Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Arsenio Dominqes Fars körfəzində yaranmış kritik vəziyyətlə bağlı dünya birliyinə təcili xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, Panamadakı çıxışı zamanı baş katib İranın Hörmüz boğazında tətbiq etdiyi blokada nəticəsində təxminən 1500 gəminin və 20 mindən çox heyət üzvünün dənizdə mühasirədə qaldığını bəyan edib.
Dominqes vurğulayıb ki, qlobal istehlak məhsullarının 80 faizindən çoxu dəniz daşımaları vasitəsilə təmin edilir və bu cür genişmiqyaslı blokada dünya iqtisadiyyatı üçün fəlakətli nəticələr doğura bilər. Hazırda 1500-dən çox ticarət gəmisi, neft tankerləri və konteyner daşıyıcıları boğazdan keçmək üçün SEPAH-ın icazəsini gözləyir ki, bu da beynəlxalq logistika zəncirini tamamilə iflic edib.
Təşkilat rəhbəri minlərlə dənizçinin taleyindən ciddi narahatlıq ifadə edərək, tərəfləri naviqasiya azadlığını bərpa etməyə və mülki dənizçiliyi hərbi-siyasi münaqişələrdən kənar tutmağa çağırıb.
Qeyd olunur ki, Hörmüz boğazındakı bu gərginlik yanacaq və qida məhsullarının qiymətində kəskin artıma səbəb ola bilər. Blokada davam edərsə, bir çox ölkələrdə təchizat böhranının qaçılmaz olduğu bildirilir. Hazırda beynəlxalq diplomatik kanallar vasitəsilə dənizçilərin təhlükəsiz təxliyəsi və gəmilərin hərəkətinin bərpası üçün intensiv müzakirələr aparılır. Lakin İran tərəfinin boğazdakı nəzarəti daha da sərtləşdirməsi problemin həllini mürəkkəbləşdirir.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ