İnsanlara hürriyət, millətlərə istiqlal!

İstiqraz bazarı 10 milyardı keçdi – əhali üçün fürsət

Azərbaycanda səhm bazarında yüksək konsentrasiya diqqət çəkir. Bakı Fond Birjasının məlumatına görə, listinqdə olan səhmlərin ümumi bazar kapitallaşmasının 99 faizini maliyyə qurumları təşkil edir.

Daha diqqətçəkən məqam isə ondan ibarətdir ki, bazarda cəmi 8 qurum ümumi bazar dəyərinin təxminən 91 faizinə sahibdir.

Bu rəqəmlər Azərbaycanda fond bazarının strukturunu, şirkətlərin səhm bazarına marağını və investorların seçim imkanlarını yenidən gündəmə gətirir. Dünyada şirkətlərin maliyyə cəlb etmək üçün istifadə etdiyi əsas mexanizmlərdən biri olan səhm bazarı Azərbaycanda niyə genişlənə bilmir?

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov Musavat.com-a deyib ki, Azərbaycanda səhm bazarının zəifliyi təkcə birjanın problemi deyil, iqtisadiyyatın özünün nə qədər dayaz qurulduğunu göstərən indikatorlardan biridir: “Bakı Fond Birjasının açıqladığı rəqəmlərə görə, listinqdə olan səhmlərin ümumi bazar kapitallaşmasının 99 faizi maliyyə qurumlarının payına düşür, cəmi 8 qurum isə bazar dəyərinin təxminən 91 faizini formalaşdırır. Belə strukturda söhbət geniş və rəqabətli kapital bazarından yox, məhdud sayda maliyyə institutunun üstünlük təşkil etdiyi bazardan gedir. Birjanın işləməsi üçün ilk növbədə birjada maliyyələşməyə ehtiyacı olan real biznes olmalıdır. Azərbaycanda əsas problem məhz buradadır. İqtisadiyyatın böyük hissəsi hələ də dövlət sifarişləri, büdcə xərcləri, bank kreditləri, müxtəlif güzəştlər və inzibati mexanizmlər ətrafında formalaşır. Özəl sektorun uzunmüddətli kapital bazarına çıxışı zəifdirsə, şirkətin səhm buraxaraq minlərlə investordan vəsait toplamasına da ciddi iqtisadi stimul yaranmır”.

WhatsApp Image 2026-09-23 at 14.59.38.jpeg (27 KB)

İqtisadçı qeyd edib ki, səhm bazarı iqtisadiyyatın güzgüsüdür: “İqtisadiyyatda çoxsaylı rəqabətli, şəffaf, sürətlə böyüyən və investor üçün cəlbedici şirkətlər yaranmırsa, birjada da qiymətli kağızların çeşidinin genişlənməsini gözləmək çətindir. Birjanı inzibati qərarlarla böyütmək mümkün deyil. Bunun üçün real biznes, real rəqabət, real mənfəət və real investor tələbi lazımdır. Digər problem şirkətlərin birjaya çıxmaq üçün çəkdiyi xərc və öhdəliklərlə bağlıdır. Şəffaf maliyyə hesabatları, korporativ idarəetmə, müstəqil audit, məlumatların açıqlanması və səhmdar hüquqlarının qorunması şirkət üçün əlavə məsuliyyət yaradır. Əgər şirkət bunun müqabilində daha ucuz və uzunmüddətli kapital əldə edə bilmirsə, niyə birjaya çıxsın? Deməli, məsələni yalnız şirkətlərin “maraqsızlığı” ilə izah etmək düzgün deyil; kapital bazarının özü biznes üçün iqtisadi üstünlük yaratmalıdır. İnvestor tərəfdə də eyni problem mövcuddur. İnvestor pulunu yerləşdirmək üçün çoxsaylı sektorlar, müxtəlif şirkətlər, kifayət qədər likvidlik və şəffaf qiymət formalaşması görməlidir. Bazarın kapitalizasiyasının 91 faizinin cəmi 8 qurumun payına düşməsi isə diversifikasiya imkanlarının nə qədər məhdud olduğunu göstərir. Seçim azaldıqca investorun marağı da zəifləyir, investor azaldıqca şirkətlərin birjaya çıxmaq həvəsi aşağı düşür və nəticədə bazar öz daxilində qapalı dövrə düşür”.

Asif İbrahimova görə, bu vəziyyətdən çıxış üçün əsas hədəf sadəcə birjanın göstəricilərini böyütmək yox, iqtisadiyyatın özünü kapital bazarı üçün uyğun hala gətirməkdir: “Özəl şirkətlərin institusional inkişafı, korporativ idarəetmənin gücləndirilməsi, hesabatlılığın artırılması, listinq xərclərinin optimallaşdırılması, institusional investorların bazara cəlb edilməsi və uzunmüddətli investisiya mədəniyyətinin formalaşdırılması paralel aparılmalıdır. Əks halda birjanı inkişaf etdirmək cəhdləri iqtisadiyyatın nəticəsini dəyişmədən onun vitrininə kosmetik müdaxilə etməkdən o tərəfə keçməyəcək. Birjanın zəifliyi əslində daha böyük problemin siqnalıdır: iqtisadiyyat kapital bazarının daşıya biləcəyi qədər geniş, şaxələndirilmiş və rəqabətli biznes ekosistemi yarada bilmir”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR