İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu təminat verilsə, Bakı...” - Deputatdan MÜHÜM AÇIQLAMA

“Paşinyanın Qazaxıstan və Qırğızıstana TRIPP layihəsində səhmdar olmağı təklif etməsi, əgər rəsmiləşərsə, sıradan iqtisadi qərar olmayacaq”.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli bunu Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarını Musavat.com-a şərh edərkən bildirib.

Qeyd edək ki, Ermənistan rəhbərliyi Qazaxıstan və Qırğızıstanın Azərbaycanın əsas hissəsini Ermənistan ərazisi vasitəsilə Naxçıvanla birləşdirməsi nəzərdə tutulan Zəngəzur dəhlizi layihəsində səhmdarlar olmasını təklif edib.

MİRZEBEY.jpeg (77 KB)

Deputat qeyd edib ki, burada ilk növbədə bir məqamı nəzərə almaq lazımdır:

“Hərəyə 5 faiz pay verilməsi barədə xəbərlər hələ hüquqi sənəd və ya Astana-Bişkek tərəfindən təsdiqlənmiş qərar deyil. Lakin Paşinyanın Qazaxıstanın TRIPP-də mümkün rolunu müzakirə etdiyini inkar etməməsi göstərir ki, ideya ictimai rəyə yönəlmiş informasiya müstəvisindən daha üst prosesə daşınıb. Ermənistanın bu payı ABŞ ilə ortaq şirkətdəki öz 26 faizindən ayırmaq istədiyi bildirilir. Deməli, İrəvan kapitalla yanaşı geniş siyasi himayə də axtarır. Əgər ABŞ layihənin əsas səhmdarı, Qazaxıstan və Qırğızıstan isə ortaq olarsa, İrəvan Rusiyanın dəmir yolu idarəçiliyindən və İran amilindən doğan asılılığını xeyli zəiflətmək imkanı qazanacaq”.

E.Mirzəbəylinin sözlərinə görə, Ermənistan dəmir yollarının Qazaxıstanın nəzarətinə verilməsi ehtimalının müzakirəyə çıxarılması da məhz bu strategiyanın davamıdır:

“Bu, Moskva üçün sadəcə iqtisadi itki deyil. Rusiya uzun illər Ermənistanın dəmir yolu infrastrukturu, sərhəd təhlükəsizliyi və regional kommunikasiya mövzuları üzərində təsir vasitələrinə malik olub. TRIPP ABŞ dominantlığı ilə işə düşərsə, ardınca Qazaxıstan kimi türk və Orta Dəhlizdə marağı olan dövlətlər layihəyə daxil olarsa, Kremlin manevr imkanları darala bilər. Moskva bu səbəbdən çox güman ki, layihəyə birbaşa daxil olmağa çalışacaq. Əgər bu alınmasa, onun texniki, hüquqi və siyasi parametrlərinə təsir etməyə cəhd göstərəcək. İrana gəldikdə isə, Tehran Araz boyunca ABŞ təsirinin artmasını, Azərbaycan-Naxçıvan-Türkiyə xəttinin möhkəmlənməsini strateji çağırış hesab edir. İranın əsas qorxusu Cənubi Qafqazdakı güc balansının dəyişməsidir. Buna görə Tehran ənənəvi destruktiv mövqeyini davam etdirə bilər. Moskva ilə Tehranın bu məsələdə maraqları müəyyən nöqtədə üst-üstə düşür. Hər iki tərəf ABŞ-nin regiondakı mövqeyinin güclənməsini və Orta Dəhlizin Rusiya-İran xəttindən yan keçməsini arzulamır. Düşünürəm ki, indiki halda onlar koordinasiya edilmiş hərbi təxribatdan daha çox layihəni yubatmağa çalışacaqlar. Bu sıraya hüquqi mübahisələr, investisiya riskləri, təhlükəsizlik kampaniyaları, Ermənistan daxilində etirazların qızışdırılması və tranzit qaydaları ətrafında bloklayıcı mövqelər də aid edilə bilər”.

Millət vəkili hesab edir ki, Azərbaycan üçün mənzərə ümumilikdə müsbətdir:

“Qazaxıstanın layihəyə sahiblik səviyyəsində qoşulması Xəzərin o tayındakı yük axınlarının bu marşruta yönəlməsi deməkdir. Bu, Azərbaycanın türk dünyasının şərq-qərb logistika qovşağındakı mövqeyini daha da möhkəmləndirir. Qırğızıstanın iştirakı iqtisadi baxımdan daha məhdud görünə bilər, lakin siyasi baxımdan önəmlidir. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın eyni nəqliyyat arxitekturasında birləşməsi “Turan yolu” ifadəsinə real iqtisadi məzmun verə bilər. Bu, romantik layihə deyil, limanlar, dəmir yolları, gömrük rejimləri, enerji və yük marşrutları üzərində qurulan strateji güc xəttidir. Bununla yanaşı, TRIPP Azərbaycanın Naxçıvanla maneəsiz əlaqəsini təmin etməli, Ermənistanın suverenlik arqumenti isə keçidi süni yoxlama və gecikdirmə mexanizminə çevirməməlidir”.

Deputat digər məqamlara da diqqət çəkib:

“Layihənin uğuru səhmdarların sayından yox, sadə və zəruri bir sualın cavabından asılı olacaq: Azərbaycanla Naxçıvan arasındakı yol həqiqətən fasiləsiz, təhlükəsiz və proqnozlaşdırılan olacaqmı? Əgər bu təminat verilsə, türk dövlətlərinin iştirakı Bakının əlini gücləndirəcək. Əks halda, ən böyük risk odur ki, strateji dəhliz böyük güclərin pay bölgüsü masasına çevrilsin. Azərbaycan üçün əsas prinsip prosesin ölkənin milli maraqlarına uyğun davam etdirilməsidir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR