İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Rusiyaya qarşı müharibə planını açıqladı – Kalininqrad və Belarus hədəfdə

NATO Rusiyanın mümkün hücumuna qarşı yeni müdafiə strategiyasını təqdim edib. Plana əsasən, alyansın şərq cinahında pilotsuz uçuş aparatları və döyüş robotlarından ibarət müdafiə zonası yaradılması, zərurət yaranarsa, Rusiyanın və Belarusun hərbi obyektlərinə uzaqmənzilli raket zərbələri endirilməsi nəzərdə tutulur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə NATO-nun Avropadakı müttəfiq qüvvələrinin baş komandanı, amerikalı general Aleksus Qrinkeviç Varşavada keçirilən təhlükəsizlik forumunda danışıb.

General bildirib ki, Rusiyanın Avropada həyata keçirdiyi iddia olunan təxribatlar və hibrid hücumlar alyans ölkələrinin əhalisi arasında narahatlıq yaradıb. Bununla belə, o, Rusiya ilə birbaşa müharibənin qaçılmaz və ya yaxın olduğunu düşünmədiyini vurğulayıb.

“Mən münaqişənin qaçılmaz olduğunu hesab etmirəm. Lakin alyansımızın bir milyard vətəndaşını əmin etmək istəyirəm ki, biz nə etməli olduğumuzu və bunu necə edəcəyimizi bilirik. Bizə hücum etməyi düşünənlər də bunu bilməlidirlər. Yaxşı olar ki, NATO-ya hücum etməsinlər”, – deyə Qrinkeviç xəbərdarlıq edib.

“The Wall Street Journal”ın məlumatına görə, NATO-nun yeni strategiyası Rusiya qüvvələrinin mümkün hücumunu ilkin mərhələdə dayandırmağa hesablanıb. Bunun üçün nisbətən ucuz və kütləvi istehsal edilə bilən hərbi texnologiyalardan, xüsusilə Ukrayna istehsalı olan dronlardan istifadə planlaşdırılır.

Alyansın şərq cinahında geniş “avtonom zona” yaradılması nəzərdə tutulur. Burada pilotsuz uçuş aparatları və yerüstü döyüş robotları Rusiya qüvvələrinin irəliləməsinin qarşısını almalı, NATO hərbçilərinin mümkün itkilərini minimuma endirməlidir.

Planın ən diqqətçəkən hissəsi isə Rusiyanın hərbi obyektlərinə mümkün raket zərbələridir. WSJ yazır ki, Rusiya NATO-ya hücum edəcəyi təqdirdə alyansın uzaqmənzilli raketləri Kalininqrad vilayətində, Sankt-Peterburq yaxınlığında və Belarusda yerləşən Rusiya komandanlıq məntəqələrini və hava hücumundan müdafiə sistemlərini hədəfə ala bilər.

“Biz rəqibimizi strateji məğlubiyyətə uğratmağa çalışmırıq. Məqsədimiz istənilən hücumu elə başlanğıcda dayandırmaqdır”, – deyə general bildirib.

Qrinkeviç müdafiə planının bəzi detallarını açıqlamaqda məqsədin NATO vətəndaşlarını sakitləşdirmək və Moskvaya alyansın istənilən hücuma cavab verməyə hazır olduğu mesajını çatdırmaq olduğunu vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR