İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu müharibələr Azərbaycanın rolunu artırır

Dövlət başçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı ölkəsinin 30 milyon ton neft məhsulları istehsal etmək imkanına malik olduğunu vurğulaması son günlərin əsas mövzularından biri oldu. Prezidentin həçinin diqqət çəkdiyi əsas məqamlardan biri Azərbaycanın ətrafında davam edən müharibələrlə bağlı idi. İlham Əliyev müharibələrin dayanmasını arzuladıqlarını, lakin hazırda bunun baş vermədiyini qeyd edərək, yaranmış geosiyasi vəziyyətin Azərbaycanın neft, qaz və neft məhsullarına tələbatı artıracağını bildirib. Bu yanaşma xüsusilə Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə davam edən qarşıdurmalar fonunda Azərbaycanın enerji xəritəsindəki rolunu yenidən gündəmə gətirir. İlham Əliyev eyni zamanda “yaşıl keçid” adı altında ənənəvi enerji resurslarına qarşı aparılan kampaniyalara da münasibət bildirib. Prezident qeyd edib ki, neftsiz, qazsız və yanacaqsız heç bir iqtisadiyyatın inkişafı mümkün deyil. Azərbaycanın COP29-a ev sahibliyi etdiyi dövrdə ölkəmizə qarşı səsləndirilən tənqidlərin əsassız olduğunu vurğulayan dövlət başçısı enerji təhlükəsizliyinin qlobal iqtisadiyyat üçün əhəmiyyətini önə çəkib.

Prezidentin mesajının ən mühüm tərəfi isə Azərbaycanın enerji resurslarının artıq yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də ciddi geosiyasi və təhlükəsizlik amili kimi qiymətləndirilməsidir. İlham Əliyevin sözlərinə görə, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və bu reallıq fonunda Azərbaycanın beynəlxalq enerji sistemində rolu daha da artacaq. Beləliklə, dünyada müharibələr və enerji böhranları dərinləşdikcə Azərbaycan öz neft və qaz ehtiyatları, istehsal və ixrac imkanları, eləcə də etibarlı enerji tərəfdaşı kimi mövqeyi ilə daha böyük strateji əhəmiyyət qazanır.

Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki qarşıdurmalar Azərbaycanın enerji bazarındakı geosiyasi çəkisini daha da artıra bilərmi?

WhatsApp Image 2026-10-07 at 14.36.45 (1).jpeg (91 KB)

Milli Məclisin deputatı Kamran Bayramov Musavat.com-a bildirib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi bəyanatlar ölkənin enerji strategiyasının, milli təhlükəsizlik prioritetlərinin və xarici siyasət kursunun dinamik dəyişən qlobal geosiyasi reallıqlara tam uyğunlaşdığını nümayiş etdirir:

“Qara dəniz hövzəsində davam edən Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə getdikcə dərinləşən regional münaqişələr dünyada enerji təhlükəsizliyi məsələsini yenidən ən kritik gündəm mövzusuna çevirib. Azərbaycanın milli maraqları baxımından bu qarşıdurmalar yalnız regional risklər deyil, həm də ölkəmizin beynəlxalq aləmdəki strateji çəkisini artıran, onu Avrasiyanın əvəzolunmaz enerji və loqistika qovşağına çevirən obyektiv tarixi faktorlar kimi çıxış edir. Rusiya qarşısında tətbiq edilən beynəlxalq sanksiyalar və Yaxın Şərqdə tədarük zəncirlərinin kəsilməsi təhlükəsi Qərb dövlətlərini şaxələndirilmiş, sabit və siyasi risklərdən azad enerji mənbələrinə yönəlməyə vadar edib. Belə bir şəraitdə Azərbaycanın illik 30 milyon ton neft məhsulları istehsal etmək imkanına və zəngin karbohidrogen ehtiyatlarına malik olması dövlətimizin xarici siyasətdəki manevr imkanlarını genişləndirir və geoiqtisadi nüfuzunu keyfiyyətcə yeni səviyyəyə qaldırır. Enerji resurslarının sadəcə iqtisadi gəlir mənbəyi kimi deyil, birbaşa milli təhlükəsizlik və geosiyasi nüfuz amili kimi qiymətləndirilməsi Azərbaycan xarici siyasətinin ana xəttini təşkil edir. Dövlət başçısının vurğuladığı kimi, enerji təhlükəsizliyi hər bir suveren dövlətin milli təhlükəsizliyinin tərkib hissəsidir. Avropanın enerji xəritəsində əsas etibarlı tərəfdaşlardan birinə çevrilən Bakı özünün geoiqtisadi üstünlüklərini suverenliyinin möhkəmləndirilməsinə, Qarabağ və Şərqi Zəngəzurun bərpasına və regionda öz diktə etdiyi sülh gündəliyinin təmin olunmasına yönəldir. Neft və qaz ixracatçısı kimi Azərbaycanın rolunun artması Qərb güclərinin regiondakı balanslı siyasət yürütməsinə şərait yaradır və Bakının beynəlxalq təzyiqlərdən müdafiə olunmasında mühüm rol oynayır. Eyni zamanda, ideoloji əsasda aparılan "yaşıl keçid" kampaniyalarına qarşı Prezident İlham Əliyevin nümayiş etdirdiyi praqmatik mövqe qlobal iqtisadiyyatın obyektiv reallıqlarına söykənir. COP29 kimi mötəbər iqlim konfransına ev sahibliyi etməklə yanaşı, Azərbaycan ənənəvi enerji resurslarının yaxın onilliklərdə inkişafın əsas hərəkətverici qüvvəsi olaraq qalacağını cəsarətlə bəyan edir. Bu yanaşma neft və qaz hasil edən ölkələrin hüquqlarının müdafiəsi ilə yanaşı, neftsiz və qazsız dayanıqlı iqtisadiyyatın mümkün olmadığını açıq şəkildə ortaya qoyur”.

Deputat onu da diqqətə çatdırıb ki, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki eskalasiya Azərbaycanın enerji bazarındakı geosiyasi çəkisini və strateji əhəmiyyətini birmənalı şəkildə daha da artırır:

“Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, öz infrastrukturunu tam müstəqil şəkildə quran və Avropanın enerji təhlükəsizliyinə birbaşa töhfə verən Azərbaycan cari böhranlardan zərər görən tərəf deyil, əksinə, qlobal güclərin ehtiyac duyduğu etibarlı dayaq nöqtəsi kimi ortaya çıxır. Bu reallıq ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, uzunmüddətli milli maraqlarımızın, ərazi bütövlüyümüzün, suverenliyimizin və iqtisadi müstəqilliyimizin təmin olunmasına xidmət edir. Dünya dərin münaqişələr və enerji çatışmazlıqları dövrünə qədəm qoyduqca, Azərbaycanın neft-qaz resursları, balanslaşdırılmış xarici siyasəti və güclü liderliyi sayəsində qlobal geoiqtisadiyyatdakı mövqeyi daha da sarsılmaz xarakter alır”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR