanın tez-tələsik “Amerika kəşf” etməyə yönəlik cəhdi suallar doğurur. Bu kimi məxfi görüşmələr daha çox regional əməkdaşlığın pozulmasına yönəlir, nəinki inkişafına...

UgtoYPIIZFcamhZ5A9XYHmoZkgw2nkVjr12oT29Z_1200.jpg (191 KB)

Tehran Ermənistana təbii qaz tədarükünü artırmaq məqsədilə yeni kommersiya sxemi təklif edib. İranın neft naziri Möhsün Paknejad və ermənistanlı ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan ilə görüşünün yekunlarına əsasən bu barədə məlumat yayılıb. İran və Ermənistan energetika sahəsində ixtisaslaşmış işçi qrupu yaratmağı planlaşdırır. Məlumata görə, bu işçi qrupunun fəaliyyət istiqamətlərindən biri qaz ticarəti məsələsinin həlli olacaq. Paknejad deyib ki, ölkələr arasında indiki enerji əməkdaşlığı qazın elektrik enerjisinə dəyişdirilməsi prinsipi ilə həyata keçirilir, lakin İran qaz ixracının həcminin artırılmasına yönəlmiş alternativ model irəli sürüb.

Maraqlıdır, Ermənistanın əsas qaz ixracatçısı və vaxtaşırı ucuz qazı İrəvanın başının üstündə “Damokl qılıncı” kimi “sıyıran” Kreml bu əməkdaşlığa necə reaksiya verəcək?

Üstəlik, neft emalı güclərinin tikintisi və Ermənistana neft məhsullarının tədarükü məsələləri müzakirə olunub. Bəs Zəngəzur dəhlizini reallaşdırmağı üzərinə götürən ABŞ-nin bu məsələyə münasibəti necə olacaq? Axı, İranla dava bitməyib və belə olduğu halda, sanksiyalarla diz çökdürmək istədikləri ölkənin Ermənistanla neft-qaz ticarətinə göz yumacaqlarmı? Həmçinin, tərəflər üçüncü elektrik ötürücü xəttinin tikintisi üzrə 12 illik layihənin icrasının və tamamlanmasının sürətləndirilməsi zərurətini vurğulayıblar və layihənin həyata keçirilməsini tezləşdirmək məqsədilə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Düzdür, indiki durumda, müharibənin ağır fəsadlarının ortadan qaldırılmasında çətinliklər çəkən İranın Ermənistanla illər öncə yarımçıq qalmış layihələrin tikintisini həyata keçirməyə gücünün çatacağı da şübhəlidir. Amma hər halda ortada iddialar var.

HZSdGfSVl31U1720Hk72D13DsjldNok59KUGx8PH_1200.jpg (186 KB)

İranın energetika naziri Mehri Su Elektrik Stansiyasının tikintisi məsələsini də qaldırıb, Ermənistan tərəfi isə əvvəllər əldə olunmuş razılaşmalara istinad edərək layihə üzrə əməkdaşlığa hazır olduğunu bildirib.

Maraqlı bir məqam var ki, Oman şirkətinin Mehri elektrik stansiyasının tikintisini maliyyələşdirməyə və həyata keçirməyə hazır olduğu iddia edilib. İranın Körfəz ölkələri ilə münasibətləri buna imkan verəcəkmi?

Qafan görüşündə İran - Ermənistan - Gürcüstan - Rusiya elektrik enerjisi dəhlizlərinin yaradılması məsələsi də müzakirə olunub. Hətta Ermənistan və Gürcüstan arasında elektrik ötürücü xəttin tikintisini İran şirkətlərinin həyata keçirməyə hazır olduğu açıqlanıb. İllərdir Rəşt-Astara dəmir yolunun tikintisini maliyyə çətinliklərindən reallaşdıra bilməyən bir ölkə dağıdıcı müharibələr fonunda hansı yolla varlandı ki, bu qədər işləri həyata keçirəcəyini açıqladı? Özü də niyə məhz Ermənistanla əməkdaşlıqda bunca səxavət nümayiş etdirilir?

Araz çayının çirklənməsi mövzusundan da danışılıb. Guya bir çarə qılacaqmışlar. Bildirilib ki, Araz çayı hidroenergetikanın inkişafı üçün əlverişli potensiala malikdir və təxminən 200 meqavat gücündə elektrik stansiyasının tikintisi imkanını ortaya çıxarıb. Bu kimi anlaşmaları oxuduqca adam qeyri-ixtiyari düşünür ki, bircə İranın Ermənistanda “Metsamor” AES əvəzinə yeni atom elektrik stansiyası tikmək ideyası müzakirələrdən kənarda qalıb. Amma kim bilir, bəlkə ondan da danışıblar, axı, İran nüvə enerjisi sahəsində təcrübələrə malikdir...

9AvsDkJF6FaeYLXdlAytSqNzWxp9ibft0kRJqmZ0_1200.jpg (130 KB)

Üstəlik, bu günlərdə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Tehran səfəri zamanı İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə yeni körpünün tikintisini də müzakirə edib. Tərəflər belə qənaətə gəliblər ki, Araz çayı üzərində ikinci körpünün tikintisi iki ölkə arasında nəqliyyat tutumunu artıracaq və iqtisadi əməkdaşlığın daha çox inkişafına töhfə verəcək. Eyni zamanda erməni nazir Kacaran-Əkərək yolunun tikintisindəki irəliləyişləri də vurğulayıb. Beləliklə, Tehran və İrəvanın kağız üzərində əməkdaşlığı pik səviyyəyə çatıb. Reallaşacaqmı, demək çətindir. Bu arada, bir müddət öncə saxta “erməni soyqırımı” ilə bağlı hərəkətə keçən və Azərbaycanın etirazlarından sonra prosesi tormozlayan İsrail hökumətinin İran – Ermənistan əməkdaşlığının çiçəklənməsinə reaksiyası necə olacaq? Maraqlıdır, nə Avropa İttifaqından, nə ABŞ, nə də İsraildən səs-soraq var...Hətta Rusiya qazının sıxışdırılmasına da Kremldən təpki yoxdur...Bütün bu oyunlar Zəngəzur dəhlizinin reallaşmasını əngəlləmək üçün düşünülüb, heç şübhəsiz...

Dəhlizin boğazına tıxanmış “kal armud” hələ ki, əngələ çevrilib...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR