İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda qorxulu vəziyyət: Məktəblər bağlandı, əhaliyə çağırış edildi - VİDEO

Türkiyənin İstanbul şəhərində güclü leysan yağışları ciddi fəsadlara səbəb olub.

Musavat.com xəbər verir ki, şəhərin bir sıra ərazilərini su basıb, nəqliyyatın hərəkəti iflic olub, təhsil müəssisələrində dərslərin dayandırılması barədə qərar qəbul edilib. İstanbulda əlverişsiz hava şəraiti ilə əlaqədar sabah məktəblərdə tədris dayandırılıb. İstanbul Böyükşəhər Bələdiyyəsi sədrinin səlahiyyətlərini icra edən Nuri Aslan bildirib ki, son 12 saat ərzində şəhərdə hər kvadratmetrə 100 kiloqrama yaxın yağıntı düşüb.

O, sakinləri ciddi zərurət olmadıqda evlərini tərk etməməyə, şəhər daxilində hərəkət zamanı isə ictimai nəqliyyatdan istifadə etməyə çağırıb. Güclü yağışlar İstanbulun əsas yollarında nəqliyyatın hərəkətini iflic edib. Taksim meydanı, İstiqlal küçəsi, Ayamama çayı ətrafı və E-5 avtomobil yolunun bəzi hissələri su altında qalıb. Əlverişsiz hava şəraiti səbəbindən şəhərdə bəzi bərə reysləri də ləğv edilib. İstanbul Valiliyi əlavə təhlükəsizlik tədbirləri barədə qərar qəbul edib. Qərara əsasən, çərşənbə günü saat 21:00-dan etibarən motosikletlərin və digər ikitəkərli nəqliyyat vasitələrinin hərəkəti növbəti göstərişədək qadağan olunub.

İstanbul valisi Davud Gül əhaliyə müraciət edərək sabah ciddi zərurət olmadıqda evlərindən çıxmamalarını xahiş edib.

Vali xüsusilə binaların zirzəmi mərtəbələrində yaşayan sakinlərə xəbərdarlıq edib. Onlara gecəni daha təhlükəsiz, yuxarı mərtəbələrdə keçirmək, çay yataqlarından və subasma təhlükəsi olan ərazilərdən uzaq durmaq tövsiyə olunub.

Şəhərin müxtəlif rayonlarında güclü leysan yağışlarının yaratdığı fəsadlar səbəbindən təhlükəsizlik tədbirləri gücləndirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR