İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Zəngəzur dəhlizi ilə bağlı zəmanət istəyi - absurd

İranın şimal sərhədi boyunca öz rəqiblərinin və düşmənlərinin mövcudluğundan narahat olması tamamilə təbiidir. Musavat.com-un məlumatına görə, bunu Tehranın Qərbi Zəngəzurda (Sünik) yaradılan Tramp marşrutu (TRIPP) ilə bağlı narahatlığını və bunun motivlərini şərh edən İranın Tehranda fəaliyyət göstərən Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş direktoru, uzun illər İran Xarici İşlər Nazirliyində çalışmış iranlı ekspert Əlirza Xoda Qolipur NEWS.am-ın “Güc faktoru” proqramının efirində bildirib.

Onun sözlərinə görə, İran rəhbərliyi TRIPP-in arxasında ölkənin təhlükəsizliyi üçün təhdid yaradan daha geniş məqsədlərin dayandığını görür. “Əgər onlar səmimidirlərsə və bu layihəni regionda sabitliyin, rifahın və inkişafın təmin edilməsi, region ölkələrinin problemlərinin həlli kimi müsbət məqsədlərlə həyata keçirmək istəyirlərsə, biz bunu alqışlayırıq. Lakin onların real niyyətlərinin məhz belə olduğuna şübhə edirəm. ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi təcavüzdən sonra İranda təhdidlərin qavranılması dəyişib və təhlükəsizlik sahəsində narahatlıqlarımız daha da dərinləşib. Buna görə də İranın öz sərhədləri yaxınlığında rəqiblərinin və düşmənlərinin mövcudluğundan narahat olması tamamilə təbiidir. İran bunu qəbul edə və buna dözə bilməz. İranın təhlükəsizliyini təhdid edəcək hər hansı bir hadisə baş verərsə, biz bunu cavabsız qoymayacağıq”, – deyə iranlı ekspert bildirib.

İranın narahatlığının nə üçün hələ də aradan qalxmadığı, Ermənistan hökumətinin TRIPP-i həyata keçiriləcəyi təqdirdə İrana heç bir təhlükə yaranmayacağını dəfələrlə bəyan etdiyi halda bunun səbəbinin nə olduğu barədə suala Qolipur vurğulayıb ki, onlara sadəcə şifahi təminatlar deyil, konkret zəmanətlər lazımdır.

“Bizə zəmanətlər lazımdır. Sizin də qeyd etdiyiniz kimi, Ermənistan hökuməti hər zaman İran tərəfini əmin edib ki, üçüncü tərəflərin öz ərazisindən İrana və ya regionun hər hansı digər ölkəsinə qarşı istifadə etməsinə imkan verməyəcək. Bu, tamamilə təbiidir və biz buna görə çox minnətdarıq. Lakin bunun əsasında zəmanətlər dayanmalıdır”, – deyə o bildirib.

Qolipur vurğulayıb ki, nə baş verməsindən asılı olmayaraq, İran regionun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsini qəbul etməyəcək.

“İran İranla Ermənistan arasında əlaqənin bloklanmasını, dəyişdirilməsini və ya kəsilməsini qəbul etməyəcək. Mən Ermənistanla olan 44 kilometrlik sərhədimizi nəzərdə tuturam. İran öz tranzit əhəmiyyətinə zərər vurulmasına imkan verməyəcək”, – deyə Qolipur vurğulayıb.

Göründüyü kimi, Azərbaycan dövlətinin regional əməkdaşlığa istiqamətlənmiş israrlı mövqeyinə, hətta Ermənistan rəhbərliyinin TRİPP marşrutundan bölgə dövlətlərinə, o cümlədən İrana hər hansı zərər dəyməyəcəyini dəfələrlə bəyan etməsinə baxmayaraq, İrandakı yersiz narahatlıqlar və iddialara son qoyulmur. Bu günlərdə İranın Tehrandakı səfiri Xəlil Şirqolami də bənzər ritorikadan çıxış etmişdi. İranlı ekspertin zəmanət istəyi də olduqca yersiz və mənasız iddiadır. Beynəlxalq hüquq və dövlətlərarası anlaşmalardan artıq nə zəmanət ola bilər?..

Elşad,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR