Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 6-da Ermənistan parlamentinin iclasında hakim "Vətəndaş Müqaviləsi" və müxalifətdəki "Güclü Ermənistan" fraksiyalarının deputatları arasında mübahisə baş verib.
Musavat.com xəbər verir ki, mübahisə davaya çevrilib.
Parlamentin bugünkü sessiyasının gündəliyinə müxalifətin konstitusiyaya zidd hesab etdiyi "Bir sıra ruhanilərin fəaliyyəti nəticəsində Ermənistan Apostol Müqəddəs Kilsəsində yaranan böhranı, eləcə də Ermənistan Apostol Müqəddəs Kilsəsinin erməni xalqının mənəvi həyatında, milli mədəniyyətin inkişafında və milli kimliyin qorunmasında müstəsna missiyasını yerinə yetirməməsinin yaratdığı problemləri araşdıran istintaq komissiyasının üzvlərinin sayının müəyyən edilməsi haqqında" layihə daxil edilib. Bu da parlamentdə iqtidarla müxalifət deputatlarının qarşıdurmasına gətirib çıxarıb.
Onu da deyək ki, Ermənistan parlamentində Erməni Apostol Kilsəsindəki böhranı və bəzi din xadimlərinin fəaliyyətini araşdırmaq məqsədilə istintaq komissiyası yaradılıb.
Yeri gəlmişkən, AŞPA deputatı Edvard Li Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə qarşı görünməmiş təzyiq göstərdiyini və kilsənin daxili işlərinə müdaxilə etdiyini bildirib. Eyni zamanda, Li Ermənistanda keçirilən parlament seçkilərinə hazırkı hökumətin Erməni Apostol Kilsəsinə münasibəti kontekstində baxmağı təklif edib. Li Avropa Şurasını Ermənistanda kilsə azadlığı məsələsinə xüsusi diqqət yetirməyə çağırıb.
Musavat.com yazır ki, uzun müddətdir Erməni Apostol Kilsəsi ilə Ermənistan hakimiyyəti arasında yaranmış qarşıdurma səngimir. Hakimiyyət bütün ermənilərin katolikosu II
Qareginin dərhal istefa verməsini tələb edir. Erməni cəmiyyətində sabitlik yaratmaqda qətiyyətli görünən Nikol Paşinyan bu günlər əvvəlki tələbini təkrarlayaraq yenə də II Qaregini istefaya çağırıb. Baş nazir mətbuata açıqlamasında artıq katolikosun islahat prosesində iştirak etmək üçün bütün imkanlarını tükəndirdiyini, Eçmiədzin ana taxtını azad etməli olduğunu bildirib.
“Biz kilsənin mənimsənilməsini aradan qaldırmaq üçün qanunvericilikdə dəyişikliklər edəcəyik ki, xalq Kilsənin idarə olunmasında tam şəkildə iştirak etsin”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 1-də keçirilən brifinq zamanı Erməni Apostol Kilsəsi ilə dövlət arasındakı münasibətləri tənzimləyən qanunvericilik dəyişiklikləri ilə bağlı danışarkən deyib.
Paşinyan bildirib ki, Erməni Apostol Kilsəsi ilə bağlı yaxın vaxtlarda yayımlanan hesabatın məqsədi kilsənin bəzi qurumlarının legitimliyi məsələsini göstərməkdir.
Onun sözlərinə görə, hesabatda müxtəlif mənbələrə istinadların verilməsi böhranın hakimiyyət tərəfindən yaradılmadığını göstərmək məqsədi daşıyır.
“İstinadlar ona görə gətirilib ki, göstərilsin: böhranı biz yaratmamışıq, siz yaratmısınız. Böhranın müəllifləri biz deyilik, bəzilərinin təqdim etməyə çalışdığı kimi. Bu böhran bizdən asılı olmayaraq mövcuddur”, - deyə Paşinyan bildirib.
Ermənistanın baş naziri hesab etdiyini bildirib ki, kilsə mənimsənilib və kilsə yalnız katolikos və ya yepiskoplardan ibarət deyil. Onun sözlərinə görə, kilsə inanan xalqdır və həmin xalq hazırda kilsənin idarə olunmasından təcrid edilib.
Paşinyan həmçinin yepiskopların təsir agentləri olması ilə bağlı qaldırılan məsələ üzrə istintaq komissiyasının yaradılacağını açıqlayıb.
Emil Salamoğlu,
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ