İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici turistlərə milyonlarla manat ƏDV qaytarılır: Büdcəyə zərər vurmur? – AÇIQLAMA

Azərbaycanda xarici vətəndaşlara “Tax free” sistemi vasitəsilə qaytarılan əlavə dəyər vergisinin (ƏDV) məbləği yenidən diqqət çəkir.

Rəsmi məlumata görə, 2026-cı ilin yanvar–sentyabr aylarında xarici vətəndaşların Azərbaycanda fərdi istehlak üçün aldıqları mallara görə 7 milyon 319,2 min manat ƏDV qaytarılıb. Yanvar–avqust aylarında isə bu məbləğ 6 milyon 208,3 min manat olub.

Bu mexanizm xarici turistləri ölkədə alış-verişə təşviq etmək, turizm gəlirlərini artırmaq və Azərbaycanın ticarət imkanlarını genişləndirmək məqsədi daşıyır. Lakin turistlərə vergi qaytarılmasının iqtisadi baxımdan nə qədər səmərəli olduğu, bu sistemin ölkəyə əlavə gəlir gətirib-gətirmədiyi və dövlət büdcəsinə təsiri də müzakirə mövzusudur.

Xarici vətəndaşlara ƏDV-nin qaytarılması dövlət büdcəsi üçün hansı xərcləri yaradır? Xarici turistlərin Azərbaycanda xərclədiyi vəsaitin nə qədəri yerli iqtisadiyyata real gəlir gətirir?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a bildirib ki, xarici vətəndaşlara ƏDV-nin qaytarılması təkcə Azərbaycana xas praktika deyil, Avropada və digər ölkələrdə də geniş yayılıb.
İqtisadçının sözlərinə görə, bu mexanizm dövlət üçün birbaşa əlavə xərc yaratmır. Sadəcə, dövlət ƏDV gəlirindən məhrum olur. Bununla belə, verginin qaytarılmadığı halda xarici turistlərin eyni həcmdə alış-veriş edib-etməyəcəyi də nəzərə alınmalıdır: “Əgər turist 1000 manatlıq mal alırsa, ƏDV qaytarıldığı üçün həmin məhsul ona daha ucuz başa gəlir və o, bu alış-verişi edir. Bəs eyni məhsul ƏDV ilə 1080 manata satılsaydı, turist yenə həmin həcmdə mal alacaqdımı? Bu sual hələ də açıq qalır. Ona görə də sırf 18 faizin hamısını itirdiyimizi demək olmaz. Ola bilər ki, faktiki itki daha az olsun.

İkincisi, məhsulun qiyməti təkcə əlavə dəyər vergisindən ibarət deyil. Qiymətə məhsulun maya dəyəri ilə bağlı xərclər, sahibkarın mənfəət norması, satış, kommunal xidmətlər və işçilik xərcləri də daxildir. Yəni məhsulun qiymətinin formalaşmasında bir çox amil iştirak edir".

İqtisadçıya görı, məhsulun idxal olunması və ya yerli istehsal olması da əhəmiyyətlidir:" Əgər yerli məhsul satılırsa, dəyər zəncirinin daha böyük hissəsi ölkə daxilində formalaşır. Məhsul idxal edilsə belə, onun satışı zamanı işçilik, icarə və digər xərclər yaranır və sahibkar bunları qiymətə əlavə edir. Deməli, həmin məhsulun satışından əldə olunan gəlirin müəyyən hissəsi yenə də ölkə iqtisadiyyatında qalır. Söhbət 397 milyon 7 milyon 319 min manat kimi bir rəqəmdən gedirsə, bu baxımdan çox böyük məbləğdən danışmırıq.

Konkret olaraq, bu məsələdə sualınıza dəqiq rəqəmlə cavab vermək mümkün deyil. Çünki vəziyyət hər məhsul üzrə fərqlidir. Yerli istehsal olan məhsulun da bütün komponentləri mütləq ölkə daxilində istehsal edilmir. Bir məhsulun maya dəyərinin formalaşmasında daxili istehsalın və ölkə daxilində həyata keçirilən proseslərin payı 10 faiz, digərində isə 70 faiz ola bilər. Bu, məhsuldan asılıdır.

Amma istənilən halda xarici turistin Azərbaycanda pul xərcləməsi, alış-veriş etməsi ölkə iqtisadiyyatı üçün faydalıdır. Dövlət ƏDV-nin 18 faizindən məhrum ola bilər, lakin bu mexanizm biznes üçün fayda yaradır. Üstəlik, biznesin digər fəaliyyətləri və xərcləri ilə bağlı da dövlətə vergilər ödənilir”.

Afaq Mirayiq,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR