Onlayn ictimai-siyasi qəzet
Türkiyədə sosial media fenomeni kimi tanınan Danla Bilic (əsl adı Neslihan Damla Aktepe) ölüm hədələri alan və Eyüpsultan rayonunda yerləşən idman klubunun restoranında döyülən şəxs qismində məhkəməyə müraciət edib.
Musavat.com xəbər verir ki, Aktepeyə qarşı zorakılıq törətməkdə ittiham olunan keçmiş sevgilisi Berk Çetin İstanbulda hakim qarşısına çıxıb. Məhkəmədə ifadə verən, barəsində həbs qətimkan tədbiri seçilməyən Berk Çetin deyib: “Etməməli olduğum bir hərəkət idi. Səhv etdim, peşmanam”.
Məhkəmə ilk iclasda Berk Çetini “qəsdən xəsarət yetirmə” maddəsi ilə 5 ay müddətinə azadlıqdan məhrum edib, lakin hökmün icrası təxirə salınıb.
İstintaq materialları nə deyir?
İstanbul Respublika Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında qeyd olunur ki, Danla Bilic polisə müraciət edərək keçmiş sevgilisinin onu daha əvvəl də döydüyünü bildirib və bu faktla bağlı ayrıca araşdırma aparılıb.
İttiham aktında Berk Çetinin ifadəsinə də yer verilib. O, hadisə günü “ani əsəblə” Aktepeni itələdiyini, lakin yumruq vurmadığını iddia edib.
Lakin hadisə yerindəki təhlükəsizlik kameralarının görüntüləri araşdırıldıqdan sonra Çetinin Aktepenin baş və üz nahiyəsinə zərbələr endirdiyi müəyyən edilib.
Sənəddə həmçinin bildirilir ki, hadisə “uzlaşdırma” çərçivəsində həll edilməyə çalışılsa da, tərəflər arasında razılaşma əldə olunmayıb.
Prokurorluq Berk Çetinin “qadına qarşı sadə xəsarət yetirmə” maddəsi ilə 9 aydan 1 il 6 aya qədər həbs cəzasına məhkum edilməsini tələb etmişdi.
Könül, Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ