İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda 6 aylıq əsgərlik, maaş və həftəsonu evə getmək – Azərbaycanda da olacaq?  

Gürcüstanda hərbi xidmət sistemində tətbiq olunan yeniliklər Azərbaycanda da oxşar modelin mümkün olub-olmaması ilə bağlı müzakirələrə səbəb olub. Xüsusilə xidmət müddətinin fərqləndirilməsi, əsgərlərə aylıq ödənişlərin verilməsi, hərbi qulluqçuların evlərinə yaxın hissələrdə xidmət keçməsi, həftəsonu evə getmək imkanının yaradılması və xidmət zamanı iş yerinin saxlanılması kimi məsələlər diqqət çəkir.

ReAL sədri Natiq Cəfərli Gürcüstandakı sistemi nümunə göstərərək hesab edir ki, Azərbaycanda da ordu islahatlarını daha da dərinləşdirmək mümkündür. Onun təqdim etdiyi məlumata görə, xidmət müddəti seçilən istiqamətdən asılı olaraq 6, 8 və 12 ay təşkil edir. Əsgərlərə aylıq ödəniş verilir, onlar evlərindən müəyyən məsafədən xidmət keçirlər, həftə ərzində 5 gün xidmət etdikdən sonra həftəsonu evlərinə gedə bilirlər. Bundan başqa, hərbi xidmətə çağırılan şəxsin iş yerinin saxlanılması və xidmət şəraitinin yaxşılaşdırılması kimi mexanizmlər də tətbiq olunur.

Hərbi ekspert Ramil Məmmədli mövzu ilə bağlı Musavat.com-a danışıb. Ramil Məmmədli qeyd edib ki, Azərbaycan və Gürcüstan Qafqazda yerləşsə də, hər iki ölkənin özünəməxsus və spesifik xüsusiyyətləri var:

"Bu mövzu, bu məsələ 2023-cü ildə antiterror əməliyyatlarından sonra, yəni Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra işğal olunmuş ərazilərlə bağlı məsələnin öz həllini tapması, suverenliyimizin tam təmin olunması ilə əlaqədar olaraq ictimai fikirdə müzakirə olunmağa başladı. Müxtəlif dövrlərdə, müxtəlif vaxtlarda və müxtəlif formalarda bu məsələ gündəmə gətirilib.

Mənim bu məsələ ilə bağlı hər zaman konkret mövqeyim olub. Məsələ burasındadır ki, Azərbaycanla Gürcüstan Qafqazda yerləşsə də, özünəməxsus və spesifik xüsusiyyətlərə malik ölkələrdir".

Ramil Məmmədli: Ərazilərin hərbi sursatlardan təmizlənməsi prosesini  sürətləndirmək üçün dəqiq mina xəritəsinə ehtiyac var - AZƏRTAC

Ramil Məmmədli xidmət müddətinin azaldılmasının mümkün olduğunu düşünür və ödəniş mexanizminin də müəyyən kvotalar əsasında tətbiq edilə biləcəyini bildirib:

"Hesab edirəm ki, hərbi xidmətlə bağlı məsələ ümumiyyətlə kasta sistemi ilə tətbiq olunmamalıdır. Yəni ali təhsili olmayan şəxs 1 il 8 ay, ali təhsili olan şəxs isə 1 il, yəni 12 ay müddətində həqiqi hərbi xidmət keçməlidir kimi yanaşmaya birdəfəlik aydınlıq gətirilməli və konkret xidmət müddəti müəyyənləşdirilməlidir.

Həmin müddət çərçivəsində müəyyən ödəniş mexanizmi də tətbiq oluna bilər. Məsələn, 6 ay xidmət etməli olan şəxs bunun 3 ayının ödənişini həyata keçirir, qalan 3 ayını isə özü xidmət edir. Bu da kvota şəklində həyata keçirilməli, qoşun növlərindən asılı olaraq fərqləndirilməlidir. Məsələn, Müdafiə Nazirliyində, Daxili Qoşunlarda, Dövlət Sərhəd Xidmətinin bölmələrində bu mexanizm fərqli formada tətbiq oluna bilər.

Ümumilikdə isə hesab edirəm ki, həqiqi hərbi xidmətin müddəti ilə bağlı məsələyə yenidən baxılmalı və müddət azaldılmalıdır".

Ekspert əsgərlərin yaşayış yerinə yaxın hərbi hissələrdə xidmət keçməsi təklifinə isə ehtiyatla yanaşır. O hesab edir ki, bəzi rayonlarda çağırışçıların sayı hərbi hissələrin tam komplektləşdirilməsi üçün kifayət etməyə bilər:

"Əsgərlərin yaşayış yerinə yaxın ərazilərdə xidmət keçməsi məsələsinə gəlincə, bunun bir qədər doğru olmayan yanaşma olduğunu düşünürəm. Məsələn, elə yaşayış məntəqələrimiz, elə rayonlarımız var ki, orada əhalinin sayı çağırışçıların sayından belə azdır. Tutaq ki, Daşkəsəndəki hərbi hissənin tam komplektləşdirilməsi üçün kifayət qədər hərbi qulluqçunun orada xidmət aparması təmin olunmalıdır. Yerli əhalinin və çağırışçıların sayı buna imkan vermir. Bu baxımdan, hərbi qulluqçuların mütləq şəkildə öz yaşayış yerinə yaxın xidmət keçməsi real görünmür.

Aylıq məvacib verilməsi məsələsinə gəldikdə isə, simvolik də olsa, əsgərlərə müəyyən qədər aylıq ödəniş edilir. Bu vəsait onların gündəlik, cari tələbatlarının – məsələn, sabun, diş pastası, ayaqqabı mazı və digər xırda ehtiyaclarının qarşılanmasına sərf olunur".

Ramil Məmmədli həftəsonu əsgərlərin evə buraxılması təklifini məqsədəuyğun hesab etmədiyini qeyd edib:

"Əsgər, yəni hərbi qulluqçu xidmətini hərbi hissədə davamlı şəkildə aparmalıdır ki, bu xidmət effektiv olsun. Hər dəfə evə gedib-gəlmək prosesi müəyyən qədər poza və ümumiyyətlə, hazırlıq prosesinə mənfi təsir göstərə bilər. Əsgər öz hərbi hissəsində xidmətini davam etdirməlidir.

Söhbət peşəkar ordudan gedir. Sadalanan məsələlər daha çox peşəkar ordu formatı ilə bağlıdır. Azərbaycan Silahlı Qüvvələrinin peşəkar hərbi qulluqçularla təmin olunması və komplektləşdirilməsi istiqamətində uzun müddətdir proses gedir. 2014-cü ildən sonra bu proses bir qədər də sürətlənib.

Ordunun bəzi birləşmələrində manqa komandirləri, maşın komandirləri və digər vəzifələrdə müddətdən artıq həqiqi hərbi xidmət keçən şəxslər – MAXE-lər xidmət edir. Onlar kifayət qədər aylıq məvacib alırlar. Təbii ki, bu ödənişlərin artırılması daha məqsədəuyğun olardı. Amma hazırda da onların əməkhaqqı mövcuddur.

Bir sözlə, region risklər bölgəsidir və burada hər zaman təhlükəli çağırışlar mövcuddur. Bu baxımdan, ordu hər zaman xidmətdə və sırada olmalıdır".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR