İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Baxçalıdan Azərbaycana MÖHTƏŞƏM DƏSTƏK: “Hər türk dövləti müstəqildi ...”

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli Türk Dövlətləri Təşkilatı (TDT) və Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı yazılı açıqlama yayıb.

Bahçeli bildirib ki, dünyada siyasi, iqtisadi və geosiyasi proseslərin sürətləndiyi bir vaxtda TDT-nin əldə etdiyi səviyyə türk dünyasının gələcəyi baxımından böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, təşkilat ortaq tarix, mədəniyyət və gələcəyə dair ümumi baxışın institusional zəmində birləşdiyi platformaya çevrilib.

MHP sədri türk dünyasında siyasi iradənin gücləndiyini, iqtisadi və ticarət əlaqələrinin inkişaf etdiyini, nəqliyyat və enerji bağlantılarının genişləndiyini qeyd edib. O, müdafiə sənayesi, texnologiya, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq imkanlarının artmasının türk dövlətləri arasındakı münasibətləri çoxşaxəli hala gətirdiyini bildirib.

“Hər bir Türk dövləti müstəqil və suverendir”

Bahçeli TDT çərçivəsində əməkdaşlığın dövlətlərin suverenliyinə və müstəqilliyinə hörmət prinsipi əsasında qurulmalı olduğunu xüsusi vurğulayıb.

“Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin təməlində hər bir üzv dövlətin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və öz daxili hüququna hörmət prinsipi dayanır. Hər bir Türk respublikası ayrıca və suveren dövlətdir”, – deyə Bahçeli bildirib.

Onun sözlərinə görə, türk dövlətləri arasında əməkdaşlıq qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar əsasında inkişaf etməlidir. Bahçeli bu yanaşmanın təşkilatın güclənməsi və dövlətlər arasında etimadın qorunması üçün vacib olduğunu vurğulayıb.

Türkiyə-Azərbaycan münasibətləri

Bahçeli Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrə də toxunaraq iki ölkəni “eyni könül coğrafiyasının iki güclü dövləti” adlandırıb.

“İki ölkə arasındakı tarixi, mədəni və qardaşlıq bağları siyasi hadisələrin fövqündə, xalqlarımızın ortaq yaddaşına və könül bağlılığına söykənir”, – MHP sədri qeyd edib.

O, Türkiyə-Azərbaycan qardaşlığına zərər vurmağa yönələn yanaşmalar qarşısında soyuqqanlılıq, qarşılıqlı anlaşma və ortaq düşüncə ilə hərəkət etməyin vacibliyini bildirib. Bahçelinin açıqlamasında Azərbaycanla Türkiyə arasındakı münasibətlər TDT daxilində əməkdaşlığın əsas dayaqlarından biri kimi təqdim olunub.

MHP sədri Qarabağ Zəfərinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qarşıdakı zirvə görüşünün də iki ölkənin sarsılmaz qardaşlıq iradəsini bir daha nümayiş etdirəcəyinə inandığını bildirib.

TDT-də sədrliyin Azərbaycandan Türkiyəyə keçməsi

Bahçelinin açıqlamasına görə, oktyabrın son həftəsində Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə toplantısı xüsusi tarixi əhəmiyyət daşıyır. Sammit zamanı təşkilatın dövri sədrliyinin Azərbaycandan Türkiyəyə keçməsi gözlənilir.

MHP sədri Türkiyənin tarixi təcrübəsi, iqtisadi imkanları, diplomatik gücü və türk dünyası ilə qurduğu əlaqələr sayəsində təşkilatın inkişafında mühüm rol oynadığını qeyd edib. O, sədrliyin Türkiyə üçün yeni məsuliyyət və imkan yaradacağını bildirib.

Bahçeli dövlət qurumlarını, universitetləri, yerli idarəetmə orqanlarını, peşə təşkilatlarını və vətəndaş cəmiyyəti strukturlarını TDT-nin 2040-cı ilədək nəzərdə tutulan baxışına uyğun, konkret nəticələr verəcək layihələr hazırlamağa çağırıb. Onun fikrincə, əməkdaşlıq təhsil, mədəniyyət, iqtisadiyyat, elm və texnologiya sahələrində daha da gücləndirilməlidir.

Açıqlamada İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” çağırışının bu gün də türk dövlətləri arasındakı əlaqələrin inkişafı üçün yol göstərdiyi bildirilib. Bahçeli türk dünyasının potensialının dövlətlərin imkanlarının sadə cəmindən daha böyük məna daşıdığını, bu potensialın ortaq düşüncə, koordinasiya və qarşılıqlı hörmətlə real gücə çevrilə biləcəyini vurğulayıb.

Bahçeli Türkiyənin TDT-yə sədrliyi dövründə əsas məqsədin türk respublikalarının müstəqillik və suverenliyinə hörmət əsasında əməkdaşlığı dərinləşdirmək, qardaşlıq bağlarını qorumaq və ortaq gələcəyi qurmaq olmalı olduğunu qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR