İnsanlara hürriyət, millətlərə istiqlal!

Odlar yurdu “Nord İran”a dönə bilməz – öz ideolojilərini bizə sırımaq istəyənlərə STOP!

İranın Bakı kəndlərinin hamısını Nardarana, bütün ölkəni isə “Nord İran”a (“Şimali İran”) döndərmək istəməsi yeni məsələ deyil. Dövlət müstəqilliyi qazandığımızdan bəri rəsmi Tehranın ölkəmizə yönəlik əsas kursu budur.

Bu xətt dəfələrlə Bakı və Tehran arasında gərginliyə səbəb olub. Azərbaycan hakimiyyəti uzun müddət İranın xüsusi xidmət orqanlarının ölkəmizdəki fəaliyyətini izləyə-izləyə durub, sərt tədbirlər görməyib, nəhayət, bıçaq sümüyə dayananda casus şəbəkəsini zərərsizləşdirməyə məcbur olub.

Belə durumlar dəfələrlə yaranıb. Hər dəfə ehtimal olunub ki, İran artıq bu işlərdən vaz keçər. Amma bu, baş verməyib.

Dünən paytaxtdakı bəzi məktəblərdə “Hicab qadağasına yox” şüarı ilə mütəşəkkil aksiyalar keçirilməsinə cəhd, törədilən yüngülvarı iğtişaşlar göstərdi ki, bu gedişlə biz İranın kəşfiyyat strukturları ilə hələ çox mübarizə aparmalı olacağıq. Məktəblərin qarşısına yığılanlar rəsmən İran ağzı ilə, məşq edilmiş şəkildə xorla qışqırışırdılar və şagirdləri də öncədən öyrətdikləri açıq-aşkar idi.

Əslində məlum gərginliyi bu dəfə Türkiyədəki dinçi dairələr başlatmışdı. Məhz onlar sosial şəbəkələrdə minlərlə status yazaraq Azərbaycan hakimiyyətini qınayan. “düz yola dönməyə” dəvət edən fikirlər izhar edirdilər. İran tərəfi sonra ayıldı, baxdı ki, bu xüsusda geridədir, dərhal təşəbbüsü ələ aldı, önə keçdi.

Hazırda Türkiyədəki dinçi-məzhəbçi dairələr yenə də geri qalmaq istəmir, rəsmi Bakının üzərinə İranla paralel şəkildə gəlirlər. Bu gün Türkiyə prezidenti Rəcəb Tayyob Ərdoğanın müşaviri olduğu deyilən Oktay Saral X platformasında yazıb: "Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılması qəbuledilməzdir! ... Təhsil hüququ heç bir ideoloji yanaşmanın qurbanına çevrilməməlidir! Azərbaycanın bu yanlış yanaşmadan ən qısa zamanda dönməsini gözləyirik. ... Bu dövrdə belə bir yanaşmaya əsla yol verilməməlidir!"

Adama deyərlər, qardaş dedik, bağrımıza basdıq, amma bu qardaşa öz qardaşının ailə işlərinə qarışmaq haqqı vermir. O vaxt Türkiyə laik dövlət quruluşundan yavaş-yavaş din-məzhəb ağırlıqlı siyasi rejimə keçəndə Azərbaycanda bunu yanlış sayan on minlərlə adam olsa da, “bu, Türkiyənin daxili işidir” deyə qarışmadılar. İndi də eyni cür olması lazım idi. Fəqət qardaş ölkədə bəzi dairələr hesab edirlər ki, bizə etdiklərin ərkin limiti yoxdur, hər şey deyə bilərlər və biz dövlət olaraq istənilən məsələdə Türkiyədən tövsiyə, məsləhət, göstəriş almağa borcluyuq.

Azərbaycan isə qurbanlar bahasına qopduğu Rusiyadan ona görə ayrılmayıb ki, birdən-birə daha iki ağası olsun. Azərbaycan müstəqil olmaq, qonşuluqdakı qohum-qardaş xalqlarla, ölkələrlə dinc, yanaşı yaşamaq, mehriban olmaq istəyir. Onların hərəsi öz ideologiyası ilə gəlib üzərimizdə hökmranlıq etmək istəyəcəklərsə, biz buna hazır və razı deyilik.

Tərs kimi, adlarını çəkdiyimiz ölkələrin siyasi dairələri öz qonşuları ilə xroniki problemlər yaşayırlar.

Konkret olaraq, İran Ərəb\Fars körfəzi ölkələri ilə açıq düşmənçilik həddindədir, İraqdan, Suriyadan qovulmuş, Yəməndə açıq düşmən edilmiş durumdadır. Bundan başqa, artıq İranın Əfqanıstanla münasibəti də son dərəcə pisləşib. Dünən İranın populyar qəzetlərindən biri “Taliban” rejimini qınayıb ki, nədən Əfqanıstanın yeni idarəçiləri İranla əlaqəli qurumları bağlayır, İranı dəstəkləyən qəbilələri nəzarətdə saxlayır, şiəliyin müxtəlif təzahürlərinə və İranı dəstəkləyən resurslara qarşı mübarizə aparır.

Bu, o deməkdir ki, İranın Əfqanıstanda casus şəbəkəsi qurmaq cəhdləri “Taliban”ın müqaviməti ilə üzləşir deyə, bu, Tehranın xoşuna gəlmir.

Tehranın bizə yanaşması da eyni cürdür. Bakıda İran kəşfiyyatına açıq-aşkar casusluq edən şəxslərin, İran tərəfinin sifarişi ilə siyasi qətl törətməyə çalışan terrorçuların zərərsizləşdirilməsi hadisələri rəsmi Tehranın “xətrinə dəyir”. Təxribatçılar ifşa olunub həbs ediləndə isə İranda vay-nöfsə qoparılır ki, Azərbaycanda dini azadlıqlar boğulur, dindarlar təqib edilir.

Həqiqət isə budur ki, ölkəmizdə hər yüz min insana düşən məscid sayı İrandakından çoxdur, möminlər bütün dini ayinləri keçirməkdə sərbəstdirlər, dindarların ibadətlərinə qoruq-qaytaq yoxdur. İranlı axundların hay-küyü, canfəşanlığı əbəsdir. İran özü öz daxilindəki casuslara rəhm edirmi? Əsla. Hələ bizdə xaricə işləyən casuslara qaninvericiliyə, humanizm prinsiplərinə uyğun cəzalar kəsilir, İranda isə onları mütləq qaydada edam edirlər.

Regionda İrana, daha dəqiqi, İranı idarə edən dairələrə ən yaxın ölkə Tacikistandır. Bu iki ölkə eyni dildə danışır, mədəniyyət ortaqlıqları var. Hər ikisi özünü ari xalq sayır. Ancaq Tacikistan İranı qapısının astanasına belə buraxrmır. Niyə? Sırf Tehranın ideoloji ekspansiyasına görə. Ayrıca, rəsmi Düşənbə məktəbli geyim forması məsələsini çoxdan həll edib, üstəlik, yerli möminlərin başqa xalqlara məxsus geyim formalarından istifadəsini yasaqlayıb.

Türkmənistan da elə edib. Bu ölkədə yalnız türkmənlərə xas başörtüsündən istifadə oluna bilər. Özbəkistan və Qazaxıstanda da bu məsələ ilə bağlı ciddi kriteriyalar var. Artıq heç bir ölkə onların daxili işlərinə, vətəndaşlarının geyim-keciminə qarışa bilmir.

Biz öz adət-ənənələrimizi, milli dəyərlərimizi qorumaq, xaricdən gələn zərərli, sırf siyasi motiv daşıyan ideolojilərin təsirindən xilas olmaq üçün onlar kimi etmək istəyəndə ortalığı qarışdırmaq istəyirlər. Halbuki Azərbaycan hələ 108 il öncədən öz mədəniyyəti və nailiyyətləri (ilk parlament, ilk qəzet, ilk universitet, ilk opera, ilk balet və s.) ilə bütün müsəlman şərqinə nümunə olan ölkə olub.

Biz insan haqlarının qorunduğu, azyaşlı qızların cinsi istismara məruz qoyulmadığı, kişi hegemonluğu nəticəsində qadınlara qarşı zorakılığın sıfırlandığı, çoxarvadlılığın yasaqlandığı, qadınlara hər sahədə seçim hüququ tanındığı ölkə olmaq yolundayıq. Orta əsrlərin zülmətinə geri dönmək istəmirik. Qadınların təhsilli olmasını, özlərini layiqincə müdafiə etmələrini, kişi qohumlarından asılı olmadan yaşamlarını təmin edə bilmələrini istəyirik. İstəyirik ki, onlara həyata paranca torundan yox, açıq gözlə baxsınlar və başlarını dik tutsunlar.

Bir sözlə, biz Odlar yurdu adlana bu gözəl məmləkətin “Nord İran”a dönməsini istəmirik. Qoy qonşu, qohum-qardaş ölkələr öz daxili problemlərinin həlli ilə məşğul olsunlar.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR