Onlayn ictimai-siyasi qəzet
İslandiyada Avropa Birliyinə üzvlük danışıqlarının yenidən başlanması ilə bağlı keçirilən referendum Brüssel üçün gözlənilməz nəticə ilə yekunlaşıb.
Musavat.com xəbər verir ki, ölkə əhalisinin 52,8 faizi danışıqların bərpasına qarşı, 47,2 faizi isə lehinə səs verib.
Referendumda seçici fəallığı 82,5 faiz təşkil edib. Beləliklə, hökumətin Avropa Birliyinə üzvlük istiqamətində danışıqları yenidən başlatmaq planı xalq tərəfindən rədd edilib. Qeyd edək ki, səsvermə birbaşa Aİ-yə üzvlüklə bağlı deyildi: “hə” cavabı danışıqların başlanmasına imkan verəcək, yekun üzvlük razılaşması isə daha sonra ayrıca referenduma çıxarılacaqdı.
Referendumun taleyini müəyyənləşdirən əsas məsələlərdən biri balıqçılıq olub. İslandiyada balıqçılıq təkcə iqtisadi sahə deyil, həm də milli suverenliyin mühüm elementi hesab edilir. Balıqçılıq sektoru birbaşa və dolayı şəkildə ölkə iqtisadiyyatının təxminən 15 faizini, ixrac gəlirlərinin isə 40 faizə yaxın hissəsini təşkil edir.
Aİ-yə üzvlüyün əleyhdarları Brüsselin ümumi balıqçılıq siyasətinin İslandiyanın zəngin balıq ehtiyatları və kvotaları üzərində müstəqil nəzarətinə təhlükə yarada biləcəyini bildirirdilər. Balıqçılıq sektorundakı şirkətlərin təxminən 90 faizinin Aİ-yə üzvlüyə qarşı olduğu bildirilir.
Referendumda təhlükəsizlik məsələsi də ciddi müzakirə olunub. ABŞ Prezidenti Donald Trampın qonşu Qrenlandiya ilə bağlı açıqlamaları fonunda Aİ tərəfdarları İslandiyanın böyük Avropa ittifaqının daxilində daha təhlükəsiz olacağını müdafiə edirdilər. Buna baxmayaraq, seçicilərin çoxluğu ölkənin mövcud statusunu qorumasına üstünlük verib.
İslandiya Avropa Birliyinin üzvü olmasa da, Avropa İqtisadi Məkanına və Şengen zonasına daxildir, həmçinin NATO üzvüdür. Bu səbəbdən Aİ əleyhdarları ölkənin tam üzvlük olmadan da Avropa ilə sıx iqtisadi və siyasi əlaqələrdən faydalandığını əsas arqumentlərdən biri kimi göstəriblər.
İslandiya ilk dəfə 2009-cu ildə Aİ-yə üzvlük üçün müraciət etmiş, sonradan danışıqlar dayandırılmışdı. Yeni referendumun nəticəsi ilə üzvlük danışıqlarının bərpası məsələsi yenidən gündəmdən çıxıb.
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ