İnsanlara hürriyət, millətlərə istiqlal!

Berlinin ilk türk mənşəli qadın meri olacaq? - Son söz koalisiyanındır

Almaniyanın paytaxtı Berlində keçirilən son seçkinin nəticələri Türkiyə əsilli siyasətçi Elif Eralpa diqqətləri yönəldib. Eralpın namizədi olduğu Sol Partiya (Die Linke) seçkidə ən çox səs toplayaraq Berlin siyasətində yeni mərhələnin əsas aktoruna çevrilib.

45 yaşlı Elif Eralpın valideynləri Türkiyədən Almaniyaya köçüb. Onun seçkidəki uğuru nəticəsində Eralp Berlinin ilk Türkiyə mənşəli merlərindən biri olmaq perspektivi qazanıb. Lakin bunun üçün partiyasının digər siyasi qüvvələrlə koalisiya quraraq Berlin parlamentində hökumət formalaşdırması və Eralpa dəstək verməsi lazımdır.

İndi əsas diqqət koalisiya danışıqlarına yönəlib.

Elif Eralp Berlinin ilk Türkiyə mənşəli meri ola biləcəkmi? Onun mer seçilməsi üçün hansı siyasi razılaşmalar həlledici olacaq?

1751560639722345229_1200x630.jpg (289 KB)

Milli Məclisin deputatı Elnarə Akimova Musavat.com-a söylədi ki, Elif Eralpın Berlin merliyinə mümkün yüksəlişi Türkiyə mənşəli siyasətçinin Avropanın mühüm paytaxtlarından birinə rəhbərlik edə bilməsi baxımından diqqət çəkir: "Eralp Almaniyada doğulub, burada böyüyüb, təhsil alıb və siyasi karyerasını qurub. Özü də şəxsini “tamamilə berlinli” hiss etdiyini bildirib. Valideynləri Türkiyədən gəlsə də, onun siyasi kimliyi Almaniyanın sol siyasi mühitində formalaşıb və Türkiyə ilə münasibəti birmənalı deyil. Eralp Türkiyədə qohumlarının olduğunu, İstanbulda yaşadığını və bu şəhəri “ikinci vətən” saydığını deyib. Eyni zamanda Türkiyədə demokratik dəyişikliklərin tərəfdarı olduğunu bildirib. Buna görə də onun mümkün merliyi Türkiyə ilə Almaniya arasındakı münasibətlərə xüsusi siyasi istiqamət verəcək hadisə kimi qiymətləndirilə bilməz. Çünki xarici siyasət Almaniya Federasiyasının səlahiyyətindədir və Berlin merinin bu sahədə dövlətlərarası qərarlar qəbul etmək imkanı yoxdur. Seçkidə Sol Partiyanın 25,7 faiz səslə birinci çıxması Eralpı merlik uğrunda əsas namizədlərdən birinə çevirib, lakin bu nəticə ona avtomatik olaraq mer postunu vermir. Bunun üçün Sol Partiyanın parlamentdə çoxluq yaratması və ilk növbədə Sosial-Demokratlar Partiyası və Yaşıllarla razılığa gəlməsi lazımdır. Mənzil siyasəti, sosial məsələlər və Sol Partiyanın bəzi mövqeləri ətrafında yaranan fikir ayrılıqları bu danışıqların əsas sınaqları olacaq. Ona görə də Eralpın mer seçilib-seçilməyəcəyini onun Türkiyə mənşəyindən daha çox Berlin parlamentində formalaşacaq siyasi ittifaq və əldə olunacaq hökumət razılaşması müəyyən edəcək".

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR