Onlayn ictimai-siyasi qəzet
"Brüssel Gürcüstanla dialoq əvəzinə boykota üstünlük verir və bu da Avropa dəyərlərinə kökündən ziddir".
Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzv ölkələr Gürcüstanla Aİ arasında dialoqda maraqlıdırlar.
"Təəssüflər olsun ki, hazırda Brüssel Gürcüstanla Avropa İttifaqı üzvləri arasındakı münasibətlərdə maneə rolunda çıxış edir. Gürcüstan üçün üzv ölkələrlə əlaqələr saxlamaq vacibdir, belə ki, qarşıdurma Avropa yolu deyil. Brüssel bürokratiyası təəssüf ki, məhz bu qeyri-Avropa yolunu seçib. Brüsselin qarşıdurmadan imtina edib Avropa yoluna dönməsinin zamanı yetişib", - deyə Şalva Papuaşvili əlavə edib.
Brüssel-Tiflis münasibətlərinin artıq geridönməz həddə qırıldığından və Gürcüstanın Avropa İttifaqına yolunun bağlandığından danışmaq mümkündürmü?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Avropa İttifaqının Gürcüstanın indiki hökuməti ilə dialoq aparmaq istəmədiyi, onun əleyhinə olduğu açıq görünür:
"Gürcüstan hökuməti nə qədər çalısa da ki, ABŞ və Avropa İttifaqı ilə münasibətləri normallaşdırsın, bu, alınmır. Baxmayaraq ki, illər öncə Gürcüstan Avropa İttifaqına üzvlük yolunda Ukrayna ilə bərabər qəbul olunmuşdu. İndi artıq bundan da danışmaq mümkün deyil, bu gün həmin yol qapanmış görünür. Belə görünür Gürcüstanda nə qədər ki, indiki hökumət iqtidardadır, Brüssellə dialoq alınmayacaq. Halbuki vaxtilə postsovet ölkələrindən məhz Gürcüstan Aİ ilə daha yaxın idi və dialoq şəraitindəydi. Bu gün isə Cənubi Qafqaz ölkələrindən Azərbaycan və Ermənistan Aİ ilə daha sıx əməkdaşlıq edirlər, nəinki Gürcüstan. Bu vəziyyətin yaxın müddətdə dəyişəcəyini də söyləmək çətindir".
Etibar Seyidağa,
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ