İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, jurnalistika deyil, Kremlin Azərbaycana qarşı demarşıdır...” – AÇIQLAMA

Rusiya informasiya məkanında Azərbaycana qarşı səsləndirilən qalmaqallı fikirlər bu dəfə daha da irəli gedib. Rusiyalı politoloq və media eksperti Semyon Uralov SSRİ-nin hüquqi varisliyini əsas gətirərək 1991-ci ilə qədər Sovet İttifaqı ərazisində doğulmuş şəxslərin Rusiya qanunları qarşısında məsuliyyət daşıdığını iddia edib. Onun sözlərinə görə, bu yanaşma müstəqil dövlətlərin rəhbərlərinə də şamil edilə bilər.

Məsələ artıq yalnız bir politoloqun qalmaqallı açıqlaması ilə məhdudlaşmır. Rusiyanın bəzi media resurslarında Azərbaycan əleyhinə təhqir və təhdid xarakterli materialların sistemli şəkildə yayılması Azərbaycan Mətbuat Şurasının da sərt reaksiyasına səbəb olub.

Azər Həsrət: Milli Şura adı altında fəaliyyət göstərən qruplaşma  ölkəmizdəki dayanıqlı sabitliyi pozmağa çalışır - AZƏRTAC

Əməkdar jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi şərhçi Azər Həsrət mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Bu, sadəcə, jurnalist etikası məsələsi deyil. Bu, konkret olaraq Kremlin Azərbaycan dövlətinə, onun rəhbərinə və siyasi xadimlərinə qarşı demarşıdır. Yəni, Kreml açıq şəkildə üzərimizə gəlmək istəyir və bunu da jurnalistlərin, yaxud ictimai şəxslərin əli ilə başlatmış olur”.

Əməkdar jurnalist qeyd edib ki, Azərbaycan cəmiyyəti indi daha da səfərbər olmalı, monolit birləşməlidir: “Biz bu gedişlərə lazımi cavabları verməliyik. Elə etməliyik ki, Rusiyada bir də kimsə çaşıb bu cür demarş etmək fikrinə düşməsin. Azərbaycan, onsuz da, kiçik dövlət olmasına baxmayaraq, dünyanın hər tərəfində öz gücünü, qüdrətini göstərib və göstərməyə də davam edəcək. Ondan savayı, arxamızda dayanacaq böyük dövlətlər də var, yeri gələndə Türk Dövlətləri Təşkilatı, Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığımız var.

Əlbəttə, belə bir dövlətin üzərinə Rusiyanın hansısa tində-bucaqda qalmış ictimai xadimlərinin, jurnalistlərinin göndərilməsi bizi o qədər də narahat etmir. Amma biz onlara cavabı ona görə verməliyik ki, bu, həm də bir nəbz yoxlanışı ola bilər. Qoy görsünlər ki, üzərimizə gəldikləri zaman layiqli cavablarını alırlar və alacaqlar. Bir daha qeyd edirəm, bu, jurnalist etikası məsələsi deyil, birbaşa Kremlin Azərbaycana qarşı körüklədiyi bir hərəkətin başlanğıcıdır. Yerində və uyğun cavabını verəcəyik, bununla da başa düşəcəklər ki, çox böyük səhv ediblər”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR