Onlayn ictimai-siyasi qəzet
Bosniya serblərinin keçmiş komandiri, hərbi cani general Ratko Mladiç Belqraddakı Topçider qəbiristanlığında dəfn edilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, vida mərasimindən sonra hərbi-səhra geyimli əsgərlər generalın tabutunu cənazə maşınına qoyublar. Təxminən 10.000 nəfərlik karvan avtomobilin ardınca qəbiristanlığa gəlib. Bosniyanın daxilindəki “Serb respublikası”nın prezidenti Sinişa Karan və daxili işlər naziri Željko Budimir dəfn mərasiminə qatılıblar.
Keçmiş komandirin oğlu Darko Mladiç dəfndə iştirak edənlərə təşəkkür edib. Tüfəng tağımı mərhumun şərəfinə yaylım atəşi açıb. Ratko Mladiç qızının yanında dəfn edilib.
Qeyd edək ki, 84 yaşlı Ratko Mladiç avqustun 27-də Haaqa həbsxanasında ölüb. Son aylarda onun səhhəti xeyli pisləşib: aprel ayında generalın oğlu atasının ölüm ayağında olduğunu bildirib. Vəziyyətinin pisləşməsinə baxmayaraq, məhkəmə məhkum edilmiş şəxsin müalicə üçün Serbiyaya köçürülməsinə icazə verməkdən imtina etdi.
Mladiç 1992-1995-ci illərdə Bosniya münaqişəsi zamanı “Serb respublikası” ordusuna komandanlıq edib, boşnaklara qarşı amansız qırğınların törədilməsinə dair əmrlər verib. Daha sonra o, 16 il gizlənib və 2011-ci ildə Serbiya hakimiyyəti tərəfindən həbs edilib. 2017-ci ilin noyabr ayında keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı onu Srebrenitsadakı soyqırım (9 min adam öldürülb) da daxil olmaqla on maddə üzrə günahkar bilib və ömürlük həbs cəzasına məhkum edib.
Daha əvvəl prezident Vuçiç Ratko Mladiçin ölümündə BMT tribunalını günahlandırıb.
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ