Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanda gömrük sistemində genişmiqyaslı korrupsiya faktları üzə çıxarılıb.
Musavat.com xəbər verir ki, prezident Sadır Japarov 15 gömrük əməkdaşının saxlanıldığını və dövlət büdcəsinə daxil olan vəsaitin kəskin artdığını açıqlayıb.
Dövlət başçısı hakimiyyətə gəldiyi dövrdə gömrükdən büdcəyə təxminən 30 milyard som (583 milyon manat) daxil olduğunu, hazırda isə bu göstəricinin 160 milyard soma (3 milyard 110 milyon manat) çatdığını bildirib.
Prezidentin sözlərinə görə, ən diqqətçəkən məqam idxal və ixrac olunan malların həcminin təxminən əvvəlki səviyyədə qalmasıdır.
“Mən hakimiyyətə gələndə gömrük təxminən 30 milyard som (583 milyon manat) toplayırdı. İndi isə daxilolmalar 160 milyard soma (3 milyard 110 milyon manat) çatıb. Halbuki idxal və ixracın həcmi təxminən əvvəlki səviyyədə qalıb”, – deyə Japarov vurğulayıb.
Dövlət başçısı gömrük sistemində rüşvət yığılmasının mütəşəkkil şəkildə həyata keçirildiyini də açıqlayıb.
Onun sözlərinə görə, gizli kameralar vasitəsilə gömrük və sərhəd əməkdaşlarının sürücülərdən necə pul aldıqları qeydə alınıb.
“Gizli kamera göstərdi ki, hər gün bir sürücü içəri daxil olurdu. Əvvəlcə gömrük əməkdaşı pulu alıb cibinə qoyurdu, ardınca sərhədçi də eyni hərəkəti edirdi”, – deyə prezident bildirib.
Japarovun açıqlamasına əsasən, rüşvət toplamaqda iştirak edən 15 gömrük əməkdaşı saxlanılıb.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ