İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mən həqiqi çar deyiləm, mən fırıldaqçıyam?!" - "David Seliverstov" hücuma keçdi

Azərbaycan hüquq-mühafizə sisteminin rəsmi reyestrində "mövcud olmayan" “David Seliverstov”, deyəsən, öz zəmanətli o məlum "uqolovnik" müdafiəçisinin təqdim etdiyi "ayı xidməti"ndən rəsmən imtina edib. İndi səhnəyə özü təşrif buyurub.

Özü də necə! Təntənə ilə, alovlu nitqlə, elə bil bir azdan cənab hakimlər gedib ona "İlin beynəlxalq hüquq müdafiəçisi" ödülünü təqdim edəcəklər.

Ödüldə kimin adını yazacaqlar? Kimi təltif edəcəklər? Rəsmi dəftər-kitabda yoxdur axı "David Seliverstov" adlı biri. Kazım var, Abbasov. Ata adı Rauf olub, onu da Elşən olaraq dəyişib! Sonra bunun da üstü açılıb! Söhbətin mövzusu hələ ki, bu deyil.

Qayıdaq cənab "sabun köpüyü" üfürənin açıqlamasına.

​Əlbəttə, hər kəsin özünü müdafiə etmək, "mənim də söz haqqım var" demək hüququ Cavab vermək hüququ, keçmişdəki məhkəmə hökmlərini, fırıldaqçılıq, dələduzluq maddələrini və acı faktları buxarlandırıb göyə sovurmaq hüququ vermir!

​ "İsim? - David. Soyad? - Seliverstov. Peşə? - "Beynəlxalq hüquq müdafiəçisi", vitse-prezident, xeyriyyəçi, xilaskar..."

96f805a2-8177-494a-808f-b605f5fc6a0b.jpeg (176 KB)

Yaxşı, bəs sənədlər? Sənədlər isə tam başqa məsələdən danışır axı!

​İndi bu cənab deyir ki, "keçmişimi bu günümə qarşı istifadə etməyin". Amma cəmiyyəti onun 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 (dələduzluq) maddələri ilə 4 il 6 ay azadlıqdan məhrum edilməsi – yəni Kazım Elşən oğlu Abbasov olması maraqlandırmır. Cəmiyyət soruşur: bu gün geyindiyiniz bu dəbdəbəli "beynəlxalq hüquq müdafiəçisi" kostyumu əyninizə bir az böyük deyil ki?

​Məsələ keçmişdə həbsxanada yatmaqda deyil – "həbsdə olmaq qəbahət deyil". Məsələ bugünkü teatrlaşdırılmış performansdadır.

"Magen David Azerbaijan" layihəsini götürək.

"Mən beynəlxalq hüquq müdafiəçisiyəm!" – Hanı bəs müdafiə etdiyin o bədbəxt adamlar? Hansı beynəlxalq məhkəmədə çıxış etmisən?

"Caspian Capital Holdinq"də Vitse-Prezidentlik məsələsi də eynən boş havadır. Şirkətdə ümumiyyətlə "Prezident" postu yoxdur! Bəs olmayan prezidentin olmayan vitse-prezidenti necə olursan?

Bu yerdə məşhur filmdə baş qəhramanın dediyi "Mən həqiqi çar deyiləm, mən fırıldaqçıyam?!" sözləri xatırlanır.

Məgər səlahiyyətlərin mənimsənilməsi və saxta sənəd məsələsi də keçmişdən tanış deyil? Əvvəlki cinayət işlərinin "ətri" eynilə bugünkü "status iddiaları"ndan gəlir.

​Cənab "Seliverstov" son açıqlamalarında hüquqdan, sübutdan, insan haqqlarından elə bəhs edir ki, adamın gözləri yaşarır. Elə bil cəbhədən yeni qayıtmış, haqq-ədalət tərəfdarıdır. Amma hüququn aliliyi təkcə mətbuatdan sənəd tələb eləmək deyil.

Musavat.com-un əvvəlki araşdırmalarında “David Seliverstov” adı ilə çıxış edən şəxsin Kazım Elşən oğlu Abbasov olması və onun müxtəlif cinayət işləri üzrə məhkumluğu ilə bağlı məhkəmə sənədlərinə istinad edilib.

Məsələn, əvvəlki materiallarda 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılması, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunması və məhkəmənin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə məlumat verilib.

Bu artıq “filankəs belə dedi” səviyyəsində mübahisə deyil.Məhkəmə hökmü varsa, həmin hökm sənəddir. Eyni zamanda sonrakı materiallarda onun barəsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və saxta sənədlərdən istifadə ilə bağlı cinayət işlərinin də olduğu bildirilib. Tanış gəlir?

“Həbsdə olmaq qəbahət deyil” – bəli, amma...

İnsanın keçmişdə məhkum olunması onun ömürlük insanlıqdan çıxarılması demək deyil.

Cəzasını çəkmiş şəxs qanun qarşısında yenidən həyata qayıtmaq hüququna malikdir. Amma başqa bir məsələ də var. İnsan keçmişini gizlədərək özünə yeni, daha yüksək və daha nüfuzlu ictimai obraz qurursa, media həmin ziddiyyəti araşdırmaq hüququna malikdir.

Məsələ keçmişdə həbsxanada olmaq deyil.

Məsələ bu gün özünü kim kimi təqdim etməkdir.

Əgər keçmişdə məhkum olmuş şəxs bu gün özünü "beynəlxalq hüquq müdafiəçisi" kimi təqdim edirsə, cəmiyyət onun fəaliyyətinin real əsaslarını soruşa bilər. Əgər özünü şirkətin vitse-prezidenti kimi təqdim edirsə, şirkətin həmin statusu təsdiq edib-etmədiyini soruşa bilər.

Əgər özünü beynəlxalq təşkilatların nümayəndəsi kimi təqdim edirsə, həmin təşkilatların bunu təsdiq edib-etmədiyini soruşa bilər. Bu, şəxsi təqib deyil. Bu, ictimai status iddiasının yoxlanılmasıdır.

“David Seliverstov”un son açıqlamalarında hüquq, sübut, qanun və insan hüquqları kimi anlayışlar ön plana çəkilir. Bu prinsiplərlə mübahisə etmək mümkün deyil. Amma hüququn aliliyi yalnız jurnalistdən sənəd tələb etmək deyil.

Hüququn aliliyi odur ki, öz statusun barədə də sənəd təqdim edəsən. Sübut tələb etmək yalnız sənə qarşı yazılan materiallara aid deyil. Sənin öz iddialarına da aiddir.

“Beynəlxalq hüquq müdafiəçisiyəm” – sübutu haradadır? “Beynəlxalq təşkilatlarla işləyirəm” – hansı təşkilatlarla? “Şirkətin vitse-prezidentiyəm” – təyinat sənədi haradadır? “Müəyyən beynəlxalq layihələr həyata keçirirəm” – layihələrin nəticələri haradadır? “Mənim haqqımda yazılanlar yalandır” – konkret hansı fakt yalandır?

Bunların hər birinin cavabı olmalıdır.

Çünki sübut tələb edən insan özü də sübut təqdim etməyə hazır olmalıdır.

"Beynəlxalq hüquq müdafiəçisi" olmaq üçün beynəlxalq hüquq müdafiə fəaliyyəti olmalıdır.
İctimai nüfuz “mən kiməm” deməklə yaranmır.

Nüfuz fəaliyyətlə yaranır. Şəffaflıq sənədlə yaranır. Etimad isə zamanla qazanılır.

Bu baxımdan “David Seliverstov” ətrafında yaranmış sualların ən ciddi hissəsi onun keçmişindən daha çox bu günkü təqdimatlarının hüquqi və faktiki əsaslarının olub-olmamasıdır.

E.Məmmədəliyev,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR