Onlayn ictimai-siyasi qəzet
Belarus Prezidenti Aleksandr Lukaşenko hakimiyyəti oğullarından heç birinə ötürmək niyyətində olmadığını bir daha açıqlayıb. O, hakimiyyətin varislik yolu ilə oğlu Nikolaya və ya digər övladlarına verilməsi barədə danışanları sərt ifadələrlə tənqid edib.
“Deyirlər ki, burada əvəzləyici var, hakimiyyət uşaqlara veriləcək. Tamamilə axmaqlardır. Onlar bunun necə bir iş olduğunu bilmirlər”, - deyə Belarus lideri bildirib.
Lukaşenkonun sözlərinə görə, hakimiyyətin ötürülməsi sadəcə prezident postunun başqa bir şəxsə verilməsi demək deyil. Onun fikrincə, ölkənin əvvəlki rəhbərinin gördüyü işlər sistemləşdirilməli və gələcək rəhbərə elə bir vəziyyətdə təqdim edilməlidir ki, həmin şəxs ölkənin inkişafını davam etdirə bilsin.
Belarus lideri bildirib ki, əsas məsələ dövlətin gələcək rəhbərliyinə hazır siyasi və iqtisadi “miras” qoymaqdır. O, yeni rəhbərin əvvəlki siyasəti davam etdirərək ölkəni inkişaf etdirməsinin, əvvəlki nailiyyətləri dağıtmamasının vacibliyini vurğulayıb.
Müxalifətsiz ölkə kimə qalacaq?
Lukaşenkonun oğulları arasında xüsusilə 2004-cü il təvəllüdlü Nikolayın adı uzun illərdir mümkün varis kimi hallanır. Bunun əsas səbəblərindən biri onun uşaqlıq yaşlarından atasının yanında görünməsi və dövlət səviyyəli tədbirlərdə iştirak etməsidir.

Lukaşenko daha əvvəl də hakimiyyətin övladlarına ötürülməyəcəyini bəyan edib. 2021-ci ildə isə bildirib ki, onun uşaqlarından heç biri özündən sonra prezident olmayacaq.
32 ildir ki, “ağ rusların” dövlət başçısı olan Lukaşenko ölkəsində yarı sosialist, yarı avtoritar sistem qurub. Avropa dövləti sayılan Belarusda Lukaşenkodan sonra hakimiyyətə kimin gələcəyi qeyri-müəyyən olaraq qalır. Yalnız bir dəfə - 2020-ci ildə Svetlana Tixanovskaya müxalifətin lideri olaraq cəmiyyətin yetərli elektoratını küçəyə çıxarmağı bacarmışdı, amma Qərbdən ciddi dəstək almadı, sonra Litvaya qaçmaq məcburiyyətində qaldı.
Ona görə də Lukaşenkodan sonra bu sistemin saxlanması mümkündür. Bu halda Minskdə liderin kim olacağına Kreml sarayında qərar veriləcək və indiki iqtidarın içində püxtələşmiş təcrübəli bir dövlət məmuru önə çıxarılacaq. Gedişat bunu göstərir.
Amma Ukrayna müharibəsinin sonu Rusiyada ciddi siyasi dəyişikliyə səbəb olarsa, onda ittifaq dövləti Belarusda da sistem refreş oluna bilər. Çünki Qərb Avropaya Polşa və Baltikyanı ölkələr üzərindən çıxışı olan bir ölkədə belə bir siyasi rejimin mövcudluğunda maraqlı deyil.
Qərb ona niyə korrupsioner demir?
İndiki halda isə Lukaşenko nə qədər sağdır, siyasi hakimiyyət varlığını davam etdirəcək. Lakin Belarus prezidentini Yaxın Şərqdə və ya başqa coğrafiyalardakı avtoritar liderlərdən fərqləndirən bir müsbət cəhət var - Qərb ona heç vaxt korrupsiya ittihamı irəli sürməyib...

Lukaşenko 30 avqust 1954-cü ildə Belarusun Vitebsk şəhərində anadan olub. Mogilev adına Pedaqoji İnstitutun məzunu olduqdan sonra 1985-ci ildə Belarus Kənd Təsərrüfatı Akademiyasını bitirən Lukaşenko 1975-1977-ci illərdə Sovet Sərhəd Mühafizə Korpusunda, 1980-1982-ci illərdə isə Sovet Ordusunda xidmət edib. Sovet ordusunda zabit kimi xidmət etdikdən sonra 1982-1985-ci illər arasında kolxoz təsərrüfatının vitse-prezidenti vəzifəsini icra edib, burada sovxoz və tikinti materialları fabriklərində rəhbər vəzifələrdə çalışıb.
1990-cı ildə siyasətə qatılaraq Belarus Sovet Sosialist Respublikasının parlamentinə deputat seçilib. 1993-cü ildə antikorrupsiya komitəsinin sədri vəzifəsində çalışıb. Sovet İttifaqı dağılandan sonra o vaxta qədər bir çox vəzifələrdə olan Lukaşenko 10 iyul 1994-cü ildə keçirilən seçkilərdə birinci turda 45,1 faiz səslə, ikinci seçkilərdə isə 80,1 faiz səslə prezident seçilib.
Mixail Qusmana verdiyi müsahibədə prezident kimi ilk günlərini belə təsvir edib: “Hələ 40 yaşım belə yox idi və çox vacib qərarlar verməli idim. Böyük Sovet İttifaqının güclü iqtisadiyyatını, iri Belarus müəssisələrini (MAZ, BelAZ, MTZ və s.) və Sovet İttifaqının ağac emalı üzrə ən vacib sənaye mərkəzi olan Belarusu talan edən canavarlar ölkəni faktiki olaraq talan edirdilər. Millətçi şüarlar siyasətdə çox populyar idi. Mağazalardakı rəflər boş idi, insanlar faktiki olaraq aclıq çəkirdilər. Hətta çörəyin qiyməti bir gündə 18 dəfə artmışdı”.
Bundan sonra o, korrupsiyaya qarşı mübarizəyə başlayıb. Elə indi də sovet sisteminin müəyyən idarəetməsini saxlayan Lukaşenkonun məhz bu səbəbdən barəsində korrupsiya faktı aşkar olunmayıb. Bununla belə, 10 aprel 2006-cı ildən Lukaşenko və digər 31 yüksək vəzifəli Belarus rəsmisinin Aİ ölkələrinə səyahət etməsi qadağan edilib. 18 may 2006-cı ildə isə Avropa Birliyi Lukaşenko və digər 35 dövlət məmurunun hesablarını dondurmaq qərarına gəlib.
Məktəbli sevgisi, həkim, deputat və modellə eşq...
Ona öz ölkəsində Alyaksandar Rıqoroviç və “Batka” deyirlər. “Batka” yerli dildə “ata”, yaxud “ağsaqqal” deməkdir. Rıqoroviçin milliyyətcə belarus, yaxud ukraynalı olması mübahisəli mövzudur. 1924-cü ildə doğulmuş, 2015-ci ildə vəfat etmiş anasının - Yekaterina Trofimovnanın kimliyi bilinsə də, atası Rıqorun və ya Qriqorinin kimliyi bilinmir.
Lukaşenko 1975-ci ildə orta məktəb sevgilisi Qalina Jelneroviçlə evlənib. Elə həmin il onların böyük oğulları Viktor dünyaya gəlib. İkinci oğulları Dmitri isə 1980-ci ildə doğulub. Həyat yoldaşı Qalina Şklov yaxınlığındakı bir kənddə ailəsinin evində ayrı yaşayır. Hələ də qanuni nikahda olsalar da, Qalina Lukaşenko ərindən ayrılıb və prezidentin saytında dərc olunmuş tərcümeyi-halında onun haqqında heç bir məlumat yoxdur.
“Batka”nın Nikolay adlı oğlu isə 2004-cü ildə anadan olub. Anası İrina Abelskayadır. O, prezidentin şəxsi həkimi olub və yaranmış münasibət Belarusda geniş yayılmış bir mövzudur.
İrina digər qadınların Lukaşenkonun həndəvərində dolaşmasına qısqanclıqla yanaşırmış. Deyirlər ki, bir dəfə Lukaşenko Yeni il qəbulunda nazirlərdən birinin arvadı ilə rəqs edərək əylənirmiş. İrina musiqinin dayanmasını gözləmədən cütlüyü ayırmaqdan çəkinməyib, bəyan edib ki, indi Aleksandrla rəqs etmək növbəsi onundur...
İrina həm də bir çox məmurlar üçün prezidentə zəruri məlumatları çatdırmaqda xüsusi rol oynayırmış. Məsələn, prezidentin işlər idarəsinin keçmiş rəhbəri İvan Titenkovun sözlərinə görə, o bir neçə dəfə Lukaşenkoya informasiyanı Abelskaya vasitəsilə ötürüb.
Bundan başqa, prezidentin həyatında Mariya Vasileviçin adı da keçir. O, 2018-ci ilin mayında “Miss Belarus” tacını aldıqdan sonra Lukaşenko ilə tez-tez ictimaiyyət arasında görünürdü. Prezident xanım Vasileviçi “mədəniyyət və xeyriyyəçilik sahəsinə” əhəmiyyətli töhfəsinə görə dövlət medalı ilə təltif edib. Hətta onu deputat seçdirib.
Ancaq bu da son deyil. Lukaşenkonun gənc sevgilisi Aliya Korotkaya ilə münasibətləri 2026-cı ildə qlobal xəbərə çevrilib. 22 yaşlı model dövlət protokol tədbirlərində Lukaşenkonu müşayiət edir. İddialara görə, “Batka” modelə hədiyyə olaraq yumşaq oyuncaqlar verir.
Aliya Korotkayanın yüksəlişi ənənəvi Belarus ritualını xatırladır. Lukaşenkonun gözəllik müsabiqələrinə marağı və bu yarışmaların iştirakçılarını öz yaxın çevrəsinə daxil etmək təcrübəsi hamıya məlum bir faktdır. Korotkaya “Miss Minsk”, “Miss Viva Braslav” və “Miss Belarus” kimi milli müsabiqələrdə, eləcə də Rusiyada keçirilən beynəlxalq “Miss BRICS” müsabiqəsində iştirak edib.
“Ayfon” düşməni, ateist...
Lukaşenkonun şəxsi baxışlarına gəlincə, özünü ortodoks ateist kimi təsvir edir. Onun fikrincə, prezident mühafizəkar olmalı, “aypad”, “ayfon” modellərindən istifadə etməməlidir. “Batka” əvvəllər futbol oynayıb, lakin prezident postuna gələndə bu hobbisindən uzaqlaşıb.
Beləliklə, kolxoz sədrliyindən prezident kürsüsünə gəlib çıxan “Batka”, deyəsən, belə getsə, ömrünün sonunacan Belarusun prezidenti kimi qalacaq və tez-tez sevgililər dəyişəcək. Prezident özü də bu məsələləri çox açıq danışan siyasətçidir.

“Nə olub, mən yeganə prezidentəm ki, uşaqlarım var? Onlar öz arvadlarından yox, başqa arvadlarından, daha kimlərdənsə olan uşaqlarını ictimailəşdirmək istəmirlər. Mən nə vaxtsa Putinlə uşaqla bağlı öz fikirlərini bölüşmüşəm, o deyib: ”Aleksandr Qriqoryeviç, uşaqlar Allah vergisidir". Bəli, uşaqlar Allahdan gələn vergidir. Burada utanmalı nə var ki?", - müsahibələrinin birində demişdi.
Amma son çıxışında övladlarının prezident olmayacağını desə də, hələ 2007-ci ildə bəyan edib ki, varis kimi böyük oğlu Viktoru yox, ən balacasını hazırlayacaq: “Unikal insandır”.
“Hər yerdə söhbət gedir ki, guya bu təşkilat (söhbət "Belaya Rus" İctimai Birliyindən gedir) gələcək prezident üçün yaradılıb və bunun vasitəsilə böyük oğlum prezident olacaq. Mən artıq demişəm: kiçik oğlum Belarusun prezidenti olacaq".
Xatırladaq ki, kiçik oğlu Nikolay 2004-cü il avqustun 31-də anadan olub. İndi də aylardan avqustdur və “Batka” varislik məsələlərindən fərqli açıqlamalar verir. Hər halda, çar Rusiyasında Nikolay adı məlumdur, kim deyə bilər ki, “ağ ruslar”ın da Nikolayı olmayacaq...
Emil SALAMOĞLU,
“Yeni Müsavat”ın redaktoru
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ