İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı dənizçilərin olduğu gəmilər vuruldu: Kapitan danışdı - VİDEO

Rusiyanın Rostov şəhərində Don çayında azərbaycanlı dənizçilərin olduğu yük gəmiləri dron hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, hərəkəti təxminən dörd aydır dayanan gəmilər Ukrayna tərəfindən vurulub.

Hazırda çayda qalan dənizçilər həm təhlükəsizlik, həm də maddi problemlərlə üzləşirlər.

Bu barədə Musavat.com-a Türkiyənin “Adler Gəmiçilik” (“Adler Denizcilik”) şirkətinə məxsus “Consul” adlı yük gəmisinin azərbaycanlı kapitanı Səbuhi Salahov məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlı dənizçilərin olduğu iki gəmi - “Omskiy-121” və “Galisa” da hücuma məruz qalıb.

Səbuhi Salahov bildirib ki, Don çayında qalan gəmilərin hər birində 10-13 azərbaycanlı dənizçi var.

Kapitanın sözlərinə görə, sözügedən gəmilər Türkiyə şirkətlərinə məxsusdur. Onlar Rusiyadan yük götürərək Türkiyəyə və ya digər istiqamətlərə daşınma həyata keçirməli olsalar da, Azov və Qara dənizdə dron hücumları təhlükəsi səbəbindən artıq dörd aya yaxındır hərəkət edə bilmirlər.

Salahov qeyd edib ki, əvvəlcə dənizdəki gəmilər hədəfə alınsa da, son günlər Don çayında dayanmış gəmilərə də hücumlar edilir. Bu isə heyət üzvlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.

Kapitanın sözlərinə görə, bəzi şirkətlər gəmilərdə yalnız minimum sayda heyət saxlayır, digər işçiləri isə sahilə buraxır. Belə gəmilərdə üç-dörd nəfər növbətçi kimi qalır və maaşlarını almağa davam edir. Lakin bütün dənizçilər üçün vəziyyət eyni deyil.

Səbuhi Salahov bildirib ki, bəzi gəmilərin heyət üzvləri maaşlarını ala bilmədiklərinə görə gəmini tərk edib Azərbaycana qayıtmaqda çətinlik çəkirlər.

Onun sözlərinə görə, ərazidəki gəmilərin bəzilərinə hətta bir neçə gün və ya bir həftə əvvəl gələn dənizçilər də var. Onlar ərazidə müharibə təhlükəsinin olmasına baxmayaraq, gəmilərdə işləməyə davam edirlər.

Hazırda Don çayında qalan dənizçilər həm hücum təhlükəsi, həm də əməkhaqqı və evə qayıdışla bağlı problemlərlə üz-üzədirlər.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR