İnsanlara hürriyət, millətlərə istiqlal!

Həll yolunu Günəşdə tapdılar - Fəlakətlə üzləşdilər

Elektrik böhranının dərinləşdiyi Kubada enerji çatışmazlığını azaltmaq üçün günəş enerjisinə böyük sərmayə qoyulub. Çin başda olmaqla müxtəlif ölkələrin dəstəyi ilə son iki ildə ölkədə 59 yeni günəş elektrik stansiyası istifadəyə verilib. Lakin yeni layihələrə baxmayaraq, Kubada elektrik kəsintiləri hələ də davam edir.

Musavat.com xəbər verir ki, son iki ildə 41 orta və 18 kiçik günəş elektrik stansiyasının tikildiyi bildirilir. Layihələr tam gücü ilə işlədikdə ümumilikdə təxminən 1 000 meqavat elektrik istehsal edə bilər. Bu isə ölkənin pik vaxtlarda təxminən 3 200 meqavat olan tələbatının üçdə birinə bərabərdir. Günəş enerjisinin ümumi elektrik istehsalındakı payı da 3 faizdən 10 faizə yüksəlib.

Günəş enerjisi gücünün beş dəfə artırılmasına baxmayaraq, ölkənin enerji sistemində ciddi problemlər qalmaqdadır. Yanacaq çatışmazlığı termik elektrik stansiyalarının fəaliyyətini məhdudlaşdırır. Köhnəlmiş elektrik şəbəkəsində itkilər də yüksəkdir.

Digər mühüm problem isə enerji saxlama sistemlərinin kifayət qədər olmamasıdır. Günəş enerjisi günün yalnız müəyyən saatlarında istehsal edildiyi üçün artıq enerjinin batareyalarda toplanması və ehtiyac yarandıqda şəbəkəyə ötürülməsi vacibdir. Kubada isə mövcud batareya tutumu bu ehtiyacı tam qarşılamağa yetmir.

Çinin Kuba üçün əsas avadanlıq təchizatçılarından biri olduğu bildirilir. Pekinin günəş enerjisi avadanlıqları üzrə Kubaya ixracının 2023-cü ildəki 3 milyon dollardan 2025-ci ildə 117 milyon dollara yüksəldiyi qeyd olunur.

Bütün bu yatırımlara baxmayaraq, 10 milyon əhalisi olan Kubada bu il ən azı altı dəfə ölkə miqyasında elektrik kəsintisi yaşanıb. Bəzi bölgələrdə fasilələrin günlərlə davam etdiyi bildirilir.

Mütəxəssislərin fikrincə, günəş elektrik stansiyaları böhranın daha da ağırlaşmasının qarşısını almağa kömək edir. Lakin köhnəlmiş elektrik şəbəkəsi, yanacaq çatışmazlığı və enerji saxlama problemləri həll edilmədiyi müddətdə Kubada elektrik kəsintilərinin tamamilə aradan qalxması çətin görünür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR