Onlayn ictimai-siyasi qəzet
İkinci Polşa Respublikası dövrünə aid 1928-ci il istehsalı 5 zlotı nominalında gümüş sikkə hərracda 45 min dollara satılıb. Sikkənin yüksək qiyməti onun nadirliyi, xüsusi zərb detalları və demək olar ki, qüsursuz vəziyyəti ilə əlaqələndirilir.
Musavat.com xəbər verir ki, söhbət 1928-1932-ci illər arasında istehsal edilən 5 zlotı dəyərində gümüş sikkədən gedir. Hazırda olduqca nadir hesab olunan bu sikkələrin qiyməti əsasən qorunma vəziyyətindən, zərb xüsusiyyətlərindən və bazarda mövcud olan nümunələrin sayından asılıdır.
Sikkənin arxa tərəfində sağa doğru addımlayan qədim yunan qələbə ilahəsi Nike və “Rzeczpospolita Polska” yazısı əks olunub. Ön hissəsində isə taclı Polşa qartalı, istehsal ili və “5 zloty” yazısı yer alır.
Sikkənin kənarında latınca “Salus rei publicae suprema lex” ifadəsi həkk olunub. Bu ifadə “Dövlətin rifahı ən yüksək qanundur” mənasını verir.
Sikkənin istehsal edildiyi dövrdə tərkibindəki gümüşün bazar dəyəri nominal dəyərindən yüksək olub. Buna görə də dövriyyəyə buraxılan sikkələrin böyük hissəsi sonradan əridilib.
Nəticədə həmin dövrdən günümüzə qədər gəlib çatan nümunələrin sayı xeyli azalıb. Bu isə sikkələrin kolleksiya bazarında dəyərinin yüksəlməsinə səbəb olub.
Mütəxəssislərə görə, təmizlənməmiş, aşınmamış və zədəsiz sikkələr kolleksiyaçılar tərəfindən daha yüksək qiymətlərlə alınır.
Hərracda 45 min dollara satılan 1928-ci il nümunəsi yüksək relyef detalları, kənarındakı xüsusi diş quruluşu və demək olar ki, qüsursuz vəziyyəti ilə seçilib.
Eyni xüsusiyyətlərə malik başqa bir nümunənin isə daha əvvəl 30 min dollara satıldığı bildirilib.
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ