Onlayn ictimai-siyasi qəzet
Son illərdə iqlim dəyişikliyi ilə mübarizə istiqamətində aparılan danışıqların mürəkkəbləşməsi dövlətlər arasında etimadın və konsensusun əhəmiyyətini daha da artırıb. Emissiyaların azaldılması, enerji keçidi və bütövlükdə iqlim maliyyəsi kimi qlobal məsələlərin həlli mövqelərin uzlaşdırılmasını tələb edir. Üstəlik, gündəlikdə inkişaf etməkdə olan ölkələrin maraqlarının qorunması kimi həssas məqam da var. Belə bir şəraitdə rəsmi prosedurlardan kənar müzakirələr tərəflərin bir-birinin prioritetlərini daha yaxşı anlamasına, kompromis imkanlarının genişləndirilməsinə və gələcək danışıqlar üçün daha əlverişli zəmin formalaşdırmasına xidmət edir. COP təqvimində xüsusi yer tutan Şamaxı danışıqları bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
İyulun 22-23-də Şamaxı şəhərində Azərbaycanın təşkilatçılığı və ev sahibliyi, eləcə də COP31-ə sədrlik edən Türkiyə və Avstraliya ilə əməkdaşlıq əsasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) danışıqlar qruplarının sədrlərinin və UNFCCC-yə tərəf olan bir sıra dövlətlərin nümayəndə heyətləri rəhbərlərinin iştirakı ilə növbəti qeyri-rəsmi Şamaxı Toplantısı keçirilib.
Artıq ənənəyə çevilən və üçüncü dəfədir keçirilən Şamaxı toplantısı Azərbaycanın COP29 Sədrliyinin davamlı irslərindən biridir. Budəfəki toplantıda nazir, nazir müavini, dövlət başçılarının iqlim məsələləri üzrə nümayəndələri, UNFCCC-nin danışıqlar qrupları və Tərəf dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri və digər yüksək səviyyəli rəsmilər səviyyəsində təmsil olunmaqla, 34 ölkədən 70-dən çox nümayəndə iştirak edib.

Musavat.com-un əldə etdiyi məlumata görə, Şamaxı toplantısında COP prosesində iştirak edən bütün danışıqlar qruplarının rəhbərləri olan ölkələr, eləcə də iqlim danışıqlarında xüsusi fəallığı ilə seçilən inkişaf etmiş dövlətlər-Avstraliya, Almaniya, İtaliya, İsveç, İsveçrə, Avropa İttifaqının İrlandiya sədrliyi də iştirak edib və müzakirələrə töhfə veriblər.
Ümumiyyətlə, Şamaxıda 3-cü ildir ard-arda toplantının keçirilməsi Azərbaycanın COP29 sədrliyinin qalıcı miraslarından birinin qorunub saxlanması ilə yanaşı, qlobal iqlim fəaliyyəti üçün daha vacib bir məsələdən xəbər verir. 30 ildir keçirilən COP-ların illik təqvimində daimi yer əldə edə bilən çox az sayda tədbir var. Ənənəvi olaraq, hər il keçirilən COP-lara hazırlıq fevral ayında Tokioda baş iqlim danışıqçılarının iştirakı ilə keçirilən “Yaponiya-Braziliya Dialoqu” ilə başlayır. Ardınca aprel-may aylarında nazirlər səviyyəsində Berlində keçirilən “Petersberq İqlim Dialoqu” və “Kopenhagen Nazirlər Görüşü” təşkil olunur. İyun ayında isə Bonnda Mini COP adlandırılan UNFCCC-nin Yardımçı Orqanlarının yay sessiyaları baş tutur. Bonn Konfransından dərhal sonra isə adətən Avropa İttifaqı, Çin və Kanadanın rotasiya əsasında birgə təşkil etdiyi “İqlim Fəaliyyəti üzrə Nazirlər Toplantısı” (MOCA) keçirilir. Bu xüsusda, qürurverici haldır ki, artıq Şamaxı şəhəri COP təqvimində xüsusi yer tutmağa başlayıb və Bonn sessiyası ilə Pre-COP arasındakı dövrdə iqlim danışıqları təqvimində yaranan boşluğu dolduran mühüm platforma kimi formalaşıb.

Danışıqların “retreat” formatında keçirilməsi iqlim diplomatiyasının dəyişən təbiətini və müasir çağırışlara uyğun yeni yanaşmaların formalaşdığını göstərən mühüm təşəbbüslərdən biridir çünki qlobal iqlim gündəliyində irəliləyiş yalnız rəsmi danışıqlar masasında deyil, həm də qarşılıqlı etimadın qurulduğu, açıq dialoqun təşviq edildiyi qeyri-rəsmi platformalarda mümkün olur. Məhz bu baxımdan Şamaxı toplantısı klassik diplomatik görüş formatından fərqlənərək tərəflər arasında daha səmimi fikir mübadiləsinə şərait yaradan nümunə kimi qiymətləndirilə bilər. Bu yanaşma onu göstərir ki, beynəlxalq iqlim diplomatiyasında uğur yalnız yekun qərarların qəbulu ilə deyil, həmin qərarlara aparan siyasi və diplomatik atmosferin yaradılması ilə də ölçülür. Etimadın gücləndirilməsi gələcək danışıqların daha məhsuldar keçməsinə, fikir ayrılıqlarının konstruktiv şəkildə həllinə və ümumi məqsədlər ətrafında yaxınlaşmanın sürətlənməsinə imkan yaradır.
Eyni zamanda, bu təşəbbüs Azərbaycanın beynəlxalq diplomatiyada artan rolunu da nümayiş etdirir. COP29-a ev sahibliyi etməklə yanaşı, ölkənin dialoqu təşviq edən platformalar yaratması onun qlobal problemlərin həllinə töhfə vermək niyyətini ortaya qoyur. Bu, Azərbaycanın yalnız təşkilatçı kimi deyil, müxtəlif mövqelər arasında körpü rolunu oynayan etibarlı tərəfdaş kimi qəbul edilməsinə də xidmət edir. Onu da xatırladaq ki, COP30-da Azərbaycana iqlim gündəliyinin prioritet istiqamətlərinin irəlilədilməsi məqsədilə ikinci dəfə Troika mandatı verilib. Bu da Azərbaycanın artan beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. COP sədrliyini başa vurmuş dövlətə yenidən belə mühüm mandatın verilməsi beynəlxalq ictimaiyyətin Azərbaycanın liderliyinə və vasitəçilik potensialına yüksək etimadını bir daha təsdiq edir. Beləliklə, beynəlxalq tədbirlərin əsl dəyəri onların yalnız keçirildiyi dövrlə məhdudlaşmaması, uzunmüddətli institusional və diplomatik platformalara çevrilməsidir. Əgər belə görüşlər gələcək illərdə də davam etdirilərsə, bu, qlobal iqlim danışıqlarında etimadın möhkəmləndirilməsi və çoxtərəfli əməkdaşlığın inkişafı baxımından uğurların əldə olunmasına ciddi töhfə verə bilər.
Qeyd edək ki, Azərbaycan sentyabrın 7-11-də UNFCCC-nin ikinci “İqlim Həftəsi”nə ev sahibliyi edəcək. Bu çərçivədə 40-dan çox tədbirin keçirilməsi planlaşdırılır. İştirakçıların sayı və tədbirlərin miqyasına görə UNFCCC-nin “İqlim Həftəsi” COP və UNFCCC Yardımçı Orqanlarının yay sessiyasından sonra təşkil olunan ən böyük beynəlxalq iqlim tədbirlərindən biri hesab olunur.
Nigar Həsənli
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ