İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan-Putin masası qurulur - dünya Bişkekdəki bu razılaşmalara hazırlaşır...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 1-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının tədbiri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Hazırda dünyada diqqətlər həm də bu görüşə yönəlib. Çünki hazırda regionda geosiyasi proseslərin olduqca həssas mərhələyə qədəm qoyduğu bir vaxtdır. Bu görüş yalnız iki prezidentin növbəti təması deyil, regiondakı bir neçə böhran xəttinin eyni masada müzakirə olunması baxımından mühüm hadisə olacaq.

Ərdoğan və Putin Bişkekdə hansı məsələlər üzrə ortaq mövqe formalaşdırmağa çalışacaqlar? Suriyada yeni siyasi və təhlükəsizlik düzəni ilə bağlı Ankara ilə Moskva arasında hansı razılaşmalar mümkündür? Ukrayna və Qara dəniz məsələsində Türkiyənin vasitəçilik imkanları yenidən müzakirə olunacaqmı?

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavata.com-a bildirdi ki, Bişkekdə keçiriləcək Ərdoğan–Putin görüşünün əhəmiyyəti, ilk növbədə ənənəvi gündəlikdən daha geniş məsələlərin eyni vaxtda müzakirəsi ilə bağlıdır: “Rusiya tərəfi artıq görüşdə Ukrayna müharibəsi, Qara dənizdəki vəziyyət və ikitərəfli iqtisadi-ticarət əlaqələrinin müzakirə ediləcəyini açıqlayıb. Düşünürəm ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutacaq görüş Ankara üçün Moskva ilə birbaşa dialoqu davam etdirmək baxımından əlverişli platforma olacaq. Ən mürəkkəb mövzulardan biri, şübhəsiz ki, Ukrayna və Qara dəniz məsələsidir. Türkiyə NATO üzvü olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən dövlətdir, amma buna baxmayaraq Rusiya ilə münasibətlərində də qarşıdurma məntiqinə keçirməyib. Əksinə, Ankara həm Moskva, həm də Kiyevlə əlaqələri saxlayaraq özünü mümkün danışıqlar üçün vasitəçi aktor kimi təqdim edir. Qara dənizdə limanlara və gəmilərə qarşı hücumların artması isə Türkiyənin təhlükəsizlik maraqlarını birbaşa təsir göstərir. Bu səbəbdən Ərdoğan Putinlə söhbətdə atəşkəs perspektivi ilə yanaşı, Qara dənizdə kommersiya gəmiçiliyinin təhlükəsizliyini və mümkün diplomatik mexanizmləri də gündəmə gətirəcək. Suriyaya gəldikdə isə məlumdur ki, Ankara və Moskvanın burada maraqları tam üst-üstə düşmür. Türkiyə Suriya sərhədində öz təhlükəsizlik narahatlıqlarını və xüsusilə kürd silahlı strukturlarının gələcək statusunu önə çəkir. Rusiya isə Suriyada özünün siyasi və hərbi təsir imkanlarını qorumağa çalışır. Buna görə Bişkekdə tammiqyaslı yeni Suriya razılaşmasının meydana çıxması gözlənilməsə də amma ən azından tərəflər təhlükəsizlik prioritetlərinin bir-birinə uyğunlaşdırılması istiqamətində müzakirələr apara bilərlər. Suriyanın ərazi bütövlüyü və müxtəlif silahlı qrupların statusu kimi məsələlərdə koordinasiya axtarışı gündəmə gələ bilər. Enerji sahəsində münasibətlərdə isə daha praktik nəticələr gözləmək mümkündür. Türkiyə Rusiya qazı üçün mühüm bazar olaraq qalır və Moskva Qərb bazarlarında itirdiyi mövqelərin müəyyən hissəsini Türkiyə üzərindən kompensasiya etməyə çalışır. Buna görə qaz tədarükü, qiymət və ödəniş mexanizmləri ilə yanaşı, Akkuyu AES və gələcək enerji layihələrinin perspektivi də ikitərəfli iqtisadi gündəmdə yer ala bilər. Hazırda Kremlin açıqlamasında da iqtisadi-ticarət əməkdaşlığının ayrıca müzakirə ediləcəyi təsdiqlənib”.

Politoloq düşünür ki, görüşdə hər iki tərəf özlərinin qırmızı xətlərini yenidən masaya yatıracaqlar: “Ərdoğan Moskva ilə münasibətləri qorumaqla Türkiyənin regional vasitəçi rolunu gücləndirmək, Putin isə Ankara ilə dialoq vasitəsilə Rusiyanın Qara dəniz və Yaxın Şərqdəki manevr imkanlarını saxlamaq istəyəcək. Bu baxımdan Bişkek görüşünü Türkiyə-Rusiya münasibətlərində qarşılıqlı asılılığın daha ehtiyatlı şəkildə idarə olunması cəhdi kimi qiymətləndirmək daha doğru olar. Əgər tərəflər Ukrayna və ya ən azından Qara dəniz üzrə müəyyən anlaşma əldə edə bilsələr, Türkiyənin vasitəçilik imkanları yenidən genişlənə bilər”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR