İnsanlara hürriyət, millətlərə istiqlal!

İqlimlə bağlı fəlakət ssenarisi gerçəkləşir - kəskin hava dəyişimi, sel, daşqın...

Bir gün əvvəl Bakıda yayın son isti havasında köynəklə gəzirik, ertəsi gün isə qəfil güclü külək, leysan və küçələri su basan yağışlar başlayır. Dağlıq rayonlarda bir tərəfdən quraqlıqdan danışılır, digər tərəfdən mövsümdənkənar soyuqlar, dolu və sel xəbərləri gəlir.

Hər kəsin ağzında eyni sual var: “Bu havaya nə olub?”

Azərbaycan artıq qlobal iqlim dəyişikliyinin yaratdığı yeni reallığın içində yaşayır. Rəqəmlər göstərir ki, ölkədə temperatur artır, su ehtiyatları azalır, yağıntının ümumi rejimi dəyişir, ekstremal hava hadisələrinin yaratdığı risklər böyüyür. Gözlərimizin qarşısında isə daha böyük bir ekoloji dram yaşanır, Xəzər dənizi geri çəkilir. Və bu geriçəkilmə sadəcə sahildə bir neçə metr qurunun görünməsi deyil.

Söhbət gələcəkdə Azərbaycanın ekologiyasına, su təhlükəsizliyinə, limanlarına, balıqçılığına və sahilboyu iqtisadiyyatına təsir edə biləcək prosesdən gedir. Azərbaycanın BMT çərçivəsində təqdim etdiyi son iqlim sənədlərində göstərilir ki, son 23 ildə ölkə üzrə orta temperatur anomaliyası təxminən 1,1°C təşkil edib.
2023-cü ildə Azərbaycanın orta illik temperaturu 14,6°C olub. Bu, 1971–2000-ci illərin iqlim norması olan 12,7°C-dən 1,9°C yüksəkdir.

Son onilliklərin ən isti illərindən biri isə 2010-cu il olub – ölkə üzrə orta temperatur 14,8°C qeydə alınıb.

Bu rəqəmlər ilk baxışdan kiçik görünə bilər. “Cəmi bir-iki dərəcə nədir ki?” deyənlər ola bilər.

Amma iqlim sistemində orta temperaturun 1 dərəcə yüksəlməsi gündəlik termometrdə bir dərəcə fərq demək deyil. Bu, atmosferin, yağıntının, buxarlanmanın və su dövranının bütöv mexanizminin dəyişməsi deməkdir. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2024-cü il qlobal müşahidələr tarixində ən isti il olub və qlobal orta səth temperaturu sənayeləşmədən əvvəlki dövrlə müqayisədə təxminən 1,55°C yüksək qeydə alınıb. Azərbaycan bu qlobal istiləşmə prosesindən kənarda qala bilməz. Azərbaycanın Milli Adaptasiya Planında son iki onillik üzrə orta illik yağıntının 464 millimetr olduğu, bunun 1971–2000-ci illərin 493 millimetrlik norması ilə müqayisədə 6,3 faiz azalma demək olduğu göstərilir. Son 13 ildə isə yağıntı azalması təxminən 10 faizə çatıb.

Lakin burada başqa bir paradoks var. 1Iİqlim dəyişikliyi “hər yerdə sadəcə az yağış yağacaq” demək deyil.

Bəzi regionlarda ümumi yağıntı azalır, amma yağışın düşmə forması dəyişir. Yağıntı daha qısa müddətdə, daha intensiv və daha dağıdıcı şəkildə yağır. Azərbaycanın Milli Adaptasiya Planında Abşeron üzrə də maraqlı rəqəm göstərilir. Son 13 ildə Abşeron yarımadasında orta yağıntı miqdarı 32 millimetr, yəni 1971–2000-ci illərin norması ilə müqayisədə təxminən 14 faiz artıb.

Deməli, bir tərəfdən ölkə üzrə su problemi dərinləşir, digər tərəfdən isə Bakı və Abşeron kimi urbanizasiya səviyyəsi yüksək olan ərazilərdə qısa müddətdə düşən intensiv yağıntılar şəhər infrastrukturunun imkanlarını sınağa çəkir. Bu, iqlim böhranının ən təhlükəli paradokslarından biridir: Su azalır, amma yağış yağanda şəhəri su basır.

İqlim dəyişməsinin ən aydın görünən əlamətlərindən biri istilik dalğalarının uzanmasıdır. Azərbaycanın son milli iqlim sənədlərində Bakı regionu üçün istilik dalğaları ilə bağlı diqqətçəkən göstəricilər yer alır. 35°C-dən yuxarı temperaturla xarakterizə olunan uzunmüddətli isti hava dövrlərinin göstəricilərində 1960–1990 və 1991–2020 dövrləri arasında ciddi artım qeydə alındığı göstərilir. Bu isə o deməkdir ki, məsələ artıq “bu yay bir az isti keçdi” səviyyəsində deyil. Şəhər böyüyür, beton və asfalt genişləndikcə yaşıllıqlar azalır. İstilik isə şəhərin içində daha uzun müddət qalır. Beləliklə, qlobal istiləşmə ilə “şəhər istilik adası” effekti bir-birini gücləndirir.

Azərbaycanın BMT-yə təqdim etdiyi iqlim sənədlərinə görə, son onilliklərdə artan buxarlanma və çay axınlarında dəyişiklik fonunda ölkənin su ehtiyatları təxminən 15 faiz azalıb.

Bu rəqəm xüsusilə ciddi qəbul edilməlidir.

Çünki Azərbaycan su baxımından onsuz da həssas ölkələrdən biridir. Su ehtiyatlarının əhəmiyyətli hissəsi ölkə sərhədlərindən kənarda formalaşan çay sistemlərindən asılıdır.

İqlim istiləşdikcə qar örtüyü və buzlaqların rejimi dəyişir. Əhali və iqtisadiyyat daha çox su tələb edir. Nəticədə eyni su ehtiyatı üzərində daha çox istifadəçi və daha böyük təzyiq yaranır.

Dünya Bankının əvvəlki uzunmüddətli qiymətləndirmələrində Azərbaycanın səth su ehtiyatlarının 2021–2050 dövründə təxminən 23 faiz, əsrin sonlarına doğru isə daha da əhəmiyyətli dərəcədə azalması riski göstərilmişdi.

 

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR