Onlayn ictimai-siyasi qəzet
Fevralın 1-də Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Anil Çauhanın İrəvan səfəri təsadüfi deyil. Daha maraqlısı isə generalın 7 gün Ermənistan paytaxtında olmasıdır.
Ermənistanın müdafiə naziri Suren Papikyanın açıqlaması səfərin əsl mahiyyətini açır: Çauhana Ermənistan və Hindistanda istehsal olunan silah nümunələri nümayiş etdirilib.
Görəsən, sülh istədiyini iddia edən Ermənistan niyə xarici ölkənin baş qərargah rəisinə silah nümayiş etdirir? Hindistan bu hərbi yaxınlaşma ilə Cənubi Qafqazda nəyi hədəfləyir?

Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a deyib ki, hərbi praktikada baş qərargah rəisinin səfərləri adətən 1–2 gün çəkir: “Rəsmi görüşlər, hərbi obyektlərə baxış, protokol açıqlamaları vəssalam. 7 günlük səfər isə artıq operativ-hərbi səviyyə deməkdir. Bu müddətdə silah müqavilələrinin texniki detalları, yerləşdirmə və tətbiq ssenariləri, təlim və məsləhətçi mexanizmləri, mümkün hərbi eskalasiyalara dair masaüstü planlar müzakirə olunur. Başqa sözlə, bu, sadəcə diplomatik jest deyil, hərbi hazırlıq mərhələsidir”.
Ekspert Hindistanın Ermənistana bu qədər önəm verməsinin səbəbinə də toxunub: “Məsələnin kökü qlobal geosiyasətdədir. Birincisi, Pakistan faktoru var. Azərbaycanla Pakistan arasında strateji müttəfiqlik Hindistan üçün ciddi narahatlıq mənbəyidir. Dehli bu balansı Cənubi Qafqazda Ermənistan üzərindən “kompensasiya” etməyə çalışır. Bundan başqa Türkiyə amili də var. Türkiyə-Azərbaycan tandemi regionda gücləndikcə Hindistan bunu öz maraqlarına zidd ox kimi qiymətləndirir. Bu oxun qarşısına çıxarılan “alət” isə Ermənistandır. Hindistan üçün Ermənistan silah bazarıdır, geopolitik dayaq nöqtəsidir, Rusiya-Qərb arasında sıxışmış ölkə üzərindən bölgəyə daxil olmaq fürsətidir.
Ermənistan hakimiyyəti beynəlxalq tribunlardan sülh çağırışları edir. Amma reallıqda silah alışını artırır, yeni tərəfdaşlar cəlb edir, hərbi doktrinasını yeniləyir. Papikyanın “silah nümunələri nümayiş etdirilib” deməsi açıq mesajdır: Ermənistan müharibədən sonrakı reallıqla barışmayıb, revanşist psixologiyanı diri saxlayır”.
Hərbi ekspertlərin fikrincə, Hindistandan alınan silahlar daha çox hücum silahlarıdır: “Ermənistanın Hindistandan aldığı sistemlər – “Pinaka” raket qurğuları, “Akash” HHM kompleksləri, pilotsuz və radioelektron mübarizə vasitələri müdafiə yox, aktiv döyüş tətbiqi üçün nəzərdə tutulub. Anil Çauhanın İrəvanda uzunmüddətli qalması göstərir ki, Hindistan Ermənistanda təkcə silah satmaqla kifayətlənmək istəmir. Hindistnalı hərbi məsləhətçilərin Ermənistana yerləşdirilməsi, təlimlərin keçirilməsi, Azərbaycan Silahlı Qüvvələrinə qarşı mümkün ssenarilərin işlənməsi gündəmdədir. Bu isə regionda yeni risklər yaradır”.
Hərbi ekspert hindli generalın İrəvana 1 həftəlik səfərini birbaşa Bakıya ünvanlanmış mesaj sayır: “Ermənistan arxasında “qlobal oyunçu” göstərməyə çalışır. Sülh prosesində vaxt udmaq niyyəti açıq görünür, hərbi balansı dəyişmək cəhdləri davam edir. Amma reallıq dəyişməz qalır. 2020 və 2023-cü illərin hərbi-siyasi nəticələri geri çevrilməzdir. Xarici silahlanma Ermənistanı yalnız daha təhlükəli oyunlara sürükləyə bilər. Anil Çauhanın 7 günlük İrəvan səfəri sülhə yox, yeni hərbi konfiqurasiyaya xidmət edir. Ermənistan isə bir daha sübut edir ki, sülh ritorikası ilə real siyasəti arasında dərin uçurum var. Bu proses Azərbaycan tərəfindən soyuqqanlı, amma prinsipial şəkildə izlənilməli, diplomatik və hərbi müstəvidə adekvat cavablarla balans qorunmalıdır”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ