Onlayn ictimai-siyasi qəzet
Cənubi Afrikanın Keyptaun şəhərində reqbi matçından əvvəl 55 min tamaşaçı son dərəcə həyəcanlı və qorxulu anların şahidi olub.
Musavat.com xəbər verir ki, avqustun 29-da iki “Airlink” Embraer E-Jet reaktiv sərnişin təyyarəsi 55 min tamaşaçı tutumuna malik DHL stadionunun damının üzərindən olduqca aşağı hündürlükdə uçub.
“FlightRadar” məlumatlarına əsasən, təyyarələrdən birinin stadionun damından təxminən 15 metr yüksəklikdə keçdiyi bildirilir. Həmin an tribunalardan fişənglər buraxılıb və təyyarələr parlaq atəş effektlərinin arasından keçərək stadion üzərində uçublar.
Manevrin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb. Bir çox istifadəçi görüntüləri möhtəşəm adlandırsa da, digərləri sərnişin təyyarələrinin minlərlə insanın olduğu stadionun üzərindən bu qədər aşağı uçmasını təhlükəli hesab edib. Bəzi şərhlərdə pilotların hərəkəti hətta “ağılsız və məsuliyyətsiz” adlandırılıb.
“Airlink” isə uçuşların əvvəlcədən planlaşdırıldığını və təsdiqlənmiş hündürlük, sürət və digər təhlükəsizlik normalarına uyğun həyata keçirildiyini açıqlayıb. Şirkət “The Greatest Rivalry” reqbi qarşılaşmaları seriyasının rəsmi tərəfdaşlarından biridir.
Hadisə Cənubi Afrikanın məşhur Springboks komandası ilə Yeni Zelandiyanın All Blacks yığması arasında keçirilən qarşılaşmadan əvvəl baş verib. Bu iki komandanın dueli dünya reqbisinin ən böyük və ən çox maraq doğuran rəqabətlərindən biri hesab olunur.
Musavat.com
01 Sentyabr 2026
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ