İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəmir yollarında fəlakət xronikası - ŞOK STATİSTİKA

​Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dəmir yolu keçidlərində baş verən yol-nəqliyyat hadisələri ilə bağlı növbəti dəfə hərəkət iştirakçılarına xəbərdarlıq edib.

​Musavat.com xəbər verir ki, buna səbəb dəmir yolunun Salyan-Salmanlı sahəsində, qorunmayan keçiddə qeydə alınan növbəti qəza olub.

​Məlumata görə, "Mercedes" markalı avtomobilin sürücüsü dəmir yol xəttinin üzərində məcburi dayanma edib. Bu zaman hərəkətdə olan qatar nəqliyyat vasitəsilə toqquşub. Sürücü son anda avtomobili tərk edə bildiyi üçün xəsarət almasa da, qəza nəticəsində həm avtomobilə, həm də dəmir yol təsərrüfatına ciddi maddi ziyan dəyib.

​BDYPİ-dən bildirilib ki, baş verən hadisə bu sahədə sürücü intizamının hələ də qənaətbəxş olmadığını göstərir:

"Aparılan təhlillər göstərir ki, oxşar qəzaların baş verməsinə səbəb bilavasitə sürücü məsuliyyətsizliyidir. Yaxınlaşan qatarı görsələr də, nəqliyyat vasitələrinin relslər üzərindən rahat keçidini təmin etmək üçün yaradılmış yol infrastrukturuna güvənən sürücülərin nizamlama vasitələrinin tələbinə əhəmiyyət vermədən keçidə daxil olmaları sonda bu cür ağır qəzaları qaçılmaz edir".

Musavat.com ölkə üzrə dəmir yolu keçidlərində və relslər üzərində qeydə alınan qəzaların son illərə aid rəsmi statistikasını təqdim edir.

Rəsmi statistik göstəricilər və ADY-nin hesabatları göstərir ki, dəmir yolu infrastrukturunun müasirləşdirilməsinə, bir çox keçidlərin avtomatlaşdırılmasına və maarifləndirmə tədbirlərinin artırılmasına baxmayaraq, sürücü məsuliyyətsizliyi ucbatından baş verən toqquşmalar hər il təkrarlanır. 2023-cü ildə ölkə üzrə dəmir yolu keçidlərində avtomobillərin qatarın qarşısına qəfil çıxması və toqquşması nəticəsində 28 qəza faktı qeydə alınıb. Nəticədə 5 nəfər həyatını itirib, 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

2024-cü ildə təhlükəsizlik tədbirlərinin və cərimə sanksiyalarının sərtləşdirilməsi nəticəsində keçidlərdəki toqquşma halları 25 faiz azalaraq 21-ə düşüb. Bununla belə, il ərzində ümumilikdə qatar qarşısına qəfil insan və ya nəqliyyat vasitəsi çıxması nəticəsində 15-dən çox ağır insident yaşanıb, 11 nəfər həyatını itirib.

2025-ci ildə ölkə ərazisində dəmir yolu keçidlərində 23 qəza baş verib, bu hadisələrdə 5 nəfər xəsarət alıb. Həmçinin, maşinistlər qəfil yola çıxan insan və avtomobillərə görə 123 dəfə təcili tormozlama etməyə məcbur olublar. Bu tormozlamaların 18-də toqquşma qaçılmaz olub və 8 nəfər həyatını itirib.

Təhlillər göstərir ki, dəmir yolu keçidlərində qəzaların baş verməsinin 90 faizindən çoxu bilavasitə sürücü amili ilə bağlıdır.

Salyan-Salmanlı sahəsində yaşanan son hadisədə olduğu kimi, xüsusilə rayonlararası və kəndarası şlaqbaumsuz keçidlərdə sürücülər riski nəzərə almadan relslər üzərinə daxil olurlar. Svetoforun qırmızı işığı, səsli siqnallar və ya şlaqbaumun enməsi zamanı sürücülərin hərəkəti davam etdirməyə çalışması faciələrə zəmin yaradır. Avtomobillərin texniki sazlığına nəzarət edilməməsi səbəbindən relslərin üzərində məcburi dayanma halları baş verir. Tormoz məsafəsi yüzlərlə metr olan ağır çəkili qatarın isə qəfildən dayanması fiziki olaraq mümkünsüzdür.

Qanunvericilik nə deyir?

"Yol Hərəkəti Haqqında" Qanunun tələblərinə əsasən, dəmiryol keçidinə yaxınlaşan hər bir nəqliyyat vasitəsi sürücüsü yol nişanlarını, svetoforları, nişanlama xətlərini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın olmadığına tam əmin olduqdan sonra hərəkəti davam etdirməlidir. Bu qaydaların pozulması inzibati məsuliyyət yaratmaqla yanaşı, insan həyatı və dövlət əmlakı üçün bərpaolunmaz fəsadlara yol açır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin nəzərinə çatdırır ki, dəmiryol keçidinə yaxınlaşarkən yol nişanlarının, svetoforların, nişanlama xətlərinin, şlaqbaumun vəziyyəti və keçid növbətçisinin göstərişləri mütləq əsas götürülməlidir. Sürücülər yalnız yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığına tam əmin olduqdan sonra hərəkəti davam etdirməlidirlər.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR